Siyasət

  • 2 954

Yeni Azərbaycan Partiyası – Müzəffər Liderlə yeni zəfərlərə doğru

image

Azərbaycan tarixi bir məkan olaraq dünya ictimaiyyətinin hər zaman gözü önündə olmuşdur. Bu ölkənin qədim dövlətçilik ənənələri, tükənməz təbii sətvətləri, qüdrətli oğulları onu həmişə regionda və dünyada seçilən, sayılan dövlətlər sırasına çıxarmışdır.Bir xalq olaraq Azərbaycan xalqı dövlət qurmağı bacarmış, tarixin hər anında silinməz izlər buraxmışdır. Ata-babalarından miras qalan dövlət, dövlətçilik ideyaları qüdrətli hökmüdarlarımız tərəfindən yaşadılmış, inkişaf etdirilmişdi.Ulu babalarımız Hun imperatorluğundan, Bilgə Xaqan, Mete, Atilla kimi bahadırlardan üzü bu yana bir cəngavərlik tarixi yaşamışlar ki, onların şərəfli yolu da örnək olaraq həmişə diqqətdə saxlanılmışdır.XII əsrin qədim Eldəgizlər-Atabəylər sülaləsi, XV əsr Səfəvilər, Qızılbaşlar, Avşarlar, orta çağ Ziyadxan oğulları, Qacarlar sülaləsinin qüdrəti və şöhrəti bu günümüzədək gəlib çatmışdır. Qüdrətli ölkə kimi, xalqın birliyi, ordusu və güclü siyasəti baxımından tarixin sınağından Azərbaycan hər zaman qalib çıxmış, müəyyən tənəzzüllər, uğursuzluqlar olsa da, yenə öz varlığını qoruyub saxlaya bilmişdir.Xalqın taleyini düşünən hökmüdarlar ölkəni böhrandan çıxara biləcək gücə və qüvvətə malik olublar. Azərbaycanda Ağvan hökmüdarı Cavanşir kimi, Eldəgizlər Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan kimi, Səfəvi hökmüdarı Şah İsmayıl Xətai kimi, Gəncə hökmüdarı Cavad xan kimi qəhrəmanların şöhrəti bu günümüzə qədər gəlib çatmışdır.Qüdrətli tarixə malik ölkəmiz, nəcib xalqımız bəzən xarici işğalçılar, daxili satqınlar, dönüklər hesabına varlığını, ərazilərini, əmin-amanlığını, suverenliyini itirsələr də mənəviyyatını, ruhunu, əxlaqını, tarixini və mədəniyyətini qoruyub saxlaya bilmişdir.İki yüz il çar Rusiyasının köləsi olan bir xalq dünyada ilk dəfə Müstəqil Azərbaycan Cümhuriyyəti yarada bildi. Öz dövlətini, bayrağını, gerbini, ordusunu, himnini, yaratdı. Azad, xoşbəxt ölkəsinə, vətəndaşına sahib çıxa bildi! Lakin xarici və daxili düşmənlərimiz onu çox yaşamağa qoymadılar.XX əsr tarixə hər nə qədər çətin, qarmaqarışıq bir dövr kimi daxil olsa da, Azərbaycan xalqına ulu öndər, ümummilli lider Heydər Əliyev tək görkəmli, tarixi bir şəxsiyyət bəxş elədi. Elə bir insan ki, şöhrəti cild-cild kitablara sığmadı! Elə bir düha ki, unudulmadı, sevgisi milyon-milyon ürəklərdə yuva qurdu, xalqın ruhunda əbədiləşdi!Bəli, o öz əməlləri, dahiliyi və tükənməz ideyaları ilə xalqın sınanmış oğlu oldu, müdrik lideri və dahi şəxsiyyəti kimi öz millətinin, xalqının tarixini, taleyini dəyişə bildi! Öz ətrafında insanları birləşdirdi və dünyada tanınan bir dövlətə sahib oldu! O, təlatümlər, böhranlar, qarşıdurma və qardaş qırğını təhlükəsindən xalqı çıxararaq yeni bir, mizan, yeni bir həyat tərzi, yeni bir Azərbaycan yaratdı! Bu xalqın səsi və iradəsini təmsil edən Yeni Azərbaycan Partiyasını yaratdı! Azərbaycanımızın yenidən parçalanma təhlükəsi önündə olduğu bir zamanda xalq öz lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev o partiyaya rəhbər seçildi!
Azərbaycan bu gün tarixi reallıqlar yaradır. Ulu Öndərin siyasi kursunun davamçısı, Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır. Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən Azərbaycan Prezidenti hamını, öz cəsarətinə, siyasi sayıqlığına heyran qoydu! Qüdrətli Prezident İlham Əliyev dünyanın beyin mərkəzlərinin nümayəndələrinə bildirdi ki, hər bir millətin ləyaqətli yaşamaq haqqı var və Azərbaycan xalqı da belə bir haqqa malikdir. Çünki öz müstəqilliyi, azadlığı və suverenliyi uğrunda ardıcıl mübarizə aparan bu xalq heç vaxt nə işğalla, nə zülmlə, nə də kimlərinsə ekspansionist siyasəti ilə razılaşmayacaqdır. Dövlətimizin başçısı, qüdrətli lider İlham Əliyevin: “Ən önəmli məsələ heç bir zaman işğalla razılaşmamaqdır. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər”- fikri bu günün ən böyük həqiqətidir. Otuz il ərzində torpaqları düşmən tapdağı altında qalan Azərbaycan bu vəzifənin də öhdəsindən qalibiyyətlə gələ bildi. Ona görə də bu gün regionda şərtləri Azərbaycan, onun Müzəffər Lideri İlham Əliyev diktə edir.Dövlətimizin başçısı açıq və aydın şəkildə bildirdi ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı 1918-ci ildən bəri bütün xəritələr təhlil ediləcək, Azərbaycandan zorla qoparılmış torpaqların bir qarışı belə güzəştə gedilməyəcək. Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bunun təkcə Azərbaycan üçün deyil, regionun, habelə Ermənistanın da yararına olacağını dəlillərlə sübut etdi. Bütün bunlar xalqını, onun gələcəyini düşünən regionda sülh carçısı missiyasını üzərinə götürən bir Liderin keçmişə qiyməti, gələcəyə baxışıdır. 17 il ərzində apardığı mübarizənin təməl prinsipləridir. Müharibə ritorikasından əl çəkməyən, revanşist qüvvələrə qadir bir rəhbərin mesajıdır. Əlbəttə, Azərbaycana bu yolda dogma qardaşı və ən yaxın müdafiəçisi olan Türkiyəyə, onun qüdrətli xalqına, cəsarətli Prezidentinə arxalanır.Azərbaycanın bu mübarizədə bir yolu var: haqq və ədalət. Torpaqlarımızdan “Dəmir yumruq” sayəsində çıxmaq zorunda qalan işğalçılar əraziləri minaladığından xeyli hərbiçi və mülki vətəndaşın yaralanmasına və həlak olmasına bais olmuşlar. Lakin dünya bu vəhşiliyə nəinki susmaqla qalır, həm də minalardan təmizləmə işində heç bir dəstək göstərmir. Bu da tarixin ironiyasıdır. Qondarma “erməni abidələrinin” qayğısını çəkən, onların dağıdılacağı əndişəsi ilə narahat olan UNESCO dağılmış məscidləri, kilsələri, çoxlu tarixi abidələri görməzdən gəlir və hətta bunu görməmək üçün min bir bəhanələrə əl atır. Avropanın bir çox ölkəsində, Amerikada güclü fəaliyyət göstərən erməni diasporu yenə də hər vəchlə sülh prosesinə əngəl törətməkdə davam edir. Çünki münaqişənin uzanması onların bir növ “çörək ağacı”dır. Lakin Azərbaycan dost və qardaş ölkələrin, əsasən də Türkiyənin göstərdiyi dəstək və öz potensialı ilə bu çətinliklərin də öhdəsindən gələcəkdir.Tarixi Şuşa Bəyannaməsinə və Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasına diqqət çəksək, bu sənədlərin imzalanması bizim strateji maraqlarımızın əsasını təşkil edir. Biz təkcə bu dövlətlərlə deyil, bütün region dövlətləri ilə müttəfiq və dost olmağa hazırıq. Kim bizim suverenliyimizə, müstəqil fəaliyyətimizə qarşı deyilsə, onunla hər bir formada əməkdaşlıq etmək, sülhə xidmət edən bütün layihələrdə yer almaq hədəfimizdir. Dövlətimizin başçısının dediyi kimi, “Sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir" fikirləri sübut edir ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Bu taktika bölgədə yeni bir eranın - sülh və əmin-amanlıq, inkişaf erasının təməli olacaqdır.Azərbaycan Silahlı Qüvvələrinin daxil olduğu Laçın şəhərinə Azərbaycan Prezidentinin sentyabrın 21-də səfər etdiyinə və şəhər mərkəzində dalğalanan Azərbaycan bayrağına diqqəti cəlb etmək istəyirəm.Azərbaycanın Ermənistan torpaqlarında müharibə aparması ilə bağlı iddialara cavab olaraq Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında sərhədlərin demarkasiyası həyata keçirilmədiyi üçün Azərbaycan heç bir dövlətin sərhədlərini pozmayıb: “Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir... Biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının-Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq... Bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.Ulu öndər yolunun davamçısı, Yeni Azərbaycan Partiyasının lideri olaraq Azərbaycan Prezidenti Ermənistanın istər Laçında, istərsə də Qarabağın digər rayonlarında vəhşiliklər törətdiyini, Laçında 1400-ə yaxın mina yerləşdirdiyini, müharibə başa çatdıqdan sonra da tarixi və dini abidələri dağıtdığını dəfələrlə yüksək kürsülərdən vurğulayıb. Ölkə Prezidenti Azərbaycanın Ermənistanla müharibə başa çatan kimi sülh müqaviləsi imzalamağı təklif etməsinə baxmayaraq, qarşı tərəfin nəinki sülh sazişini imzalamaqdan imtina etdiyini, hətta yeni təxribatlar törətdiyini qətiyyətlə pisləyir.Prezident İlham Əliyevin öz çıxışlarında BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu kimi beynəlxalq təşkilatların da fəaliyyətinə toxunaraq, Şuranın dörd qətnaməsini pozub, Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistana qarşı adıçəkilən qurumların heç bir sanksiya tətbiq etməməklə təcavüzkara dəstək verdiyini hər zaman vurğulamışdır. Onun çıxışlarında Laçında həyata keçirilən və qarşıda duran işlərdən danışılaraq qeyd edilir ki, yaxın vaxtlarda Laçında Qubadlı-Laçın dəmir yolunun tikintisinə başlanacaq. Murovdağdan Laçın şəhərinə qədər olan hissədə 12 tunelin tikintisi də həlli gözlənilən vəzifələr sırasındadır. Bütün bu yüksəlişdə əlbət ki, Yeni Azərbaycan Partiyasının lideri ilə yanaşı sıravi üzvüləri də fəal iştirak edirlər.Neçə ki, bir vaxtlar ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini imperiyanın ilhaqında olanda da, müstəqillik dövründə də, ümumiyyətlə, ən çətin məqamlarda da yaşada bilib, Yeni Azərbaycan Partiyası yaradıb, onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də ölkəni xarici irticadan qoruyur və məhv edilməyə qoymayır.Ulu Öndərin ən böyük arzusu Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi idi. İndi Ümummilli Liderin ruhu şaddır. Ulu Öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Qarabağın və ətraf rayonların işğaldan azad edilməsini təmin etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında Zəfər çaldı.Bu yolda bizə, əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi böyük təkan oldu. Bu xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər ki, Türkiyə və Azərbaycan bir yerdə inamla addımlarsa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Türkiyə Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”- deməsi xalqımıza əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.Bu yaxın günlərdə “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 120-ci kitabında dövlətimizin başçısı: “Vətən müharibəsi bizim şanlı tariximizdir!”- deyə bəyan edir.Bu cilddə Prezident olaraq, Yeni Azərbaycan Partiyasının lideri olaraq, İlham Əliyevin Türkmənistana səfəri, Aşqabadda keçirdiyi görüşlər haqqında informasiyalar, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışının mətni də daxil edilib.Prezident İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcər şəhərinin Baş planı ilə tanış olması, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyulması, komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışları verilib. Həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılış mərasimində iştirak etməsi, Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olması öz əksini tapıb. Prezidentin iştirakı ilə Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməli qoyulduğu anlar əbədiləşib. Dövlətimizin başçısının Laçın rayonunda “Qorçu” elektrik yarımstansiyasında, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri və “Həkəriçay” su anbarı layihəsi ilə tanışlığına dair xəbərlər 120-ci kitabda əksini tapıb.Oxucular bu kitabda Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışının, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda nitqinin, habelə “Azərbaycan–Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətinin mətnləri ilə də tanış ola bilərlər. Müraciətin mətni qısa və rəmzi olaraq Müstəqil Azərbaycanımızın bu günü və sabahı üçün nigaran və narahat olan böyük bir liderin-Müzəffər Ali Baş Komandanın İlham Əliyevin əzmi və iaradəsi, gələcəyə inamı, Ulu Önərin-Yeni Azərbaycan Partiyasının məramı, məqsədi deməkdir.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər