PDF Oxu

Sosial

  • 3 134

Zəlzələdə valideynlərini itirmiş uşaqlar Azərbaycanda himayəyə götürülə bilər? - VƏKİL İZAH ETDİ

Zəlzələdə valideynlərini itirmiş uşaqlar Azərbaycanda himayəyə götürülə bilər? - VƏKİL İZAH ETDİ

“Qanunvericiliyə əsasən, valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.Onun sözlədinə görə, valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir: “Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər”.Turan Abdullazadə sözlərinə belə davam edib: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi, dövlət və qeyri-dövlət fondları, qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların habelə onların arasından olan şəxslərin sosial müdafiəsi sahəsində verilən təminatlara təhsil üzrə, tibbi xidmət üzrə, əmlak və yaşayış sahəsi üzrə, əmək hüququ üzrə təminatlar aiddir.Eləcə də zəlzələ və ya digər təbii fəlakət, müharibə zamanı valideynlərindən hər ikisini itirmiş uşaqlar qeyd olunan təminatlardan yararlana bilərlər.

Valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydaları Azərbaycan Respublikası AiləMəcəlləsi ilə müəyyən edilir.Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.Valideyn himayəsindən məhrum olmuş və sosial xidmət müəssisələrində yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı ( yəni, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həyata keçirilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar aşkar edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla 1 (bir) ay müddətində həmin uşaqların yerləşdirilməsini (övladlığa vermə istisna olmaqla) təmin edir.
Müvafiq icra hakimiyyəti orqanından başqa, digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir. Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər. Valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya sosial xidmət müəssisələrinə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir”.

Ayşən Vəli

Digər xəbərlər