Həyat çox qəribədir, deyilmi? Biz dünyaya gəlirik, alnımıza bir tale yazılır. Lakin o taledən xəbərsiz bir ömür yaşayırıq. Bir an sonra nə olacağını əsla bilməyəcəyimiz alın yazısı ilə bir ömür...
İllər ötür... Yaxınlarımızdan avtomobil qəzasında dünyasını dəyişən olur, hər hansı bir xəstəliyin qurbanı olan olur. Ağacdan yıxılan, damdan düşən, gecə yatıb səhər oyanmayanlar olur. Onlar dünyalarını dəyişirlər, biz isə arxalarınca sadəcə bunu deyirik: alın yazısı belə imiş...
Bəli, biz alın yazılarımızdan xəbərsiz bir ömür yaşayırıq. Xəbərimiz olmur ki, hansı müharibələr, soyqırımlar, faciələr, fəlakətlər, daşqınlar, zəlzələlər bir gün gəlib kütləvi qırğınımıza da səbəb ola bilər. Minlərlə insan bir anın içindəcə dünyasını dəyişə bilər. Qardaş Türkiyədə olduğu kimi. Kim düşünərdi ki, 2023-cü il Türkiyənin 11 şəhəri üçün böyük bir fəlakətlə gələcək. Yanvar ötəcək, fevralın 6-da kiçik çillədə insanlar böyük bir çilə ilə üzləşəcəkdir. Kim deyə bilərdi? Artıq 22 gün 44 mindən artıq itki ilə tarixin səhifələrinə yazılmaqdadır. 44 mindən artıq insan... Bir gecənin və ondan sonrakı 22 günün 44 mindən artıq itkisi...
Minlərlə insan, eyni alın yazısı...
Həmişə düşünürük ki, insanlar bir-birinə bənzəmədiyi kimi, onların alın yazısı da bir-birinə bənzəmir. Əslində, Yaradan hər kəsi fərqli görünüşdə və fərqli taledə yaradır. Lakin sən demə minlərlə insanın həyatda son günü nə qədər bir-birinə oxşar yazılıbmış... Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığ şəhərlərində fevral ayının 6-da gecə saatlarında bir-birinin ardınca iki böyük zəlzələnin qurbanı olan minlərlə insanın oxşar sonu kimi...
Bu minlərin içərisində yaşlılar da vardı, cavanlar da, gənclər də, uşaqlar da. Hələ dünyanın eybəcərliklərindən xəbərsiz körpələr də vardı, hələ dünyaya gəlməsinə bir neçə ay qalan, ana bətnində dağıntılar altında qalan körpələr də vardı. Onlar müxtəlif talelərin insanları idilər. Lakin sonları eyni yazılmışdı. Onlar bir gecənin qurbanı olmalı idilər. Bu zəlzələ onların sonu olmalı idi. Dağıntılar altında qalıb günlərlə mücadilə edib həyatlarını itirməli idilər. Bax, onların alın yazısının oxşar tərəfləri bunlar idi.
Necə ki, zəlzələ dağıntıları altından çıxarılan insanların alın yazısının bir günlük oxşarlığı vardı, eləcə də çıxarıla bilməyənlərin. Çıxarılanlar, həyatı xilas edilənlər arasında da uşaqlar, gənclər, yaşlılar vardı. O gecə onların taleyində oxşar anları ortaya çıxaracaqdı. Onlar zəlzələnin dalğaları ilə dağıntılar altında qalacaq və xilas ediləcəkdilər. Həyatlarına qaldıqları yerdən davam edəcəkdilər.
Lakin həyatını itirən 44 mindən artıq insan o gecə minlərlə zəlzələyə məruz qalanlar kimi, dağıntılar altında qalsalar da, onlar kimi yenidən həyata qayıtmayacaqdı. Çünki onların alın yazısında 2023-cü ilin fevral ayının 6-sı həyatlarının son günü idi. 7.7 və 7.6 ballıq dağıdıcı zəlzələlər onları illərlə dişləri-dırnaqları ilə qurub-yaratdıqları evlərinin dağıntıları altına göməcəkdi.
Minlərlə həyat bir gecədə nöqtələnəcəkdi. Minlərlə həyat bir də həyata qayıtmayacaqdı. Minlərlə oxşar sonluq dağıntılar altında eyni qədəri paylaşacaqdı. Onlar üçün artıq həyat artıq dünəndə qalmışdı. Son dəfə işə getmək, son dəfə məktəbə, dükana-bazara getmək... Son dəfə sevdiyi insanı görmək, onunla son dəfə danışmaq. Son dəfə şəhəri gəzmək, dostlarla görüşmək... Son dəfə oynamaq, uşaqlarla vaxt keçirmək. 44 mindən artıq insanın həyatı bir gün əvvəldə qalmışdı. Onlar fevralın 6-sı üçün bu həyatda deyildilər. Dünən toyu olan da, dünən yeni yaşına girən də, dünən ilk dəfə işə başlayan, dünən ilk maaşını alan da, dünən ilk dəfə sevən, ilk dəfə sevilən o minlərin içərisində idi. Və o minlərin hər biri üçün artıq dünən vardı, bu gün yox idi.
Kiçik çillənin böyük çiləsi
Cəmi bir neçə gündən sonra kiçik çillə çıxacaq, həyatımıza boz ay daxil olacaq, bizə qarşıdakı baharın müjdəsini verəcəkdi. Hər yerin qarı əriyib gedəcək, həyatımıza çiçəkli-güllü bahar gələcəkdi. Lakin o gecə- kiçik çillənin o gecəsi Türkiyənin böyük çiləsi oldu. 11 vilayət darmadağın oldu, sayı-hesabı olmayan hündürmərtəbəli bina çökdü, torpağın altında girdi. O binalarda minlərlə evdəki minlərlə insan da binalarla birlikdə torpağın altında getdi.
Təbiət gözəlləri olan Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığ tanınmaz vəziyyətə düşdü. Sanki qara bir yel gəlib qara əlləri ilə bütün gözəllikləri məhv edib bir anın içərisində yoxa çıxdı. Bu gözəl şəhərlərin hüsnünü yaraladı. Bu şəhərlərin insanlarının qəlbinə dağ çəkdi. Ölən öldü, qalanlar isə budur, günlərdir itkinlərini axtarır. Onların yoxluğu ilə mücadilə edirlər.
O gecə çox müdhiş bir gecə idi. Sanki o gecə öz müdhişliyini göstərmək üçün bütün insanların yuxuda olduğu vaxtı seçmişdi. Necə ki, düşmən arxadan vurar, o gecə də fəlakətini göstərmək üçün hamını yuxuya vermişdi. Səhərin acımasını gözləməmişdi. Çünki qarşısına qırğınlar qoymuşdu. Axı səhər açılar-açılmaz hər kəs işinin ardınca gedəcəkdi. İki saat geciksəydi, o müsibətdən minlərlə adam xilas ola bilərdi. Lakin gözləmədi. Qurbanlarını yuxuda ikən yaxaladı. Onların ölüm fərmanını verdi.
Qışın sazaqlı-soyuqlu bir gecəsi yataq paltarında olan minlərlə insanın qəniminə çevrildi. Bəlkə də bu minlərin əksəriyyəti soyuqdan donub öldü. Torpağın, dağıntıların altında soyuğa dözə bilmədi. Kim bilir?..
Həqiqətən böyük çilədir. İllərlə unudulmayacaq, əsrlər sonra da 2023-cü ili bizlər üçün xatırladacaq, həm də qəmli notlarla xatırladacaq bir çilədir zəlzələ çiləsi. Budur artıq 20 gündən artıqdır ki, zəlzələ baş verib. O gündən bəri dəfələrlə kiçikballı zəlzələlər də olub. Ölənlər, yaralananlar da olub. Elə dünən Malatyada baş verən 5.6 ballıq zəlzələ nəticəsində bir nəfər öldü, 300-dək insan yaralandı. Bu zəlzələ bir kabusdur. Hələ də Türkiyəmizin göylərində dolaşmaqdadır. Çıxıb getmək, inşaları rahat buraxmaq istəmir. Bütün bunlar isə çilələri artırır. İnsanlar dünyalarını dəyişdikcə neçə-neçə yaxınlarının canı yanır. Elə bizim də...
22 gün hər an Türkiyə ilə
Fevralın 6-sı zəlzələ baş verən gündən bəri Azərbaycan Türkiyənin yanındadır. Bu, bir qonşuluq münasibəti, dostluq deyil. Bu, qardaşlığın göstəricisidir. Bu, bir ürəkdə minlərlə döyüntünün göstəricisidir.
Dövlətimizin başçısının, birinci vitse prezidentin göstərişi ilə Türkiyəyə milyonlarla manat dəyərində humanitar yardın göstərilib. Bu gün hələ də bizim xilasedicilərimiz Türkiyədə zəlzələ bölgəsində çalışmaqdadır.
Zəlzələdən sonra bütün xalq ayağa qalxdı. Hər kəs öz əzizinə yardım göstərmək istədi. Zəlzələnin ilk günləri Bakıda və Naxçıvanda Türkiyəyə yardımla bağlı kadrları izləyərkən qürur hissi keçirirdik. İki dövlətin bir milləti olan insanların can yanğısı ilə əllərindən gələni zəlzələ bölgələrinə çatdırmaq cəhdi yaxınlarını orada düşdüyü ağır vəziyyətdən çıxarmağa böyüklü-kiçikli yardım idi.
Bu, bizim bir millət, qardaş, dost olmağımızla yanaşı, həm də oxşar taleyimizlə bağlı idi. Çünki 1990-cı illərin əvvəllərində soydaşlarımız ermənilər tərəfindən Qarabağdan zorla çıxarılanda onlar da belə ağır vəziyyətlə üz-üzə qalmışdılar. Evlərindən heç nə götürə bilməmişdilər. Qışın soyuğunda yalınqat bir paltarla yurdlarını tərk etməli olmuşdular. Onların əksəriyyəti meşə və dağlarda donaraq ölmüşdü.
Oxşar talelər belə hadisələr zamanı birləşir. Çünki hadisələr ayrı-ayrı olsa da, yaşananlar eyni idi. Bu səbəbdən də o ağır günləri yaşayan bir xalq kimi Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım edən ilk Azərbaycan oldu. Yardımlarımız bu gün də davam etdirilir. Çünki türklər bizim can qardaşımızdır. Onların kədəri də, sevinci də bizimlədir.
22 günə 44 mindən artıq insan itkisi çox ağır hadisədir. Türkiyə üçün böyük itkidir. Dövlətimizin başçısı zəlzələnin ilk günündə də, sonra Türkiyənin Azərbaycandakı səfirliyində olarkən də, fevralın 25-də Türkiyəyə səfəri zamanı da Prezident Rəcəb Tayyib Ərdoğana bu böyük itki ilə bağlı başsağlığı verib, Azərbaycan xalqının Türkiyənin kədərlərinə şərik olduğunu bildirdi.
Bəli, iki dövlət bir millətin kədəri bir-birinin kədəri, sevinci sevincidir. Ümidvarıq ki, böyük Türkiyə zəlzələnin nəticələrini qısa zamanda aradan qaldıracaq, 11 füsunkar şəhər yenə əvvəlki görkəminə qayıdacaqdır. Bu dəhşətli hadisə, əsrin fəlakəti heç vaxt unudulmayacaq. İtkilərin hər biri qəlbimizdə yaşayacaq. Ancaq nə etməli ki, həyat davam edir. Qoy həyatın davamında bu fəlakət Türkiyə üçün son olsun.
Mətanət Məmmədova