Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır. Minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatmış Novruz bayramını hələ Azərbaycan xalqı Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd edib. Daş dövrünə aid olan əşyalar qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Azərbaycan klassikləri olan Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani kimi dahilərimiz baharın gəlişini əks etdirən nümunələr yaratmışlar. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizamilmülkün "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını nümunə olaraq göstərmək mümkündür.
Bu bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş su, od, yel və torpaq çərşənbələri qeyd olunur. Əlbəttə ki, çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Dörd çərşənbənin qeyd olunmasının arxasında həqiqətlər dayanır. Folklorşünas alimlərin fikrincə, bu çərşənbələr insanın həyata gəlişi və həyatın canlanması ilə əlaqədardır. Novruz bayramı təbiətlə bağlı su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir. Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə" adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir. Novruz ənənələrinə nəzər saldıqda görürük ki, tarixin müxtəlif dönəmlərində yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırarmışlar:
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. "Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar", - deyərdilər. Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. Təbii ki, inanclara görə, təbiətdə ən son oyanış torpağa aiddir. Torpağın oyanması ilə həyat yenidən dirçəlir. Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Folklorşünasların qənaətinə görə, torpaq və su yaradılışın maddi əsasını təşkil edirsə, od və yel kənar vasitəçi, təkanverici statusunda çıxış edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox stabillik, yellə oda isə dinamiklik, hərəkət xasdır.
Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri də mövcuddur. "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yel bağlayanı el açar" və s.
İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək. Çərşənbəmiz mübarək!
Zümrüd BAYRAMOVA