PDF Oxu

Sosial

  • 9 988

Milli və müasir ailə modeli: ayaqlaşa bilirikmi? ARAŞDIRMA

Milli və müasir ailə modeli: ayaqlaşa bilirikmi? ARAŞDIRMA

Böyüklərin ailə arasında və cəmiyyətin daha geniş dairələrindəki mövqeyinin öyrənilməsi ilə ictimaiyyətimizi zənginləşdirən mənəvi resursları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür

Çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına aparıb çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Bəs günümüzdə bu sahədə durum necədir? Azərbaycan ailəsində yaranan problemlər doğrudanmı dünyada gedən inkişafdan, dəyişən zamandan qaynaqlanır?

Müasir dünyanın, çağdaş həyatın bütün sahələrinin elektronlaşdığı, qloballaşdığı, internetləşdiyi bir vaxtda xalqımızın yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan və yad mədəniyyətlərin daşıyıcılarına çevrilən soydaşlarımız arasında Azərbaycan milli-mənəvi yaşam düşüncəsində etnik kimliyimizin bir hissəsinə çevrilən ailə mədəniyyətimizin ayrılmaz tərkib hissəsi hesab edilən ağsaqqallıq-ağbirçəklik dəyərlərinin dirçəldilməsi zəmanəmizin əsas milli-mental məsələlərindən biridir. Azərbaycan coğrafiyasının zaman-zaman qonşu dövlətlər tərəfindən parçalanıb işğal altına alınması və bu dövlətlərin tərkibində milli-mənəvi assimilyasiyaya məruz qalması problemin həssaslığını şərtləndirən amillərdəndir. Xüsusilə, xalqımızın böyük bir kəsiminin – Qərbi Azərbaycan türklərinin uzun illər Azərbaycan Respublikasından kənarda – tarixi düşmənimiz olan ermənilərin siyasi və sosial basqısı altında yaşaması və 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minillər boyu yaşadıqları ata-baba yurdlarından vəhşicəsinə deportasiyası və Qarabağ münaqişəsi nəticəsində insanlarımızın Qarabağdakı doğma yurdlarından qovulub çıxarılması xalqımızın ailə dəyərlərinə sarsıdıcı zərbə vurmuşdur. Problemin kəskinliyini nisbətən azaltmaq, müxtəlif nəsillər arasında dərinləşən mənəvi-ruhi uçrumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan milli məişət-ailə institutunu, sosial-mənəvi təsisatı daha da möhkəmləndirməklə qədim və modern dəyərlərin sintezini tədqiq etmək günümüzün vacib problemlərindəndir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı kultların, eyni zamanda onların əsasını təşkil edən ağsaqqallıq-ağbirçəklik institutunun xüsusi yeri vardır. Təəssüf ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox hallarda gənclərimizin böyük bir hissəsi də liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi “dəbli trendlər” altında insanlarımıza sırınan o qarayaxma kampaniyalarına, internet və sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar.

Dünyada yaşayan 50 milyonluq soydaşımız, eyni zamanda, 30 il boyunca öz doğma yurd-yuvalarından didərgin düşmüş Qarabağ köçkünləri timsalında sosial-kulturoloji hərəkata başlamaqla, Azərbaycan cəmiyyətində get-gedə zəifləyən ailə dəyərlərinin, ağsaqqallıq və ağbirçəklik institutu prinsiplərinin bərpası və genişlənməsi istiqamətində aksiyaları həyata keçirməklə, sadalanan halları nisbətən zəiflətməyin, yaşlılara olan hörmət və ehtiramı artırmağın, bu istiqamətlərdəki gərginlikləri azaltmağın vaxtı çoxdan yetişib. Yeri gəlmişkən, Qərbin inkişaf etmiş ölkələrində bu istiqamətdə hələ XX əsrin ortalarından etibarən elmi-tədqiqat işləri aparılmağa başlanmış, tədqiqat əsərləri yazılmış, təcrübələr sınaqdan keçirilmiş, ailə mərkəzləri yaradılmışdır. Belə bir təşəbbüslərin ölkəmizdə də reallaşdırılmasına ehtiyac yaranıb.

Ağsaqqallıq, ağbirçəklik institutunun, milli ailə dəyərlərinin məqsədi, məramı və məzmunu bütövlükdə aydın olsa da, bu problemin əhatə dairəsi, miqyası, çalarları və tərifi, xalqımızın milli kimlik məsələsində yeri-rolu hələlik tədqiqatçılar, etnoqraflar, alimlər, sosioloqlar tərəfindən yetərincə araşdırılmamışdır. Xalqımız vətənə hədsiz məhəbbəti, torpağa bağlılığı, el-obaya sonsuz sevgisi, ağsaqqala, ağbirçəyə dərin hörməti, ailəyə sədaqəti, qayğısı, ibrətamizliyi ilə tanınır, sayılır-seçilir. Şübhəsiz, bu həmişəyaşar, yüksək bəşəri keyfiyyətlər arasında ailə dəyərləri – ağsaqqallıq, ağbirçəklik institutu böyük maraq doğurur, müstəsna məna və məzmun kəsb edir. Ağsaqqallıq və ağbirçəkliyin cəmiyyətdə oynadığı rol, tutduğu mövqe və bütün bunların öyrənilməsi, tədqiqi, son zamanlar getdikcə zəifləmə səbəbləri tədqiqatçıların mühüm tədqiqat obyektlərindən biri olmaqla yanaşı, həm də mənəvi mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Onlar təlim-tərbiyə örnəyi, gör-götür abidəsi, şərəf, ləyaqət və hikmət mənbəyi sayıla bilər.

Gənclərin böyüklərə, övladların valideynlərə münasibətində ağsaqqallıq institutunun mövcud vəziyyəti aydın görünür. Böyüklərin ailə arasında və cəmiyyətin daha geniş dairələrindəki mövqeyinin öyrənilməsi ilə ictimaiyyətimizi zənginləşdirən mənəvi resursları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür. Bunun üçün müxtəlif sosial qruplar arasında araşdırma aparılmalı təhlillər edilməlidir. Bir ailənin, nəslin, elin ağsaqqalı aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində götürülməli və ictimai-mənəvi baxımdan öyrənilməlidir.

Milli ailə dəyərləri sisteminin əsas istiqamətini təşkil edən ağsaqqallıq-ağbirçəklik institutu ilə yanaşı, yaşlı insanların problemlərinin, əsas qayğılarının öyrənilməsi də diqqət mərkəzində saxlanılmalıdır. Mənəvi dəyər daşıyıcıları olan insanların qorunması, onların gənclərlə ünsiyyətinin artırılması, vətənpərvərlik düşüncəsinin möhkəmləndirilməsi ağsaqqalların, ağbirçəklərin yaşadaraq günümüzə daşıdıqları ailə-yaşam formatlarının rolunun aktivləşdirilməsi, cəmiyyətin bütün sferalarına inteqrasiya olunma imkanlarının araşdırılması istiqaməti də nəzərdən qaçırılmamalıdır. Beləliklə, ailə dəyərlərimiz kontekstindən danışarkən bir daha qarşımızda böyük və məsuliyyətli amillər dayanır. Milli-mənəviyyat amilinin qorunması gələcək nəsillərimizə çatdırılması bu məqamı daim öndə tutmalıdır.

Rövşən RƏSULOV,

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan ailə modelinin gənc nəslə təbliği” adlı müsabiqəyə təqdim edilir.

Digər xəbərlər