Sosial

  • 3 852

Hanı bu şəhərin baharı?.. PUBLİSİSTİK DÜŞÜNCƏLƏR

image

Qış qarı ilə gözəl olduğu kimi, yaz da çiçəyi, gülü ilə füsunkardır. Ancaq təəssüf ki, bu şəhərdə nə qışda qar var, nə də baharda çiçək... Hanı bu şəhərin baharı?.. Onu bizmi yola salıb uzaqlara yolçu etdik? Öz silahlı, qılınclı əllərimizlə bu şəhərin baharını məhv etdikmi? Nəfsimizə, arzumuza qurban verdikmi baharı? Yoxsa, küsdürüb yola saldıq? Nə etdiksə, bilmirəm, bahar getdi, bu şəhərə ta gəlmir ki, gəlmir. Ya küsüb bu şəhərdən, gəlmir. Ya yolunu, cığırını itirib, gəlmir. Ya da ta bu şəhəri tanımır. Yazı, yayı, payızı, qışı bilinməyən bu şəhəri...

Gözlər çiçək axtarır

Bahar bu şəhərə gəlməsə də, bu şəhərin sakinləri yazın bu gözəl günlərində çiçək axtarır. Başına ağ, çəhrayı şal salmış ağac axtarır. Onların rayihəsini ciyərlərinə çəkmək istəyir. Arıların bu ağaclardakı balladasını dinləmək istəyir. Çiçəklərdən zövq alıb baharı bahar kimi yaşamaq istəyir...

Hanı bu şəhərin baharı?.. Axı bu şəhərin sakinlərinin hər biri baharı bütün varlığı ilə yaşayan rayonlarımızdan gələnlərdir. Onlar o baharı arzulayır, o baharı görmək istəyirlər bu şəhərdə. Onlarla gül-çiçəyin bir-birinə qarışan rayihəsini duymaq istəyirlər. Pəncərəni açıb qarşısındakı çiçəkli ağacların ətrini otaqlarına doldurmaq istəyirlər.

Hanı bu şəhərin baharı?.. Yollarboyu bir çiçəkli ağac varmı? Könülləri oxşayan, bahar donlu, yaz ətirli bir ağac varmı? Sənə baharı andıran bahar varmı?

Bu şəhərdən baharları biz qovmuşuq. Yaşıl rəngi bomboz rəngə biz vermişik. Qurban olub yaşıllıqlar betonlara. Ucaltmışıq çoxmərtəbəli binaları baharın məskənində. Ağacları kəsib, yaşıllıqları məhv edib istəmişik bina tikək, sərvət sahibinə çevrilək. Beləliklə betonlaşıb şəhərimiz... Hara baxsan bu şəhərdə bomboz beton, günəşin qarşısını kəsən hündürmərtəbəli binalardır.

Əlimizdən alıb bu betonlar neçə-neçə baharı... Bizlər rayonda, kənddəki bir mərtəbəli evimizin qapısının bahara açılan mənzərəsini orada qoyub gəlmişik. O qapıları hündürmərtəbəli binaları seçməklə biz bağlamışıq. İndi qapılarımız betona açılır, bahara deyil. Elə bu səbəbdən də hər bahar gələndə yadımıza yurdumuz düşür. O yurdların əsla bu şəhərlə müqayisə edilməyəcək baharları düşür. O baharların rayihəsi burnumuzun önünə gəldikcə, “kaş ki, kəndimizdə olardım bu bahar”,- deyirik...

Xatirələrin baharı

Rayonlarda bahar bir başqadır axı. Kaş ki, dağlardan əsib gələn bahar ətrini duya bilərdik. Kaş ki, bütün bunlara baxdıqca hər biri ölkəmizin müxtəlif rayonlarından olan şəhər sakinlərinin məxsus olduğu bölgələrə gedib çıxa bilərdik. Axı onların hər biri öz baharlarını arzulayırlar. Uşaqlıqlarının, bəlkə də gəncliklərinin yaddaşına yazılan o baharları... Bu şəhərdə çox az gördüyümüz yaşıl rəng rayonlarda göz baxdıqca uzanandır. Torpağın bağrını yarıb yaşılını ellərə, çöllərə, düzlərə sərən çəmən necə də füsunkardır. Lap yaxında çəmənin yaşılı çox açıqdır, göz uzandıqca tündləşir, Günəşin zərrin şüaları altında parıldayır, dağların sinəsinə çatanda isə sanki buludlardan kölgə alıb qaraya çalır rəngi. Bu yaşıl çəməndə Günəşin hərarətini hiss edər-etməz boy verən, azacıq yaz küləklərinə tab gətirə bilməyib yerindəcə bahar nəğməsi ilə rəqs edən incə ağ, sarı, qırmızı, mavi çiçəklər canlanır xəyalımda. Artıq bu yaşılın üzərinə qıpqırmızı lalə örpəyini də sərib, nərgizlər buradan Günəşə boylanıb. Yolçunu yoldan edən, tamaşasına elləri çağıran çiçəklər… Ah, nə gözəl yurdumuz var.

Nanə, yarpız, quzuqulağı vaxtıdır

Bu dağlara, dərələrə, düzlərə örtük olan çəmənlər tək güllərin-çiçəklərin məskəni deyil, həm də bol-bol nemətlərimizin məskənidir. O nemətlər ki, yazın əvvəllərindən göyün gurlamasını, şimşəyin çaxmasını gözləyir. Bu anda babalarımızın da dediyi kimi, artıq yeməli olan onlarla bitkinin yığım mövsümü başlayır. Ta payızın sonlarında qar yerə düşənədək bir-birinin ardınca insanlarının ruzisinə çevrilirlər.

Saymaqla bitərmi onların adı? Hansını deyim, arxların, kanalların kənarında erkən yazda torpağı çırtıb ətrini ətrafa yayan yarpızımı, bulaqların gözündən axan suyun Günəşin hərarətindən azacıq isinməklə ətraflarda gizlənən bulaqotuna yeni həyat verməsinimi? Toxumunu sanki Tanrının yurdumuza səpdiyi, yığmaqla bitməyən qazayağı, mərövcə, cıbırıq, yemliyimi? Yoxsa yurdumuza baharın gəlişinə baxmayaraq, dağların kölgəliklərində hələ də əriyib, istiyə təslim olmayan qarın altında bahar ömrünü yaşayan cacığı, çirişimi? Hansından danışım?

Çobanyastığının çəmənlərin içərisində nazındanmı, dağ nanəsinin, kəklikotunun tək bir yarpağını dərməklə ətrafa yayılan doyumsuz ətrindənmi? İnsan bilmir bu gözəlliklərin hansından danışsın. Bahar bitmir ki... O sanki özündən əvvəl qışdan, özündən sonra isə payızdan bir ay da alıb “Tamaşama gəlin, gözəlliyimə, ruzimə-bərəkətimə baxın”, – deyir.

O nemətlər, o ruzilər rayonlarımızdan Bakıya– bazarlara gətirilir. Onları artıq sadəcə burada görən bizlər elə görən kimi də xəyalən rayon, kəndlərimizə gedir, baharın bir gününü orada yaşayır, ətrini ciyərlərimizə çəkir və yenidən bu şəhərə qayıdırıq. Və yaxud da bir andaca həmin ətir ta rayon, kəndlərimizdən burnumuzun önünə qədər gəlir: torpaq ətri, çiçək ətri, əllərimizlə dərdiyimiz, əlimizə ətri hopan min bir adda ruzi payının ətri...

Bütün bunların fonunda yenidən deyirik: hanı bu şəhərin baharı? Görəsən haradadır, niyə gəlmir bu şəhərin baharı? Bilirik ki, rayonlarımızdakıtək bəzəklə-düzəklə gələ bilməz. Çünki yollarını bağlamışlar, onu bu şəhərdən didərgin salmışlar. Bəlkə də gəlib. Hansısa hündürmərtəbəli binanın arxasındadır, görə bilmirik. Hansısa bir betonin kölgəsindədir, görə bilmirik. Hansısa yerlə yeksan edilmiş təbiət məzarlığındadır, duya bilmirik. Çünki düydürmür özünü. Qəlbi sınıq, küskündür bizlərə. Onu bu şəhərdən biz qovmuşuq. İndi nə qədər böyük arzu ilə yolunu gözləyiriksə, bir o qədər böyük haqsızlıqla onu qovmuşuq. Belə isə, hələ neçə yazlar gələcək ömrümüzə, bizsə “hanı bu şəhərin baharı?”,- deyib onu çox axtaracağıq...

Mətanət Məmmədova

Digər xəbərlər