Kabab igidi canlı etmir, insanı xəstə edir
Bu günlərdə iştirak etdiyim bir məclisdə 6 aylıq bir körpənin əlində bir tikə kabab gördüm. Yeni çıxardığı dişləri ilə əti didişdirən körpənin anası isə gülə-gülə əlindəki mobil telefonu ilə onu lentə alırdı. Gənc anaya etirazımı bildirəndə “heç nə olmaz, 40 günlüyündən küftə yeyir qızım” dedi. Gənc nəsil demiş, “mən şok, mən iptal”...
Hər gün bir tikə kabab...
Tanınmış rus qastroenteroloq Olqa Listopadova və dünyaca məşhur rus aşbaz Dmitri Voloçayevin birgə müsahibəsini oxudum bu günlərdə. Hər ikisinin fikrinə görə qaynamamış ətin bol istehlakı qaraciyər, öd kisəsi, mədəaltı vəzi xəstəliklərini kəskinləşdirə bilər. Dmitri Voloçayev tərəvəzlərin kababının sağlamlıq üçün ən faydalı olduğunu, tərkibində vitaminlər, minerallar, antioksidantlar və lif olduğunu bildirir. Əgər imtina edə bilmirsinizsə yalnız ekoloji olduğuna güvəndiyiniz toyuq ətininn kababını yeməyin daha məqsədəuyğun olacağını deyən qastrenoloq isə bunu sıx-sıx yeməməyin tərəfdarıdır.
Yuxarıda qeyd etdiyim o körpənin gələcəkdə bir neçə cür xəstəlikdən əziyyət çəkməsinə səbəb olan o kabab (əslində, anası) barədə isə çox araşdırma var. Bişərkən hansı vasitədən istifadə edilməsi, qaynamadan bişirilməsi zamanı ətin tərkibində insan orqanizminə təhlükə yarada biləcək bakteriyaların qalması bu araşdırmalarda qeyd edilir.
Xüsusilə müsəlman xalqlarının ən sevdiyi yeməklərdən biri olan kabab insan orqanizminin düşmənidir. Mədə xərçənginə səbəb olan kabab barədə araşdırmanı yekunlaşdıran türkiyəli mütəxəssislər bildirirlər ki, manqala bişən ət, sosis, ciyər bir çox təhlükəli xəstəliyin təməlini qoyur.
Bildirilir ki, həftədə 1 tikə kabab yemək 3 qutu siqaret çəkməyə əvəzdir. Hər ikisi xərçəngə eyni dərəcədə yol açır. Türkiyədə hər il keçirilən Qastrontologiya Həftəsi çərçivəsində insan qidası olmayan kabab barədə uzun-uzadı danışan qastroloq həkimlər sağlam qidalanmanın, çox yaşamanın düşməni olan kababdan uzaq durmağı tövsiyə edirlər.
Siqaret, alkoqol və narkotikanın istifadəsi zamanı mədəyə vurulan zərər həmçinin kabab yeyildikdə də baş verir. Ət istehlakını yalnız qaynadılmış halda məsləhət görən həkimlər deyir ki, qətiyyətlə kababdan imtina etmək lazımdır: “Ət qaynadılmadan birbaşa ocaqda bişirilirsə onu yemək təhlükəlidir. Bundansa elə gündə 3 qutu siqaret çəkə bilərsiniz, çünki ikisi də eyni dərəcədə zərər verir”.
Əgər bir həkim kabab yeyirsə…
Əti menyusundan çıxara bilməyənlərə qaynadılmış formada yeməyi məsləhət görən həkimlər deyir ki, mədə xərçəngindən qorunmaq üçün ət istehlakını minimuma endirmək lazımdır: “Kabab bişəndə birbaşa oda yaxın olur, çox vaxt barbekü sobalarında odunla deyil, təhlükəli qazlar yaradan yanacaq növləri ilə bişirilir, qaynamadığı üçün tərkibində olan mikroblar da ölmür, xüsusilə ürək və hormonlarda ciddi fəsadlara səbəb olur. Əti sevirsinizsə qaynatdıqdan sonra yeyin. Manqalı yavaş-yavaş həyatınızdan çıxarın. Əgər siz nə zamanda bir həkimin kabab yediyini görsəniz bilin ki, o həkim əslində insane sağlamlığı barədə heç nə bilmir”.
Azərbaycanda da ət insanların əsas qida vasitəsidir. “Bir gün ət yeməyəndə özümü ac hiss edirəm”-deyənlərdən yəqin ki, indi bu məqaləmizi oxuyanlar da var. Ət yeyəndə sizə elə gəlir ki, yediyiniz sizə güc verir, orqanizminizi mohkəmləndirir. Həkim Sabir Əsgərov isə bildirir ki, bu güclənmə ətin həzminin verdiyi ağırlıqdır: “Əgər qatıq yesəniz tez acacaqsınız, çünki qatıq insan mədəsində dayanmır, dərhal həzmə gedir. Amma tutaq ki, kabab yemişik, ən azı yarım gün özümüzü tox hiss edirik. Çünki ət insan mədəsində 6-7 saata həzm olunur, bu müddət ərzində mədə dolu olduğu üçün aclıq hiss etmirik, amma mədənin çəkdiyi əziyyəti ki, hiss edirik. Əti yeyib üstündən qazlı su içənlər var ki, ət həzm olsun. O qazlı su da ətin vurduğu qədər zərər vurur”.
Qaynatmadan əsla!
Sabir Əsgərov da əti qaynatmadan yeməyi təhlükəli hesab edir: “İndi əksər heyvanların ətində çox sayda təhlükəli mikrob və bakteriyalar olur ki, bunlar da kabab, dönər, kolbasa, qızartma kimi yeməklərlə orqanizmə keçir. Bu bakteriyalardan 4-ü hətta qaynadıqda belə ölmür. Üstəlik əti çeynəyən dişlərə də çox yük düşür”.
Həkim bildirir ki, əgər mədəmizdə meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və yulaf yarması 1 saat 20 dəqiqəyə, təzə süd 2 saat ərzində həzm olursa, ət 5-6 saata həzm olur, bu zaman qan damarlarımız korluq çəkir, axı xeyli vaxt lazımdır ki, mədəyə düşmüş yağlı ət həzm olunsun, yoğun bağırsağa tökülsün və qana sorulsun: “Üstəlik yoğun bağırsağa düşmüş ətin böyük hissəsi qana sorula bilmir və nəticədə uzun müddət orada qalaraq çürüyür. Bir çox təhlükəli xəstəliklər məhz bu prosesdən sonra qan vasitəsilə bütün bədənə yayılır”.
Həkimlə 6 aylıq körpəsinə kabab yedirən ana haqqında danışdıq: “İnanmaq olmur ki, bu dövrdə bu cür analar var, 40 günlük körpəyə küftə-bozbaş yedirtmək, 6 aylıq uşağa kabab vermək nə deməkdir? Tədrici intihara sürüklənir körpə, anası da bu intiharı həyata keçirəndir. Ətin tərkibində külli miqdarda muxtəlif ekstraktiv, toksinlər, xolesterin və s. zərərli maddələr mövcuddur, üstəlik, 6-7 saat həzm olunmur, o körpənin mədəsinə hansı zərəri verdiyinin fərqində deyil ana”.
Kömürlə və gur odla qəfildən təmas edən ətin içindəki proteinin xarab olması və kömürdəki toksinlərin ətə hopması kababın insan qidası olmamasına yetərli səbəbdir. Bu qidanın mütəmadi qəbulu insan həyatı üçün təhlükədir, kömür alovunda bişən ət kanserogendir. Araşdırmalara görə bu cür ət yeyənlər qaynadıılmış ət yeyən insanlara görə 60 faiz daha çox mədə xərçənginə tutulurlar.
Ümumdünya Səhiyyə Təşkilatı ətin xərçəng, şəkər və digər xəstəliklərin əsasa yaradıcılarından biri olduğunu élan edib. Ümumiyyətlə, kababı sevənlər bilməlidirlər ki, ətin tərkibindəki parazit-yumurtalar insan orqanizmində qarşısı alınmaz fəsadlar əmələ gətirir. Bu gün qidanızı ehtiyyatla seçin, sabah xərçəng xəstələri siyahısına düşməmək üçün...
Lalə Mehralı