PDF Oxu

Sosial

  • 4 798

"Oniomania": alış-veriş xəstəliyə çevrilərsə...

"Oniomania": alış-veriş xəstəliyə çevrilərsə...

Dünyada hər 10 insandan birində bu xəstəlik müşahidə edilir

Ehtiyacınız olmadığı təqdirdə yeni əşyalar almaq istəyirsinizmi? Endirimləri görəndə gözləriniz parlayırmı? Almaq istədiyiniz əşyanı aldıqdan sonra içinizdə sevinc, rahatlıq yaranırmı? Bəs ala bilmədikdə özünüzü pis hiss edirsinizmi? Vitrinlərindəki “endirim”, “sale” yazılarına aldanıb olan-qalan pulunuzu mağazalarda qoyub çıxanda necə, yüngüllük hiss edirsinizmi? Əgər belədirsə, siz xəstələnmisiniz. Xəstəliyinizin adı isə belədir: “alış-veriş düşkünü”.

Alırlar, peşman olurlar, yenə alırlar

Ekspertlər “alış-veriş xəstələri” adlandırdıqları insanları xarakterizə edərkən deyirlər ki, bu cür insanlar alış-veriş etmək istəyəndə dünyanın ən xoşbəxt insanı olurlar, aldıqları hər şey onları inanılmaz rahatladır, sevindirir. Amma alıb qurtardıqdan sonra, yəni evə qayıdan kimi aldıqları hər şeyə görə, xərclədikləri pula görə peşman olurlar, lakin sonra hiss etdiyi bu peşmanlığı özündən uzaqlaşdırmaq üçün yenə alış-veriş edirlər. Çünki onlar özlərini yalnız bu cür xoşbəxt hiss edir. Bu vəziyyət hər dəfə təkrar olunur, nəticədə borc, israfçılıq yaranır və heç vaxt geyinilməyən paltarlar dolabda köhnəlir.

Xəstəlik daha çox müasir ruhlu, yenilikci, səhər 8-dən gecə 10-a qədər işdə olan və pula düşkün ailələrdə rastlanır. Bütün gün işləyən ata, ana övladlarına lazımı məhəbbəti, qayğını verə bilmədiyi üçün özünü günahkar hiss edir və bu hissi pulla, qiymətli hədiyyələrlə ört-basdır etməyə çalışırlar. Elə bu səbəbdəndir ki, bu ailədə uşaqlar alış-veriş düşkünü olur, mənəvi boşluğu nəyisə satın almaqla doldurmaq istəyirlər. Xəstəliyin başlanma yaşı 17-30 yaş aralığındadır və ən çox qadınlarda rastlanır. Dünyada hər 10 nəfərdən birində bu problem var.

Qadınlar çətin qərar verir

Araşdırmalar göstərir ki, qadınlar kişilərə nisbətdə daha çox mağaza gəzir, ilk gördüyünü almır, qərar verənədək bir çox vitrinə baxır, mağazalara girib-çıxır. Elə öz yaxınlarınıza nəzər salaraq ətrafınızdakı qadınların demək olar ki, hamısının alış-veriş sevdiyini, amma kişilərin bu kimi marağının olmadığını görərsiniz. Elə buna görə də kişilər gördükləri və bəyəndikləri ilk köynəyi alırsa, qadınlar gördükləri və bəyəndikləri ilk köynəyi almayıb bir neçə mağaza gəzəndən sonra geri qayıdaraq ilk bəyəndiyini alır.

Əvvəllər nəsə almaq ehtiyacını ödəmək üçün idisə son illərin kapitalist ölkələrində bu ənənə tərsinə işləyir. İndi səhərdən axşam saatlarınadək qapalı ofislərdə işləyən kişilərin dincəlmək üçün çox alternative var, idman zalına gedir, dəniz kənarında gəzir, dostlarla görüşüb çay içir. Bəs qadınlar?

Bir çox qadın mənəvi boşluq hiss edəndə, depressiyaya düşəndə ya saçlarını kəsdirir, ya qarderobunu yeniləyir. Bəzən isə qadınlar qətiyyən ehtiyacı olmayan əşyalara pul xərcləmək istəyir, yəni aldıqlarından çox onları pul xərcləmək rahatladır. Aldıqları geyimi bir dəfə belə geyinmədən başqalarına hədiyyə edir, daha sonra isə borclarla “boğuşur”.

Pul xərcləmək kədəri azaldır, amma…

Psixoloq Aydın Əzimov deyir ki, bu XXI əsrin xəstəliyi adını almış bu problem bu gün inkişaf etmiş ölkələrin çoxunda var və ölkənin iqtisadiyyatının inkişafına xidmət etdiyi üçün dövlət səviyyəsində bu barədə ciddi narahatlıq hiss olunmur: “Bir çox psixoloji araşdırmanın nəticəsində məlum olur ki, nəsə almaq, pul xərcləmək insanın kədərini azaldır, sevinc hissi yaradır. Amma qətiyyən qəzəb və acığı soyutmur. Bir çox qadın kədərlənəndə onu xoşbəxt edən şeyi etmək istəyir, alış-veriş də buna daxildir. Elə qadın var kədərlənəndə şirniyyat bişirir, eləsi var ev təmizləyir, qadın var ki, özünü qəmgin hiss edəndə yalnız şokolad yeyir. Alış-veriş düşkünlüyü də bu problemlərdən biridir”.

Alış-veriş əsnasında insanın beynində “endofrin” adlı hormon çoxalır, bunu alimlər “xoşbəxtlik hormonu” adlandırır. Müsahibimiz deyir ki, bu hormon bir çox səbəblərdən yüksələ bilir: “İdman edəndə, günəş enerjisi qəbul edəndə, masaj zamanı və həqiqi xoşbəxt olduğumuz anlarda beynimizdə “endofrin” hormonu yüksəlir. Qəribə burasıdır ki, nəyisə qazanmaq, almaq, nəyəsə sahib olmaq istəyi zamanı da bu hormon yüksəlir. Araşdırmalara görə qadınlar həm də daha çox menstruasiya dönəmində nəsə almaq istəyində olur. Bunun səbəbi də hormonlardakı dəyişiklikdir. Qadınlar normal zamanlarda qənaətcil olduqları halda aybaşı dönəmlərində pul xərcləmək, alış-veriş etmək hərisinə çevrilirlər”.

Kredit kartları ilə ödəmə sistemi vəziyyəti daha da ağırlaşdırır

Psixoloq deyir ki, bu xəstəlik təkrar-təkrar baş qaldıra bilir: “Bu bir növ asılılıqdır. Qadınlar mağaza vitrinlərindən, alış-veriş mərkəzlərindən asılı hala düşür. Əgər pul olmasa, alış-verişə gedə bilməsə həyatı ətrafındakılara və özünə zəhər edir. Heç vaxt geyinməyəcəyi geyimləri, istifadə etməyəcəyi əşyaları almaq artıq onda xroniki hala çevrilib. Axır illərin kredit imkanları, mağazalarda nağd yox, kartla hesablaşma bu problemi daha da böyüdüb. “Onsuz da nağd deyil” düşüncəsi ilə kartlara borcu yükləyən insanlar ay sonunda qəbzləri görəndə, bank işçisindən zəng gələndə bütün aldıqlarına görə peşmanlıq hissi keçirirlər. Amma bu hiss bir anlıq olur, çünki o hissi yox etmək üçün yenə alış-verişə baş vururlar”.

Qeyd edək ki, bu xəstəliyin diaqnozu ilk dəfə 1915-ci ildə qoyulub, adına da “oniomania” – yəni “satın almaq xəstəliyi” deyilir. “Oniomania”ya mübtəla olmuş insanların demək olar ki, çoxusu xəstə olduğunu bilmir. Bir çoxu həyatını o formada davam etdirir, ömrünün sonunadək alıb yığır, amma bir çox alış-veriş düşkünü vaxtında psixoloji dəstək alaraq problemindən qurtulur. Sadəcə peşəkara müraciət etmək, problemi demək və yardım istəmək lazımdır.

Lalə Mehralı

Digər xəbərlər