İmtahanın hər iki mərhələsində uğur qazanmış bağça müəllimləri işlə təmin edilmir, çünki vakant yerləri qeyri-ixtisas müəllimləri tutub
Məktəbəqədər təlim-tərbiyə müəssisələrinə işə qəbul imtahanında və müsahibədə uğur qazanmış müəllimlər Elm və Təhsil Nazirliyindən şikayətçidir. Müəllimlər iddia edir ki, 3 aydan çox müddətdir onları vakant yer yoxdur bəhanəsi ilə işə yerləşdirmirlər. Müəllimlərdən bir neçəsi redaksiyamıza şikayət məktubu ünvanlanıb. Məktublardan birində deyilir:
“Salam hörmətli “Səs” qəzeti və əməkdaşları. Mən, Zərifə Cəbrayılova məktəbəqədər təhsil ixtisası üzrə təhsil almışam. Bu il Elm və Təhsil Nazirliyinin təşkil etdiyi tərbiyəçi müəllimlərin işə qəbul imtahanından uğur qazanaraq müsahibəyə dəvət edilmişəm. Müsahibə və psixoloji testdən uğur qazanmışam və şəxsi səhifəmə qısa zaman müddətində faktiki yaşayış ünvanı üzərə yerləşdiriləcəyimlə bağlı məlumat verilib. Lakin artıq aylardır ki, mən və digər uğur qazanan onlarla tərbiyəçi-müəllimlərə heç bir vakansiya təqdim olunmur və bizə heç bir məlumat verilmir.
Sosial şəbəkələrdə, televiziya kanallarında məktəbəqədər təhsil müəssisələrindəki problemlər, müəllim və tərbiyəçi problemləri qabardılır. Elə bu gün bağçalardakı müəllimlərin 5800 nəfərinin ixtisaslı müəllim olmadığı açıqlandı, bəs nazirlik niyə buna göz yumur? Bağçada tərbiyəçi-müəllim olmaq üçün biz xüsusi təhsil alırıq, psixoloji testlərdən keçirik, çünki həssas işdir, hər adam işləyə bilməz uşaqlarla, amma bizim işləməyimizə şərait yaradılmır, əvəzində ixtisası olmayan müəllimlər işləyir. Bəs niyə biz imtahan verdik, müsabiqədə iştirak etdik, psixoloji testlərlə niyə yoxladılar? Vakant yer yoxdursa niyə ümidləndirdilər bizi? Hər dəfə nazirliyə müraciətimiz zamanı həlli yolu barəsində vədlər verilir, lakin nəticə yoxdur. Axı müsabiqəni nazirlik keçirib, niyə bizim varlığımızdan xəbəri yoxmuş kimi davranır? Biz xahiş və tələb edirik, haqqımızla qazandığımız iş yerimizlə təmin edilək, işə başlayaq. Başqa heç nə istəmirik.”
Elm və Təhsil Nazirliyindən bildirilir ki, vakant yerləri regional təhsil idarələri hazırlayıb təqdim etməlidir, vakant yer nə vaxt yaranacaq, yerləşdirmə nə vaxt baş tutacaq, hələlik, məlumat yoxdur. Bildirilir ki, namizədlərin vakant yerlərə yerləşdirilməsi mərhələli şəkildə il ərzində həyata keçirilir.
Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, məktəbəqədər təlim-tərbiyə müəssisələri İcra hakimiyyətlərinin balansından alınaraq Elm və Təhsil Nazirliyinə verildikdən sonra bu müəssisələrə müəllimlərin işə qəbulu prosedurunun imtahanla olacağını və nəticələrə görə məllimlərin işə qəbulunu reallaşdıracağı açıqlandı. Əlavə olaraq, məktəbəqədər müəssisələrdə qeyri-qanuni işləyən varsa, onların işdən xaric olunması da həyata keçiriləcək. Ekspert deyir ki, məlumata görə bu proses növbəti tədris ilindən etibarən reallaşdırılacaq.
Məlumat üçün bildirək ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin hər iki mərhələsini keçən müəllimlər hələ də vakant yerin yaranacağını və işlə təmin olunacaqlarını gözləyirlər.
Tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul zamanı vakansiya seçimində məktəbəqədər təhsil müəssisələrinə müsabiqənin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlər iştirak edə bilər. Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
Bağçaların İcra Hakimiyyətlərinin balansından çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeçiliyinə verilməsindən sonrakı müddət ərzində işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. Hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində 11 300 nəfər tərbiyəçi-müəllim işləyir, onlardan 51%-nin, yəni 5800 nəfərin məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.
Halbuki “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər. 2022-2023-cü tədris ilində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi ilk dəfə mərkəzləşdirilmiş müsabiqə yolu ilə təşkil olunaraq 102 nəfər işə qəbul edilib. Bizə ünvanlanan şikayət məktubundan da göründüyü kimi müvafiq təhsili olan, müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər qeyri-ixtisaslı bağça müəllimlərinin vakant yerləri tutması səbəbindən işlə təmin olunmurlar.
Lalə Mehralı