"Paytaxtın mərkəz ərazilərində, xüsusilə də, metrostansiyalara yaxın ərazilərdə fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri, həmçinin, istismar müddətini bitirmiş binalardakı qiymətlərin kəskin artmasına əsas səbəb onların mərhələli şəkildə sökülərək yeni tikilmiş binalarla əvəzlənməsi, yaxud mənzil sahiblərinə pul ödəyərək həmin ərazilərin satın alınmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, fərdi həyət evlərinə baxsaq görərik ki, orada tikintilərin yaşı daha çoxdur: “Eyni zamanda, həmin ərazilərdə tikinti normativləri pozulub. Bu, əmlak olaraq bazarda dəyərləndirilmir. Yəni, evin yeri nə qədər yaxşı olsa da, alıcılar həmin əraziyə pul vermirlər. Çünki o mənzillər yaşayış üçün yararsızdır. Lakin 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt ərazisində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların pilot layihələr üzərindən söküntüsünə start verildi”.Ekspert sözlərinə davam edərək bildirib ki, bu proses hələ də davam edir: “Düşünürəm ki, əmlak bazarında yaranan bu qiymət artımının əsas səbəbi həmin söküntülərdir. Çünki istər paytaxtın sıx ərazisində olan həmin həyət evləri, istərsə də istismar müddətini bitirmiş 3-5 mərtəbəli binaların heç biri ipoteka predmetinə çevrilə bilmir. İstismar müddəti bitdiyi üçün bank onları girov olaraq götürmür və ipoteka krediti ayırmır. Bu, onu deməyə əsas verir ki, həmin əmlaklar öz kapital dəyərini itirib. Normalda bu əmlakların satış qiyməti faktiki qiymətdən xeyli aşağı olmalı idi. Lakin pilot layihələr səbəbilə bu əmlaklarda ciddi qiymət artımları baş verir. Hesab edirəm ki, bu qiymət artımı hələ davam edəcək”.
Müəllif: Ləman Əlizadə