PDF Oxu

Sosial

  • 3 607

Qəzet abunəsinin sayı niyə azalır? - QURUM RƏSMİSİ AÇIQLADI

Qəzet abunəsinin sayı niyə azalır? - QURUM RƏSMİSİ AÇIQLADI

"Qəzetlərin abunəsinin azalmasının, satışının aşağı düşməsinin obyektiv və subyektiv səbəbləri mövcuddur. Obyektiv səbəblər əsasən, Veb texnologiyaların inkişafı ilə bağlıdır. Dünya rəqəmsal sistemə keçir və təbii ki, kommunikasiya vasitələri də buna uyğunlaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, media, o cümlədən qəzetlər də rəqəmsal müstəvidə yayım platformalarına daxil olurlar, konvergensiya prosesi sürətlənib: "Hansı KİV qurumları ki konvergensiya prosesini uğurla keçirlər, rəqəmsal platformalara inteqrasiya edirlər, onların auditoriyası nəinki azalmır, əksinə, çoxalır. Diqqət yetirsək görərik ki, eyni redaksiyanın rəqəmsal platformalarda, yaydığı materialların kifayət qədər alıcısı vardır. Amma kağız versiyada təqdim edilən materialların auditoriyası azalan xətt üzrə gedir. Beləliklə, rəqəmsallaşma, onlayn platformalar qəzetlərin kağız versiyada istehsalına təsir göstərir, onun auditoriyasını azaldır. Bu, təbii prosesdir". M.Ələsgərli sözlərinə davam edərək bildirib ki, qəzetlərə neqativ təsir göstərən ikinci amil isə subyektiv məqamlardır: "Məsələn, Bakı şəhərini çıxmaqla, digər ərazilərdə qəzet yayımı infrastrukturu bərbad haldadır. Ənənəvi qəzet yayım sistemləri sıradan çıxıb, yeniləri isə tam qurulub oturuşmayıb. Yayım mexanizmlərinin yetərli olmaması tirajın azalmasına da təsir göstərir. Bu, artıq subyektiv amillərdir. Digər bir subyektiv amil isə qəzet sahiblərinin beynəlxalq trendlərə uyğunlaşa bilməməsidir. Dünyada qəzetlərin formatı, dizaynı, tərtibatı, təqdim etdiyi materialın məzmunu dəyişir, yenilənir, müasir trendlərə uyğunlaşdırılır. Təəssüf ki, bizdə bu proses çox ləng gedir. Qəzetlərin yaşadılması, özüözünü dolandıran halda saxlamaq üçün yeniliklər tətbiq edilməlidir".

Müəllif: Ləman Əlizadə

Digər xəbərlər