“Bakı Telefon Rabitəsi” MMC tərəfindən ötən il ərzində fiber-optik şəbəkənin əhatə dairəsi 474 min ev təsərrüfatına çatdırılıb. Cari ilin may ayının sonuna olan məlumata əsasən 579 min ev təsərrüfatı əhatə olunub və 2023-cü ilin sonuna kimi fiber-optik şəbəkənin əhatə dairəsinin 674 min ev təsərrüfatına çatıdırılması planlaşdırılır". Bu sözləri SİA-ya verdiyi açıqlamada "Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib.Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində icra edilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində hazırda müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir:"Layihə çərçivəsində bu günə qədər ölkə üzrə 1 milyondan çox ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə əhatə edilib. Bu da Azərbaycanın təxminən 42 faiz ev təsərrüfatını əhatə edir. Hazırda 50 rayon və şəhərdə işlər davam etdirilir və planlı şəkildə bütün rayonlar əhatə ediləcək. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır".
Fazil Mehdixanlı