PDF Oxu

Sosial

  • 7 163

Süd anaları niyə qeyb oldu? - PROBLEM

Süd anaları niyə qeyb oldu? - PROBLEM

Bəzən dünyaya uşaq gətirən qadının çeşidli səbəblərdən südü olmaya bilir, 30-40 il əvvəl bu kimi hallarda südü olmayan analar uşaqlarına süd anası tapırdılar, bu körpənin süni qida ilə yox, təbii qida ilə böyüməsinə, eyni zamanda, ailə büdcəsinə xidmət edirdi. Südü olmayan ananın (çox nadir rastlanan vəziyyət idi) övladına qonşuluqda, yaxınlıqda yaşayan başqa körpəli qadın süd verirdi. Doğrudur, onda da süni uşaq qidaları vardı, xatırlayanlar olar, məşhur “Nan”, “Malış” markaları vardı. Amma analar süni qidanı mümkün olduğu qədər uşaqlara vermirdilər, uşaqlar ya süd anası, ya da keçi südü ilə qidalanırdı.

Maraqlıdır, indi həkimlər süd anası alternativini niyə məsləhət görmür analara? İki səbəb var. 1. Süd anasının hər hansı bir xəstəlik daşıyıcısı olması ehtimalı. 2. Süni qidaların satışından əldə edilən gəlirdən məhrum ola bilmək ehtimalı. Birincinin çarəsi var, süd anasının müayinə və analiz nəticələrini görmək və əmin olmaq olar. Amma ikinci ehtimal qalıb həkimlərin insafına.

Birinci övladım rəhmətə getdi, orqanizm o qədər süd istehsal edirdi ki, heç bir vasitə ilə kəsmək olmurdu. İlk doğum təcrübəsi və mənim təcrübəsizliyim - südü dayandırmaq mümkün olmurdu. Keçirdiyim şok, övladımın itkisi də orqanizmi küsdürmürdü. Biz atlı olduq, ətraf piyada, südəmər uşaq ya olmadı, ya da uşağın anası süni qidanı verməyə razı oldu, amma dünyanın ən qiymətli nemətini övladına qıymadı. Poliklinikaya dəfələrlə zəng elədim, getdim, analizdən keçdim, südümün təmiz, mənim tam sağlam olduğumu təsdiqləyən nəticələri göstərdim. Sağlam olduğumu bildilər, südü olmayan analarla əlaqələndirsinlər istədim, etmədilər. Ya həkimlər istəmədi, ya da analar – dəqiq bilmirəm. Mən o südü aylarla kəsməyə çalışdım, ağlaya-ağlaya, heyfslənə-heyflənə.

İkinci övladım doğulanda qoca bir tibb bacısı vardı doğum evində, hər gün əlində balaca şüşə palataları gəzirdi, südü bol analardan qan qrupunu dəqiqləşdirib süd alırdı süddən məhrum qalan uşaqlar üçün. O südü bizdən istəyəndə o qadının simasındakı məhəbbəti, mərhəməti, sevinci və sevgini görəydiniz kaş! Ən çox keysər yolu ilə doğulan uşaqlara verirdi bizdən aldığı südü. Çünki keysər yolu ilə ana olan qadınlarda orqanizm süd istehsalına gec başlayırdı, ya da heç olmurdu. Qoca tibb bacısı uşaqları “ilk peyvənd” adlanan o sehrli iksirdən məhrum olmağa qoymurdu, analarının südü gələnədək süni qida verməkdən qoruyurdu. Bir dəfə bizim palatada süd üçün gözləyəndə baş həkim gördü onu, “yenə balalarına süd axtarırsan, Sara xala?” deyə gülümsədi.

Bir dəfə bu barədə bir araşdırma üçün analar arasında sorğu edirdim bir qrupda. Rəy yazan 60-70 anadan əksəriyyəti süd anasına narazı idi. Ən çox yazılan cavablar da belə idi: "Mən qısqanınıram uşağımı, başqasının südünü əmən görsəm dəli olaram", "hardan bilim o ana xəstə deyil, uşağıma xəstəlik keçər", "ölərəm amma qoymaram, “smes” nəyə yetmir?", “bəlkə o süd verən qadın pozğundur, canidir, mənim uşağıma niyə eləsinin genləri keçməlidir ki?!” Hamısının cavaı var əlbəttə, süd anası axtaranda onun haqqında maraqlanmaq, sağlamlığını təsdiq edən analizlər etdirmək. Amma onlar bunu etinasızlıqla qarşılayırlar, axı mənşəyini bilmədiyimiz süni uşaq qidalarını böyük həvəslə uşağına verən analar üçün yazdıqları sadəcə bəhanələrdən ibarət idi.

Bir ananın yazdığı isə məni çox düşündürmüşdü: "Baldızımla eyni vaxtda doğmuşduq, südüm olmadı, nə qədər yalvardım ki, mənim oğlumu da əmzir gündə bir dəfə, heç olmasa ana südünün az da olsa faydasını görsün, amma əmzirmədi. Südünü sağıb ayaqyoluna tökürdü, amma mənə deyirdi öz uşağıma güclə çatır”.

Süd anası öz uşağını uğurla əmizdirən sağlam qadın ola bilər, siz onun hamiləlik və doğum sonrası müayinələrinin nəticələrini görə, sağlamlığına və xəstəlik daşıyıcısı olmadığına əmin ola bilərsiniz. Əgər hələ narahatlığınız varsa süd anasını müəyyən infeksiyalara qarşı analizlərdən keçirə bilərsiniz - C və B hepatitləri, QİCS və s. İstəyən bir yolunu tapar, övladını bu möcüzəli qidadan məhrum etməz.

Yeni doğulmuş uşaqların yarıdan az hissəsi həyatın ilk saatı ərzində ana südü ilə qidalanmır, bu da onları xəstəliklər və ölüm qarşısında daha aciz edir. Körpələrin yalnız 44 faizi həyatın ilk altı ayı ərzində sırf ana südü ilə qidalanır. Bu, Ümumdünya Səhiyyə Assambleyasının 2025-ci ilə qədər qarşıya qoyduğu 50 faiz hədəfindən azdır.

Ana südü ilə qidalandırma faizinin ölkəmizdə 50 ətrafında olduğu iddia edilir, lakin müşahidə və təcrübələr göstərir ki, real rəqəm daha azdır, amma 10 il əvvəlki 23-25 faizlik göstəricilərə nisbətdə "buna da şükür" deyə bilərik. Əgər bu problem sizə çox xırda görünürsə, demək ki, süni uşaq qidalarının təhlükəsi barədə hələ çox məlumatlı deyilsiniz.

Eqonuzu, lazımsız qısqanclığınızı bir kənara qoyun, südünüz olmaya bilər (niyə olmaması da bir ayrı yazının mövzusudur ki, bu barədə çox yazmışam), mümkün olduğu qədər körpənizə süd anası tapın, indi daş dövrü deyil ki, yoxlamadan, analiz etmədən südü körpəyə verəsən. Süd anası da, südü də lazımı analizlərdən keçirmək, sağlamlığına arxayın olmaq olar. Üstəlik, bəzi “həkimlərin” iddia etdiyi kimi ana südü xəstə ola bilməz, uşağa zərər verə bilməz. O dünyanın ən təmiz qidasıdır və tərkibində zərərli heç nə yoxdur. Təbii ki, qadının zərərli vərdişləri yoxdursa. O ki qaldı sizi süd anasının südü ilə körpənizə genetik informasiyalarını ötürməsinə, buna görə narahat olmayın. Əmin olun ki, yad ananın südündə süni uşaq qidalarında olduğu kimi nə xərçəngə səbəb olan furan və mikotoksinlər, nə anemiyaya səbəb olan perklorat, nə nikotin, nə də qurğuşun yoxdur...

Lalə Mehralı

Digər xəbərlər