Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirməyi planlaşdırdığı “İnsan alverinə qarşı mübarizədə vətəndaş təşəbbüslərinin artırılması” layihəsinin icrasına başlayıb. Bununla əlaqədar olaraq ictimai birliyin toplantısı keçirilib və görüləcək işlərlə bağlı iş bölgüsü aparılıb və müvafiq plan tərtib olunaraq qəbul edilib. HDİM İB-in sədri İlham Əliyev toplantısında çıxış edərək təəssüf hissi ilə bildirib ki, insan azadlıqlarına yönəlik hərəkətlərin qarşısının alınması üçün qanunların qəbul edilməsinə və dövlət strukturlarının fəaliyyətlərinin gücləndirilməsinə baxmayaraq cinayətkar qruplar müxtəlif vasitələrlə öz çirkin əməllərini davam etdirirlər: “İnsan alveri ilə məşğul olan cinayətkar qruplar öz fəaliyyətləri ilə cəmiyyətdə gərginlik yaratmağa çalışırlar. Bu kimi neqativ halların aradan qaldırılması üçün cəmiyyətin bütün təbəqələrinin fəal olmasına zərurət var”.
İ.Əliyev xatırladıb ki, layihə çərçivəsində Bakı və Şirvan şəhərlərində, eləcə də Xaçmaz və Bərdə rayonlarında əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə insan alverinə qarşı mübarizədə nələrə əməl olunması, insan alveri cinayətindən necə qorunmalı və digər məsələlər ətrafında müzakirələrin aparılacağını bildirib. Onu da qeyd edib ki, layihənin icrası zamanı “Səs” internet TV-də dövlət nümayəndələrinin, tanınmış ekspertlərin iştirakı ilə canlı yayımlar təşkil olunacaq və canlı yayımlanan verilişlərdə tamaşaçıların insan alveri ilə bağlı narahatlıq yaradan sualları cavablandırılacaq. Eyni zamanda, sosial şəbəkələrdə elektron bannerlər hazırlanaraq paylaşılacaq.