Zəfər günümüzü yaşadıq və bu gün tarixiləşdi. Bu gün artıq işğaldan azad olunan ərzilərimizdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. İşğaldan azad olunan ərazilərimiz kimi, 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 illik işğal altında qalsa da yenidən öz sakinlərini qoynuna alır. Dövlət başçısının vurğuladığı kimi, "Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə". 1993-cü aprelin 2-də erməni quldurları tərəfindən işğal olunmuş Kəlbəcərdə 511 nəfər şəhid olmuş, 231 nəfər itkin düşmüş, 100-lərlə adam şikəst olmuşdur. 130 yaşayış məntəqəsi, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilmişdi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunmuşdur. Dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri, eləcə də Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri bu ərazilərin tezliklə abadlaşdırılmasından, yeni, müasir əraziyə çevrilməsindən soraqdır. Qeyd edək ki, Kəlbəcərin İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
DÜNYADA ANALOQU OLMAYAN İSTİSUYU
Xatırladaq ki, Cənab Prezidentin Kəlbəcərə səfəri zamanı "İstisu" mineral su zavodunun təməlini qoyulmuşdur. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.
Qeyd edək ki, "İstisu" bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da 27 il işğalda qalmışdı. Kəlbəcərin məşhur olan "İstisu" sanatoriyası da işğal altında idi. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir.
1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutğun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib.
Əlbəttə ki, həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulacaq.
Nəzakət ƏLƏDDİNQIZI