Broyler məshulları ilə bağlı narahatlıq bütün dünyada getdikcə güclənir. Son elmi araşdırmalar bu məhsulların sağlamlığa ziddi zərər vurduğunu sübut edir. Bu məhsulların sadəcə bir üstünlüyü var- broyler toyuğu və yumurtası ucuz olduğundan əhalinin aztəminatlı hissəsi üçün əlverişlidir. Bu məhsulları çox istehlak edənlər pula qənaət etdiklərini düşünürlər. Lakin, sağlamlıq puldan da, hər şeydən də üstündür. Bu gün qənaət edilən pullar tezliklə min dəfələrlə daha çox geri qayıdacaq, sağlamlığın qaytarılması üçün. Bir çox hallarda isə bu heç bir pul müqabilində mümkün olmur.
Broylerlə bağlı bəzi məqamlara aydınlıq gətirək. Bu toyuqlar dəhşətli şəraitdə saxlanır, Günəş, işıq görmür, hərəkət etmirlər, dar qəfəsdə, sanki badımcan yetişdirilir. Gündə 2 dəfə süni işıqlandırmanı tədricən artırıb-azaldır və toyuqları aldadırlar ki, elə bilsinlər 2 gün keçib, 2 dəfə yumurtlasın.
Bu toyuqlar kimyəvi dərmanlar və hormonal tərkibli süni yemlərlə böyüdülür və artıq onun ətində, yumurtasında təbii heç nə qalmır. Bu toyuqlara verilən yemlər genetik modifikasiya olunmuş yemlərdir və həmin yemə də insan orqanizmi üçün olduqca zərərli olan kimyəvi maddə- dioksin də vurulur ki, bu da kəsildikdən uzun müddət sonra xarab olmamasını təmin edir.
Daha bir fakt ondan ibarətdir ki, bütün dünyada broyler fabrikləri 1 ton yemə Avropadan alınan 1 kq Premix hormonu qarışdırırlar. Bu Premiksin içində antibiotiklər var ki, toyuqlar xəstəliklərə tutulmasınlar. Bu antibiotiklər verilən quşlarda bağırsaq florası inkişaf etmir və bu toyuqda sürətli və saxta kütlə yaradır.
Buraya əlavə ostrogen hormonu qarışdırılıb ki, gündə 2 dəfə yumurta versin. Bu ostrogen çox təhlükəlidir, hətta ana bətnindəki oğlan uşağının cinsi orqanlarını inkişafdan saxlayacaq, gələcəkdə qadın xüsusiyyətlərinə sahib olmasına səbəb olacaq qədər dəhşətli təsir göstərir. Xüsusən də, qadın hormonlarının sayını artırması təhlükəlidir. Məlum olduğu kimi kişilərdə kişi hormonları ilə yanaşı qadın hormanları da var. Bu hormonların qızıl nisbəti var, o dəyişəndə, yəni kişilərdə qadın hormonları süni olaraq çoxalanda nəticəsi necə olur, artıq bunu deməyə ehtiyac da yoxdur, hamıya aydındır. Son dövrlərdə cinsi azlıqların sayının artmasında hormonal qidaların payı çox yüksəkdir. Qadınlarda da hormon balansı korlandıqda ciddi fəsadlar verir.
Bundan başqa, Premiksə lifekorotin adlı maddə qatılır ki, yumurtanın sarısı daha sarı olsun təbiiyə oxşasın. Hətta, yumurta özü tünd rəngdə olur və təbiilik təəssürat yaradır.
Bu quşlara öz peyinlərini yedirdirlər ki, tez kökəlsinlər. Həmçinin, çoxsaylı güclü antobiotiklər qəbul etdirilir ki, xəstəliklərə davamlı olsun.
Bir sözlə bu toyuq və onun yumurtasında artıq təbii olan heç nə yoxdur. Tam süni kimyəvi məhsuldur.
Məlum olduğu kimi, xərçəng hüceyrə səviyyəsində ciddi dəyişilik, daha doğrusu hüceyrələrin öz funksiyasını yerinə yetirə bilməməsi nəticəsində yaranır. Bu və ya bu kimi süni kimyəvi qidalar isə heceyrə səviyyəsində dəyişilik aparır. Orqanizmi qida olaraq yalnız təbii məhsul qəbul etməlidir. Hər hansı bir süni məhsul zərərlidir.
Satışdakı toyuqların çoxu şişmiş olur. Bu hormonla dərmanların birbaşa göstəricisidir. Arıq toyuqlar isə ölmüş toyuqlardır ki, dərhal paketlənib satışa göndərilir və kənd toyuğu adı ilə satılır. Hətta bunların ayağına sarı rəngli dərman vururlar ki, guya yağlı kənd toyuğudur.
Artıq bu istehsalçılar və satıcılar əhalini lap axmaq yerinə qoyublar. Mağazalarda broyler toyuğunun üstünə “kənd toyuğu”, yumurtasının üstünə isə “kənd yumurtası” yazıb satışa qoyublar. Özü də bu toyuq 5 manata, yumurta da 20 qəpiyə satılır. Halbuki, bazarda əsil kənd toyuğu 10 manat civarında, kənd yumurtası isə 30 qəpikdir.
Müxtəlif ölkələrdə aparılmış elmi təcrübələr dəfələrlə göstərib ki, broyler məhsulları sağlamlıq üçün təhlükəlidir. Dünyadakı müxtəlif alimlər səhiyyə təşilatları bu məhsullara qarşı kampaniya aparır.
ABŞ-da aparılan axırıncı elmi tədqiqatda sübut edilib ki, gündə 2 və daha çox broyler yumurtası yeyənlərdə yeməyən və ya çox az yeyənlərə nisbətən 2 dəfə çox prostat xərçəngi yaranır.
Rusiyada da aparılan araşdırmalarda isə, broyler məhsullarının artıq çəki yaratması, hormonal balansı pozması, onkoloji xəstəliklərə səbəb olması təsdiq olundu.
Azərbaycanda da broyler texnologiyası bütün dünyadakı kimidir, demək bu təhlükə bizə də aiddir.
Bəs çıxış yolu varmı? Varsa nədir?
Sadə və asan yol var. Yalnız həqiqi kənd toyuğu istehlak edəcəksiniz. Gözünüzün qabağında kəsilmiş rəngli toyuqlar. Sümukləri bərk olur, gec bişir, qazana az yağ atsan belə sousu çox yağlı olur, yeyəndə şirəsi adamın əlinə, ağzına yapışır, çətin yuyulur. Bəli bahadır, broyler toyuğundan 2 dəfə bahadır. Amma hər neçədirsə bu qidadır. Ucuzdur deyə qida olmayan şeyi yemək olmaz. Tutaq ki, un 50 qəpikdir, pulunuz yoxdursa 25 qəpiyə əhəng alıb yeməli deyilsiniz ki? Pulunuz yoxdursa yeməyin, gedin yarpaq yeyin, ot yeyin amma zəhərli məhsulları yeməyin. Ya da 2 tikə murdar qida yeməkdənsə 1 tikə təmiz qida yemək yaxşıdır. 2 broyler toyuğunun yerinə 1 ədəd kənd toyuğu alın. Az yeyin, təmiz yeyin.
Amma kənd yumurtası da deyib hər üstü palçıqlanan və tük yapışdırılan, 15-20 qəpik civarında satılan broyler yumurtalarını da almayın. Deməliyəm ki, bir çox kənd yumurtaları belə broyler yumurtasından fərqli deyil. Hətta, artıq kəndlərdə də bir çoxları toyuqları süni yemlərlə böyüdür, bu yemlərin tərkibində betakorotindən , ostrogendən tutmuş tumuş hər cür təhlükəli kimyəvi maddə var.
Transmilli şirkətlər qlobal qida terorru aparırlar. Quş qripini nəyə görə törətdilər? Ölkələrdə kənd quşlarını kütləvi məhv etdilər. Qlobal broyler sistemi isə bunların əlindədir.
Bu vəziyyət təkcə quşçuluqda deyil, əksər sahələrdə belədir. Bitkilərin çoxu genetik modifikasiyaya məruz qoyulub və təbii halından çıxarılıb. Son illərdə Prezidentin sərəncamları əsasında toxumçuluq təsərrüfatları yaradılıb, yerli toxum növləri qorunur, çoxaldılır. Bunu heyvandarlıqda da, quşçuluqda da etməliyik. Yerli sort heyvan və quşların kəndlərdə artmasını təşviq edə bilərik. Yerli kənd məhsulları ilə əhalini tam təmin etmək, broyler məhsullarını isə ixrac etmək olar. Nəticədə kəndlərdə məşğulluq və bazarlarda təbii məhsulların bolluğu yaranar.
Dediyim problemlər bütün ölkələrə aiddir. Bir çox ölkələr artıq müəyyən tədbirlər görürlər. Biz də özümüzü qorumalıyıq. Xalqımızın genefondunu qorumalıyıq və sağlam cəmiyyət formalaşdırmalıyıq. Hər nə qədər qlobal təzyiq güclü olsa da, hələ ki müqavimət və müdafiə imkanları tükənməyib.
Elçin Bayramlı
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, araşdırmaçı jurnalist