Sosial

  • 1 399

Salam verdim, devikdilər... FELYETON

image

Noyabrın 21-i Beynəlxalq Salamlaşma Günüdür. Məncə bu günə ehtiyac yoxdur. Desəniz ki, başın xarab olub, nə danışırsan, salamlaşma günü düz 50 ildir ki, təsis edilib. Bu günün xüsusi mənası var. Baxmayaraq ki, bu, bizdən çox-çox uzaqlarda-Amerikada iki qardaşın ağlına gəlib, dünya ictimaiyyəti də xoş qarşıladığı üçün bəzi ölkələrdə, hətta Azərbaycanda da həmin gün az da olsa, yada salınır, qeyd olunur, salamlaşma gününün qaydalarına görə, həmin gün hələ hər kəs qarşısına çıxan şəxsə onu tanıyıb-tanımamağından asılı olmayaraq salam verə bilər, mən yenə deyərdim ki, bu günə ehtiyac yoxdur.

Axı niyə yoxdur, deyərsinizsə, cavab verərdim ki, onsuz da bizdə salamı alan yoxdur, bu halda salam verməyə də ehtiyac yoxdur...

Məsələn, bir binada yaşayırsan. Düzdür, demirəm ki, burada hamı bir-birini tanıyır. Tanımasa da, bilir ki, bu mənimlə hər gün liftdə, pilləkəndə bir qalxıb-enirsə, burada yaşayır. Deməli, liftə daxil olursan, “salam, sabahınız xeyir”,- deyirsən, camaat devikir. Sən də başını aşağı salıb bir az peşmanlıq hissi keçirib sonra deyirsən ki, salamımı cəhənnəmə al, gora al, salam Allahın adıdır, məndən demək.

Gedib iş-gücünün dalınca qayıdıb gəlirsən, yenə də üzündən gəlmir axı, başını salıb aşağıya liftə daxil olasan. Deyirsən, salam, axşamınız xeyir. Buradakılar yenə susur. Baxışlarından devikmək yağır...

Nə isə günlərlə salam verirsən, salamını alan olmur. Əksinə camaat devikir devikə bildikcə. Deyirsən, İlahi, mən nə qəbahət etdim ki, bunlar mənə belə tərs-tərs baxırlar. Bu baxışlar bilirsiniz nəyi ifadə edir? Sanki səndən qorxurlar ki, onları soymağa çalışırsan və yaxud pul-filan istəyəcəksən.

Elə burada dahi şairimiz Məhəmməd Füzuli də yada düşür: salam verdim, rüşvət deyildi deyə, almadılar. Sonra da öz-özünə deyirsən ki, ölməz şair bunu 500 il bundan əvvəl deyib. Bunun da üstündən 5 yüzillik keçib, yəni 5 əsr. Bəs bu camaatın təfəkkürü heçmi dəyişməyib...

Vallah, bunlardan nə rüşvət istəyən var, nə də pul-filan. Sadəcə Allahın salamını bir-birimizə qonşuluqda nə üçün verməyək ki?..

Bu səbəbdən də deyirəm ki, qoy dünya 21 noyabrı salamlaşma günü kimi qeyd etsin, hələ üstəlik həmin gün bir-birini tanımayanlar da salamlaşsınlar. Bizə nə dəxli var bunun. Bizdə ki, adama salam verəndə devikir, gəlin camaatı salamla narahat etməyək. Onsuz da:

-Salam.

-

Sabahınız xeyir.

-

-Salam.

-

-Axşamınız xeyir.

-

Belə olan halda, yaxşı, salamlaşmayaq.

Mətanət Məmmədova

Digər xəbərlər