PDF Oxu

Sosial

  • 1 741

Gözümü dörd açıram -FELYETON

image

Deyəndə ki, çoxlarımız geridə qalmışıq, məni qınayırlar ki, sən özün geridə qaldığın üçün müasirliyi görə bilmirsən. Dedim axı necə edim ki, özümə bir çəki-düzən verim, mən də müasirləşim, öndə olanların cərgəsinə qoşulum. Fikirləşdim ki, gözlərimi dörd açmalıyam bundan sonra. Gör-götür dünyasıdır. Baxım, görüm, nə görürəm?..

Ogünü metroda qatara girən kimi gözlərimi dörd açdım ki, bu müasirliklərdən bəlkə bir-ikisini əxz edəm. Baxdım ki, qarşımda bir ana, bir də 5-6 yaşında olan balası əyləşib. Ana özündən razı, müasirliyi ilə ətrafdakılara meydan oxuyan biri idi. Hələ onu da düşündüm ki, görən bunun metroda nə işi var, yoxsa bizim kimi onun da maşını yoxdur, ya da ki, şəhərdəki “probkadan” cana gəlib yerin üstündən imtina edib, altına girib.

Nə isə, uzun sözün qısası, bu ana-balanın hər birinin əlində iri bir smartfon var idi. Uşaq səsli-küylü bir oyun oynayırdı. Ana da telefonda elə məşğul idi ki, başını qaldırıb ətrafa nədir, uşağına da aradabir baxmırdı. Birdən uşağın əli nəyəsə toxundu və yəqin ki oyun itdi. Anasını dümsüklədi. Ana da uşağın üzünə belə baxmadı. Çiyinlərindən qırqovul kimi yapışıb, o tərəfindən götürüb bu tərəfinə qoydu. Yox, qoymadı, çırpdı və “əşi, əl çək də”,- deyərək elə ucadan bir səs çıxardı ki, hamı çönüb onlara baxdı.

Uşaq da qəfil zərbədən elə bil “zıq” elədi və səsini kəsdi. Düzdür, yenə telefonda nəyəsə baxırdı. Amma qorxudan ta anadan heç nə soruşmadı.

Ananın da qaş-qabağı yernən gedir. Özü başdan-ayağa ağappaq geyinsə də, deyirsən bəs, Qara dənizdə gəmiləri batıb. Elə bu zaman qatar dayandı. Ana uşağın qolundan yenə qırqovulsayağı dartıb qatarın qapısından bayıra atdı.

Nə deyirsiniz, mən də müasir olmaq üçün belə edim? Azyaşlı uşağın əlinə telefon verib müasir ailə modeli yaradım? Baş üstə. Birini də özüm alım əlimə, uşaqdan xəbərim olmasın? Baş üstə. Uşaq bir söz soruşanda onu ora-bura çırpım? Baş üstə. Özüm də başdan-ayağa ağappaq geyinim ki, mən müasirəm, dəblə ayaqlaşıram, hamıdan fərqliyəm? Baş üstə.

Mətanət Məmmədova

Digər xəbərlər