PDF Oxu

Siyasət

  • 581

Kəlbəcər Azərbaycanın ən hündür dağ rayonudur

image

Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

8 avqust 1930-cu ildə Kəlbəcər rayonu inzibati rayon statusu almışdır. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir.

Kəlbəcər ölkəmizin ən yüksək dağ rayonudur. Hündürlüyü təxminən 3700 m olan Dəlidağ və Camışdağ zirvələrində yerləşir. Rayonda Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaraları ilə tanınan qədim yaşayış məskənlərindən biridir. Bu yerin hər qarışı özündə tarixin heyrətamiz sirlərini qoruyub saxlayır. Burada aşkar olunmuş 30 min ildən çox tarixə malik olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan Qobustandakı kimi qayaüstü təsvirlər mövcuddur, və qədim türk əlifbası nümunələri dünya arxeologiya elminin ən qiymətli tapıntılarıdır. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayılması haqqında olduqca dəqiq sübutlar verir.

Kəlbəcər rayonunun təbiəti dağlıq relyefi, zəngin çayları, meşələri və yaylaqları ilə xarakterizə olunur. Bu ərazi, dağlıq-ormanlıq zonada yerləşdiyi üçün il boyu soyuq və sərt iqlimə malikdir, lakin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan verir.

Kəlbəcər rayonunun yeraltı sərvətləri zəngindir və əsasən müxtəlif filiz yataqlarını, mineral suları və digər faydalı qazıntıları əhatə edir.

İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və ondan vanna kimi istifadə edilir. İstisu kurortunda mə`də-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olunurlar. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraiyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

Kəlbəcər rayonunun yeraltı sərvətləri arasında qızıl, gümüş, mis, qurğuşun, sink, civə və başqa dağınıq metallar mövcuddur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalıb.

Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsiləsi arasında yerləşir. Göllər vulkan püskürmələri və çayların qabağının kəsilməsi nəticəsində əmələ gəlib. Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən göldür. Böyük Alagöl dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşir, sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi isə 9,4 metrdir. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında suyun temperaturu 14-15 dərəcə olur. Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır. Kəlbəcər rayonunu ikinci ən böyük gölü olan Kiçik Alagöl isə Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 metr, maksimal dərinliyi 4 metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Suyu Böyük Alagölə tökülür.

Ermənistanla həmsərhəd olması Kəlbəcərin də tarixinə amansız işğal faktını yazdırdı. Rayon 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir götürüldü və itkin düşdü. 30 aprel 1993-cü il tarixdə BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi və işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb etdi. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə Azərbaycanın davamlı təkidlərinə baxmayaraq onun icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən sui-istifadə edən Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən başlayaraq Kəlbəcər rayonu ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasına başladı. Ermənistandan və xarici ölkələrdən Kəlbəcərə köçürülən ermənilər 27 il davam edən işğal müddətində heç zaman onun abadlaşdırılması qayğısına qalmadılar. Əksinə, bölgədən qovub çıxardıqları Azərbaycanlıların evlərini zəbt edərək orada yaşadılar və Kəlbəcərin zəngin təbii resurslarını talayaraq vəhşicəsinə istismar etdilər. Ermənistanla 170 km uzunluğunda birbaşa sərhədə malik olması Kəlbəcərin daha çox dağıntılara və talana məruz qalmasına səbəb oldu.

27 senytabr 2020-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa qalxdı. Vətən müharibəsinin elə ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi. Oradakı strateji yüksəkliklər götürüldü və erməni silahlı qüvvələrinin hərəkətləri böyük dərəcədə məhdudlaşdırıldı. Bununla da erməni silahlı qüvvələrinin Basarkeçər-Kəlbəcər yolundan istifadəsinə son qoyuldu və Ermənistan ərazisindən silah-sursat təminatının qarşısı alındı. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan tam azad edildi.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Nigar Həsənova,

AMEA Gəncə bölməsi Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin əməkdaşı

Digər xəbərlər