PDF Oxu

Sosial

  • 3 102

Xirtdəyin qovuşsun, ağzın yara töksün! FELYETON

Xirtdəyin qovuşsun, ağzın yara töksün! FELYETON

Deyirəm ki, gəlin küçədə gedərkən başımızı aşağı dikməyək. Avtobusda, metroda, taksidə əyləşməyək, ayaq üstündə qalaq. Səbir gəldimi, qıçımızı qırıb oturaq evimizdə, amma nə çarə ki, məni eşidib, dinləyən, riayət edən yoxdur.

Axı ataların da bir gözəl nəsihəti var, deyir, evdən çıxdın, təkmi, cütmü, səbir gəldimi, dayan, getmə. Biz nə edirik, ataların bu nəsihətamiz kəlamını qulaq ardına vururuq. Belə olanda isə deməli, özümüz qədrimizi bilmirik, qədrimiz kənardan bilinir. Və deyir ki, əşi, dur da, getmə.

Hə, indi siz nə deyirsiniz, nə edək?

Mənsə siz də deyəcəksiniz ki, yolda başımızı yerə dikməyək. Nəqliyyat vasitələrində əyləşməyək, səbir gələndə bayıra çıxmayaq. Bunun başqa çarəsi yoxdur.

Axı bir də ki, başımızı nə üçün yerə dikməliyik. Məgər utanılacaq bir iş etmişik? Nədi-nədi ki, ötən əsrin axırlarında atalarımız deyib ki, qadın qismi yolda-rizdə başını aşağı dikər. Nə üçün? Nə üçün yoldan keçənlərə deyil, maşınlara, mağazalara, qarşıdan gələnin gözünün içinə, yandan ötənin geyiminə-keçiminə yox, məhz yerə baxmalıyıq? Görəsən atalarımız bunu deyəndə nə düşünüblər? Maraqlıdır, məhz yerə.

Axı yerə baxıb nə görəcəksən? Bircə onu görəcəksən ki, azar vurmuş kişilərdən hansısa bir lomba tüpürüb yerə, keçib gedib. Sən də göyə, yana-yörəyə yox, yerə baxanda, ondan başqa bir şey görməyəcəksən, yediyin-içdiyin burnundan fitil-fitil töküləcək. Deyinə-deyinə gedəcəksən. Deyəcəksən ki, səni görüm xirtdəyin qovuşsun, tüpürməyə yer tapmırsan?

Kənardan da görəcəklər ki, öz-özünə danışırsan, deyəcəklər ki, yazığın başı pozulub; ya dəlidir, ya da o birisindən...

Digər məsələ, çox vacibdir ki, ictimai nəqliyyatda əyləşəsən? Dur da ayaqlarının üstündə. Məgər ağrın-acın var, qocalmısan, yoxsa xəstəsən? İki addımlıq yolda nə üçün əyləşirsən ki?

Əyləşərsən, qalxa bilməzsən, ağlın başına gələr. Sən duracaqsan, ilahi bir qüvvə səni yerə çəkəcək. Qapılar açılacaq, camaat qatardan çıxıb gedəcək, qapılar bağlanacaq. Sən yerində qurcalana-qurcalana qalacaqsan. Camaat avtobusdan enəndə sən əyləşdiyin yerində sayacaqsan. Nədi-nədi ki, ya xanımlardan, ya da “mədəni” kişi və xanımların tərbiyə verdiklərindən biri ağzından saqqızı çıxarıb “tuu” edəndə, düşüb oturacağın üstünə, sən də ayaq üstündə durmaq əvəzinə, oturub keçmisən əngələ, bəlaya.

Və yaxud da evdən çıxanda, səbir gəldimi, qayıt da. Niyə sizə öhdə yoxdur ki?.. Allahla Allahlıq etmək fikriniz var?.. Varsa, gedin, yarı yolda yerə kilidləşəndə ağlınız başınıza gələcək. Bir də baxacaqsınız ki, ayağınız ardınızca gəlmir. Dikilib yerə. Di, buyur, get, görüm, necə gedirsən? Ağlın başına gəldimi? Bəs səbrə inanmırdın. Çək cəzanı. Allaha inanmazsan, arvad-uşağın saqqızına tuş gələrsən, yapışıb yerdə qalarsan.

Söz dinləyən udar, dinləməyən də bizim günümüzə qalar. Gəlin bu gündən yığışdıraq ata-baba nəsihətini, küçədə yerə yox, göyə, yana-yörəyə baxaq ki, xirtdəyi qovuşmuşların pisini görməyək. İctimai nəqliyyatda oturmayaq ki, ağzına yara çıxmışların saqqızına yapışmayaq. Eləcə də səbir gələndə, bir ayaq saxlayaq ki, qapının ağzında, blokda, yolda yenə də kilidləşib qalmayaq. Nə deyirsiniz, bunları edək, ya etməyək?

Mən edəcəm, sizi bilmirəm. Yolda yerə baxmayacağam. Nəqliyyatda əyləşməyəcəyəm, səbir gəldimi, həmin gün iş-filan yoxdur. Vəssalam!

Mətanət Məmmədova

Digər xəbərlər