21 sentyabr bütün dünyada Alzeymer Günü kimi qeyd olunur. “Alzheimer” sürətli yaşlanma nəticəsində beyin hüceyrələrinin ölümünün artması ilə nəticələnən nevroloji xəstəlikdir və müalicəsi yoxdur. İnsanların bu xəstəlik barədə məlumatı azdır. Ümumdünya Alzheimer Günü insanların maarifləndirilməsi və maarifləndirilməsi məqsədi ilə yaradılıb. Bu gün xəstəliyin erkən diaqnozunu təmin etmək çox vacibdir.
Xəstəlik hər gün artır
Alzeymer xəstəliyi yaddaşı və digər psixi funksiyaları pozan xəstəlikdir. Bu xəstəlik son illər insanın gündəlik həyatını normal keçirməsinə mane olan, habelə idrak qabiliyyətlərinin də itirilməsinə səbəb olan ən çox yayılmış xəstəlikdir. Beyin hüceyrələri zamanla azaldıqca beyin kiçilir. Bununla əlaqədar olaraq insanlarda unutqanlıq problemləri yaranmağa başlayır. Yaddaş, düşüncə və davranış funksiyalarının azalmasına səbəb olan bu xəstəlik yaşla əlaqədar da özünü göstərir.
Xəstəlik irəlilədikcə xəstələrin dediyi sözlərdə və etdikləri hərəkətlərdə məntiq axtarmaq lazım deyil. Çünki bu zaman xəstə uşaqdan fərqli olmur. Xəstə özünə qapanıb eyni şeyi israrla deyə, təkrarlaya bilər.
Gündəlik həyata təsir edəcək səviyyədə unutqanlıq yaranır, xüsusilə, son hadisələri və insanların adlarını xatırlaya bilmir. Gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkir, məsələn, alış-veriş, yemək bişirmək və ya məişət cihazını idarə etmək kimi qabiliyyətləri itir. Danışarkən söz tapmaqda çətinlik çəkir.
Tarixləri və ya hər gün getdiyi yolu unudur. Qərar verməkdə çətinlik çəkir, praktiki düşünmə qabiliyyəti azalır, tez-tez istifadə olunan əşyaları səhv yerləşdiriri və yerini unudur. Əhvalda və ya davranışda dəyişikliklər baş verir, məsələn, çox asanlıqla ağlamaq və əsəbiləşmək mümkündür.
Gecə yuxusu olmayanlar təhlükədədir
Gecələr yatmayan insanın beyninin tez qocalmasına səbəb olur, bu da dolayısı ilə ağlını, yaddaşını tez itirməyə səbəb olur. Fransada 3 min insan üzərində aparılan elmi təcrübə də bunu təsdiqləyir. Könüllülərin sürətli düşünmə, qərar vermə və yaddaşı yoxlanıldıqdan sonra məlum oldu ki, gecələr oyaq qalanların normal yatanlara nisbətən yaddaşı, çevik qərar vermə qabiliyyəti zəifdir. Doğrudur, beyin təbii olaraq insan yaşlandıqda yaşlanır, amma gecə yuxusu olmayanların beyni ikiqat sürətlə yaşlanır və bu ağlını itirmə, ciddi yaddaş pozuqluqları ilə müşahidə olunan alzeymer zəstəliyinə təkan verir.
Alimlər gecə növbəsində işləyənlərlə ağlını itirmək, yaddaşın silinməsi, həyatına dair heç nəyi və heç kimi tanımamaq kimi əlamətləri olan alzeymer xəstəliyi arasında bağlılıq tapıblar. Mütəxəssislərə görə gecə işləyənlərin, xüsusilə də, həzm sistemləri başda olmaqla orqanizmindəki dəyişiklər alzeymer xəstəliyinə təkan verir. Bu araşdırma alzeymer xəstəliyinin müalicəsində normal yuxunun nə qədər vacib olduğunu üzə çıxardı.
Metro alzeymer xəstəliyi yaradır
Britaniya alimləri metronun insan orqanizminə zərərini üzə çıxarıb. Araşdırmalar nəticəsində məlum olub ki, metro insanda alzeymer (əqli zəiflik, yaddaşın tez-tez itməsi) xəstəliyini yaradır. Bu, 60-70 yaşlarında olan 5 min britaniyalı arasında aparılmış araşdırma nəticəsində məlum olub. Onların 4%-də əqli zəiflik aşkarlanıb. Məlum olub ki, həmin şəxslər sağlam həyat tərzi keçirsələr də, mütəmadi olaraq metrodan istifadə edirlər. Sağlam şəxslər arasında isə daimi metro istifadəçisinə rast gəlinməyib. Araşdırmalar göstərib ki, xüsusilə pik saatlarda metrodan istifadə insanda düşünmə qabiliyyətini azaldır, düşmənçilik və aqressiyanı artırır, stress yaradır, nəticədə beyin hüceyrələri məhv olur və nəticədə alzeymer baş qaldırır.
Lalə Mehralı