PDF Oxu

Sosial

  • 1 704

Qadın və cinayət: biz tək özümüz üçün yaşamırıq

image

Qadın və cinayət. Bir-birinin əksi olan bu məfhumlar təəssüf ki, çox zaman bir araya gəlir. Qadın cinayət törədir. Lakin bunu necə bacarır, necə həyata keçirir, bax maraqlı olanı da budur. Bizim mentalitetə yad olan qadın və cinayət məfhumlarına rast gələndə təbii ki, düşünməyə, araşdırmağa ehtiyac duyursan. Necə olur ki, nənə-analarımızın gecəli-gündüzlü söhbət və tövsiyəsi, tərbiyəsi qarşılığında biz cinayətkar oluruq? Necə olur ki, anamızın o müqəddəs südü ilə iliyimizə işləyən qadınlıq zərifliyini, ucalığını, incəliyini, munisliyini zora, gücə, əliəyriliyə, dələduzluğa, möhtəkirliyə çevirib cinayət törədir, həbsxana qapılarını üzümüzə açırıq? Necə olur ki, analarımızın o dəruni söhbətlərini dinlədikcə ailə, ana olmaq, körpəmizi sevə-sevə böyütmək kimi qurduğumuz ülvi xəyalları bir səhvlə məhv edirik... Dəyərmi görəsən hansısa dünya malı, yaxşı geyinmək, yaxşı qidalanmaq, yaxşı evlərdə yaşamaq, qonşudan geri qalmamaq xətrinə bu munis hisslərdən məhrum olmağa? Dəyərmi? Biz bu əməllərlə nələri itiririk, bax bunun fərqində olan varmı bu qadınlar arasında? Yəni bir cinayəti törədib həbsxana divarları arasında bir neçə il yaşadıqdan sonra real həyata necə qayıdır insan? Sən yenədəmi o sənsən? Bax bu sual o qədər maraqlı gəlir ki, insana...

Təəssüf ki, qadın cinayət də törədir, həbsxanaya da düşür, hətta orada uşaq da dünyaya gətirir. O məsum uşaqlar isə məhkum olurlar. Bu barədə danışaq...

Biz tək özümüz üçün yaşamırıq

Zamanla həyat bizə öyrədir ki, biz tək özümüz üçün yaşamırıq və yaşamamalıyıq da. İstər cəmiyyətimizin kişi, istərsə də qadını olsun, qulaqlarımıza hakim kəsilən söz o olub ki, elə yaşamalısan ki, səninlə heç kim utanmasın. Yəni, ilk növbədə, bağçada, məktəbdə, məhəllədə, sonra universitet, iş həyatında, daha sonra ailədə, ümumilikdə cəmiyyətdə özünü elə aparmalı, elə hərəkət etməlisən ki, utandırıcı olmayasan. Bəli, bizim tərbiyəmizin bünövrəsində bu amillər dayanıb həmişə. Səhv hərəkətimiz qınaq olunub, valideynlərimizin, müəllimlərimizin, qonşularımızın etirazına, tənbehinə çevrilib. Beləliklə də xarakterimizə doğru olmaq, düzgün yaşamaq, düz yolla getmək kimi keyfiyyətlər sirayət edib. Hələ xüsusilə qızların tərbiyəsi Azərbaycan ailəsində bir başqa xətt təşkil edib həmişə. Onlara ismət, abır-həya, utancaqlıq aşılanıb. Onlara böyüyün-kiçiyin yerini bilmək, həddini aşmamaq, atanın, qardaşın, həyat yoldaşının yolunu gözləmək, hörmətini saxlamaq, qulluğunda durmaq kimi ailə dəyərlərimizi özündə ehtiva edən hisslər aşılanıb. Ən əsası isə qızlarımız ailələrimizdə ana olmağa hazırlaşdırılıb. Onlara ana olmağın sirləri açıqlanıb. Bu şərəfli adın ülviliyi, onun böyüklüyü, eyni zamanda çətinliyi öyrədilib. Bir sözlə, bizə ailələrimizdə “sən tək özün üçün yaşamırsan, sən sabah bir ailənin, bir cəmiyyətin fərdi olacaqsan” deyiblər. Elə yaşa ki, hərəkətindən heç kim utanmasın, söyləyiblər...

Məhkum və məsum uşaqların monoloqu

Ay ana, bətnində mən ola-ola cinayət törətdin. Məni də özünə yoldaş etdin. İkimiz bir arada törətdik o cinayəti. Çünki mən sənin canından ayrılmamışdım, dünyaya gəlməmişdim. Mən doğulduqdan sonra ayrıca şəxsiyyətə çevriləcəkdim, hüquqlarım olacaqdı. İndi tək sənə məxsusam. Ana, sənin həbsxanaya düşməyinlə, məhkum olunmağınla tək özün deyil, bətnindəki mən də məhkum oldum. Mən də sənin kimi məhbusam. Baxmayaraq ki, mən məsum, günahsızam, lakin məni dünyaya gətirəcək varlığın-sənin günahlarının qurbanıyam. Məni dünyaya gətirəcək sənin tək özün üçün yaşamadığını dərk etməməyinin əzabını çəkirəm.

Məni nə üçün buralara gətirib çıxarmısan, ay ana? Mən məhkum ananın övladı olmaq istəmirəm. İstəməzdim ki, mənim anam oğurluq, dələduzluq etsin. Narkotik, spirtli içki qəbul edən, onu satan olsun. Axı bu, sabah mənim kimi yüzlərlə körpənin ölümü, sağlamlıq imkanları məhdud şəkildə doğulması deməkdir. Ay ana, ya məni seçərdin, ya da o yolu. Nə üçün məni də özünə yoldaş etdin. Mən nə üçün həbsxanadakı qadının bətnində doğum günümü gözləməliydim. Mən nə üçün digər anaların bətnindəki uşaqlartək parklarda, xiyabanlarda, açıq, təmiz havada gəzməməliydim. Bilirsən ürəyim nələr istəyir? Sənin ən ləziz yeməkləri yeməni, qanınla qanıma ötürməni istəyir. Mən nə üçün həbsxanada bişirilən eyni yeməklərlə hər gün qidalanmalıyam?

Mən öz evimizdən doğum evinə getmək istəyirdim, həbsxanadan yox. Atamın xəstəxana qarşısında bizi gözləməsini istəyirdim, həbsxana işçilərini başım üzərində görmək istəmirdim. Xəstəxanadan öz evimizə getmək istəyirdim, həbsxanaya yox. Mənimlə bərabər xəstəxanadan çıxan uşaqları gördünmü, ana? Ana-atalarını da gördünmü? Mənim onlardan fərqim nədir? Nə üçün onlarla elə oradaca yollarımız ayrıldı?

Ay ana, mən süd istəyirəm. O südü ki, təmiz, saf ola. İçində nə narkotik, nə spirt olmaya. O südü istəyirəm ki, tərkibi minerallarla deyil, mənəviyyatla zəngin ola. Oğurluq edən əllərdən, dələduzluq edən bədəndən, başqasının ailəsini dağıdan, haqqını yeyən, ömrünü yarımçıq qoyan, mənim kimi körpələri gözüyaşlı, ata-anasız edən ruhdan süzülən südü istəmirəm. Mən qoynundan çiçək ətri gələn ananın qoxusunu çiyərlərimə çəkmək istəyirəm. Qan qoxusunu, çirkab qoxusunu deyil. Mən dilinə yalan, riyakarlıq gəlməyən ananın laylalarını dinləmək istəyirəm, kimlərisə yalanları ilə aldadan, yoldan çıxaran ananın deyil.

Kaş ki, dilim olardı, kaş ki, gücüm çatardı, nə südünü əmərdim, nə qoxunu alardım, nə də səninlə burada bir saniyə qalardım. Mən bu qədər zülmə tabeyəmmi? Elə bilirsən ki, bununla hər şey bitəcək? Günahlarına görə cəzanı alıb həyata əvvəlki kimi qayıda biləcəksən? Bəlkə də sən qayıdacaqsan, bəs mən? Mənə bağçada, məktəbdə, məhəllədə məhkumun övladı deməyəcəklərmi? Sənin bir səhvin mənim ömürlük cəzam, başıaşağılığım, dili qısalığım olmayacaqmı? Kaş ki heç doğulmazdım, kaş ki sənin övladın olmazdım...

***

Bəli, həyatımızda məhkumluqda doğulan, məhbusluğa gözlərini açan, lakin dünyaya gələn bütün körpələr kimi məsum olan uşaqlar var. Nədir onların günahı? Nə üçün başqa uşaqlardan fərqli olaraq məhkumluqda anadan doğulurlar? Nə üçün gözlərini məhbusluğa açırlar? Bu, bir alın yazısıdırmı? Yoxsa həm özünün, həm də övladının alın yazısını etdiyi cinayətlərlə dəyişdirən qadınlarımızın bağışlanmaz səhvidir? Bu barədə söhbət açmağa həqiqətən böyük ehtiyac var.

Kimdir günahkar?

Nədir o körpələrin günahı? Onlar nə üçün məhkum olmalıdırlar? Nə üçün məhbus həyatı yaşamalıdırlar, nə üçün məhbus qadının dünyaya gətirəcəyi varlıq olmalıdırlar? Heç qadınlarımız bu barədə düşünürlərmi? Düşünürlərmi ki, mən hamiləyəm, bir neçə aya uşaq dünyaya gətirəcəyəm. Və yaxud da irəlidə ailə həyatı qurub, ailə, uşaq sahibi olacağam. Düşünürlərmi? Düşüncələri cinayətə meyillənəndə, əlləri oğurluğa uzananda, dələduzluq fikirlərinə hakim kəsiləndə, ayaqları onları narkotik alverinə-kimlərinsə ölümünə fərman verməyə aparanda qadın olduqlarını fikirləşirlərmi?

Qadın ürəyi həssas olur, o necə adam öldürə bilir? Qadın zərif məxluqdur, o necə risklərə gedib oğurluq edə bilir? Qadın özünə necə yaraşdırır ki, övladlarına tərbiyə verəcək dilindən dələduzluq etməsi üçün yalanlar çıxır? Onu bütün bunlara vadar edən nədir? Yuxarıda buna cavab tapmağa çalışmışıq. Əlbəttə ki, bu sualın cavabı o qədər əsassız amillərə bağlıdır ki, dərindən düşünən qadın özünü və gələcəyini utanca çevirəcəyi övladını o amillərdən asılı etməz. Onu cinayət etməyə meyilləndirən hissləri içində boğa, o hisslərlə mübarizə apara bilər.

Qadın heç də zəif məxluq deyil, o, yeri gələndə kişidən də güclüdür. Həm də bu güc tək fiziki deyil, həm də mənəvidir. Qadın analıq hisslərinə, övladına o qədər bağlıdır ki... Heç olmasa bu iki gözəl hissin xətrinə cinayət törətməyin, əziz qadınlar.

Kişilər, sözüm sizədir

Qadınların cinayət törətməsində onlardan çox, kişilər günahkardırlar. Əgər bu gün qadın cinayətindən danışırıqsa, bu məsələyə toxunmamaq yanlış olar. Qadınları cinayət etməyə çox halda kişilər sövq edir, bu, faktdır. Onların qadınlığından-diqqət çəkməməsindən, geyimlərinin uyğunluğundan, dillərinin şirinliyindən yetərincə istifadə edirlər. Qadınları öz iyrənc əməllərinə alət edirlər. Bəzən isə kişilərin özləri qadınlara xəyanətləri-aldatmaları, yalan danışmaları, artıq-əskik hərəkətləri ilə onların cinayət törətməsinə səbəb olurlar.

Kişilər, sözüm sizədir. Belə etməyin. Bəzən sizi sevən, əsiriniz olan, bəzənsə ehtiyacı olan, övladının bir günlük çörəyi üçün sizə ümid edən qadınlardan bu məqsədlə istifadə etməyin. Axı sizləri də bir qadın dünyaya gətirib. Evinizdə həyat yoldaşınız var, qızlarınız böyüyür. Onları düşünün, ətrafınızdakı bütün qadınlara onlara baxdığınız gözlə baxın.

Əslində kişilər qadınların qoruyucusudur. Qadınları qoruyun. Onları öz alətinizə çevirmək istəyəndə analığını düşünün. Gözü yolda, həyatda olan övladlarını fikirləşin. Bəlkə o qadın bir səhv yoldadır, onu bu yoldan qaytarın. Ona yeni bir həyat verin. Bu, həm sizin cəmiyyətimizə, milli mentalitetimizə töhfəniz, həm də Allah qarşısında dəyəriniz olar.

Statistik göstəricilər qadın cinayəti ilə bağlı nə deyir

Bəzən baş verən hadisələrin hər birinə “alın yazısıdır”,- deyib özümüzə təsəlli verməyə çalışırıq. Lakin başımıza gələn hadisələrin hamısı alın yazısıdırmı? Bir qadının cinayət törətməsi onun alın yazısı deyil. Həyat yolunu düzgün seçməməsidir. Sosial şəbəkələrdə məhkum qadınların videoları-söhbətləri, etirafları ilə qarşılaşıram. Aşağıdakı rəyləri oxuyuram. Görürəm ki, etdiyi cinayətə görə onu günahsız saymayanlar, günahkar sayanları hələ qınayanlar da var. Məsələn, dünən insanlardan külli miqdarda pul alıb onların işə düzəlməsinə “köməklik” göstərən, sonda işin üstü açılanda cinayət məsuliyyətinə cəlb edilən bir qadının videosuna baxırdım. Günahlarını boynuna alırdı, peşmanlığını vurğulayırdı. Lakin rəylərdə onu heç də günahkar hesab etməyən qadınlarımız da var idi. Kimisi “uşaqları üçün edib” deyirdi. Kimisi qadını atan həyat yoldaşını qınayır, “düz eləmir, o puldan o da yeyib” yazırdı. Kimisi qayınanasını qınayırdı. Lakin əsl qınaq mənbəyi cinayətkar olmalıdır. Biz ictimai qınaqla qadınlarımızı səhv yoldan çəkindirə bilərik.

Kaş ki ümumiyyətlə, cinayət olmasın. Qadınlarımız xüsusilə çirkin işlərin içində olmasın. Son illər qadınların törətdiyi cinayətlərlə bağlı ölkəmizin statistik göstəricilərinə də nəzər saldım. Maraqlı faktlarla qarşılaşdım. Cinayət törətmiş qadınların sayı son 20 ildə ən yüksək göstərici olaraq 2005-ci ildə 2520, 2010-cu ildə 2318 nəfər olmuşdursa, sonrakı illərdə azalan xətt müşahidə olunur. Belə ki, 2019-cu ildə bu hal 1039, 2020-ci ildə isə 869 olmuşdur. Qeyd olunan illərin hər birində oğurluq, dələduzluq, xuliqanlıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi kimi cinayət növləri üstünlük təşkil edir. Belə ki, 2020-ci ildə qadınlarımız tərəfindən 102 oğurluq, 98 dələduzluq, 34 xuliqanlıq, narkotik vasitələrlə bağlı 83 cinayət törədilmişdir. 2020-ci ildə törətdiyi cinayətə görə 399 qadın həbs olunmuşdur.

2022‐ci ildə 1227, 2023-cü ildə 1299 qadın cinayət törədib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3 faizdir. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb.

Bizim adət-ənənələrimizdə qadının polis, məhkəmə, prokurorluq orqanlarına ayağının dəyməsi böyük qüsur hesab edilib. Qadın nədir, həmin strukturlara getdi nədir, deyilib. Buna görə də çox təəssüf edilməli haldır ki, bizim qadınlar sorğuya çəkilir, həbs olunur. Bu qadınlar arasında həbsxanada körpəsini dünyaya gətirənlərin də olduğunu nəzərə alsaq, yenə də çox təəssüflər olsun...

Mətanət Məmmədova

Digər xəbərlər