Nikah müqaviləsi ailədaxili qanunnamədir, ailənin bir növ konstitutsiyasıdır və davranışlardan tutmuş münasibətə, nikahdan əvvəlki və sonrakı dövrdə əldə edilmiş mülklərdən birgə istifadə edilən əşyaların istifadəsinə qədər hər şey əvvəlcədən qərarlaşdırılır. Nikah müqaviləsi özündə ailənin hər iki fərdinin - ər və arvadın evlilik müddətində həyatını əks etdirir, ortaq qərarların alınmasında, hüquqların pozulmamasında, tərəflərin haqqının tapdanmamasında bir növ yaddaş kitabıdır. Yəni, nikah müqaviləsində evlənmə ərəfəsində və evlilik dövründə qazanılan mal-mülkün idarəsi, həyat tərzinin formalaşması, ərlə arvadın hüquq və vəzifələri, həmçinin, bu kimi maddələr əksini tapır.
Nikah müqaviləsi bağlanmalıdırmı?
Nikah müqaviləsində qeyd olunan bütün bəndlər birlikdə yazılır, müqavilə notarial qaydada təsdiq olunur, möhür vurulur. Bizim kimi mühafizəkar cəmiyyətlərdə bağlanan nikah müqaviləsi heç də həmişə birmənalı qarşılanmır. Xüsusən də, yaşlı nəsil bu məsələdə xeyli aqressivdir. Yaşlılar hesab edir ki, insanlar evlənməzdən öncə mal-mülk davası edirlərsə, şərtlərlə evlənirsə, o ailənin ömrü də uzun olmaz. Təbii ki, haqsız da deyillər. Təəssüflər olsun ki, zaman o zaman deyil, indi hisslərin yerini müqavilələr, sənədlər alıb. Müasir evliliklərin çox az faizi nikah müqaviləsi bağlayır. Müqavilənin bağlanmasında əsas səbəb kimi qadının boşanma halında el dili ilə desək, “düzdə” qalmamasıdır. Axı bizdə belə bir fikir formalaşıb ki, qadın hər bir halda əzilən və haqqı tapdanan tərəfdir.
Bu müqavilə evlənməzdən öncə və ya sonra bağlana bilər, amma evlənməzdən öncə bağlanan müqavilə nikahdan sonra qüvvəyə minir. Qeyd edək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunmalıdır. Müqaviləyə sonradan dəyişiklik edilə bilər, amma tərəflərin hər ikisinin razılığı ilə.
Çox az faiz müqavilə bağlayır
Bu razılaşma müqaviləsi ər-arvadın mövcud olan və ya gələcəkdə əldə edəcəkləri əmlakın bölgüsünə dair də bağlana bilər. Bu halda boşanma olarsa, mal bölgüsü müqavilədə göstərilmiş formada həyata keçirilir. Nikahın etibarsız sayıldığı, yəni tərəflərin boşandığı gün, müqavilənin də qüvvədə qalmasına xitam verilir.
Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən, 2019-cu ildə 63869 nikah qeydə alınsa da, onlardan yalnız 129-da nikah müqaviləsi, 2020-ci ildə 35348 nikahdan 151-də nikah müqaviləsi, 2021-ci ilin ilk üç ayında isə 10334 nikahdan yalnız 28-də nikah müqaviləsi imzalanıb. Müqavilənin bağlanmasında əsas səbəb kimi qadının boşanma halında el dili ilə desək, “düzdə” qalmamasıdır. Axı bizdə belə bir fikir formalaşıb ki, qadın hər bir halda əzilən və haqqı tapdanan tərəfdir. Maraqlıdır ki, bizdə də eynən bu cür baxılır bu müqaviləyə, yəni sırf maddi məsələlər və şəxsi mənafe baxımından. Müasir evliliklərin çox az faizi nikah müqaviləsi bağlayır, ölkəmizdə nikaha daxil olanların təxminən 2-3 faizi nikah müqaviləsi bağlayır.
Nikah müqaviləsi boşanma halında işə yarayır
Bizim reallıqlara görə, nikah müqaviləsi qadının və uşağın sosial təminatı deməkdir. Çünki bizdə hər bir halda qadının hüquqlarının pozulduğu hesab edilir. Amma gerçək nikah müqaviləsi heç kimin haqqını tapdamamalıdır. Düzdür, boşanmalar zamanı qadınların hüququ daha çox hallarda pozulur, amma bu o demək deyil ki, kişilər bütün hallarda qazanır. Əksinə, elə boşanma halları olur ki, qadın ərindən istədiyini “qopara” bilir. Hələ ailənin körpə uşağı varsa, bu, lap asan olur. Bizim kişilər boşananda mal bölgüsü etməyi özlərinə sığışdırmırlar. Boşananda evdən “pencəyini götürüb çıxan” kişilərimiz də az deyil.
Bəzən nikah müqaviləsi dedikdə, əksəriyyət nikahı - zaqsı nəzərdə tutur. Daha üzücüsü isə odur ki, bizim cəmiyyət heç dövlətin rəsmi nikahını da vacib hesab etmir. Gənclərin çoxu “iki könül bir olunca samanlıq seyranlıqdır” deyimini əsas tutaraq, sadəcə, toy edib evlənirlər. Nikaha girmək isə qadının uşaq doğub doğum haqqında şəhadətnamə ala bilməməsi zaman yada düşür.
Ailə Məcəlləsinin 38-ci maddəsində bu müqavilə belə xarakterizə edilir: “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.”
Boşanmanın da bir mədəniyyəti olmalı...
Nikah müqaviləsinin bir üstün cəhəti də var, çünki sözügedən müqavilənin bağlandığı Avropa ölkələrində bizdən fərqli olaraq evli cütlüklər boşananda düşmən kimi yox, dost kimi ayrılırlar. Mal-mülk bölgüsündə heç bir problem yaranmır, hüquqlar tapdanmır, qanun hər iki tərəfi hüquqları pozulmadan boşayır. Bunlar da mentalitetdir, millətin mədəniyyətinin göstəricisidir. Amma bunları bizim hər hansı bir insanımıza danışsan normal qarşılamayacaq, hətta “bu, normal deyil, ailədə belə şeylərin söhbətini aparmaq ayıbdır, mentalitetə ziddir” deyəcək...
Boşanma ərəfəsində məhkəmədə təzminat və ya aliment davası etmək mentalitet məsələsi deyil? Maraqlıdır, məhkəmə salonlarında mal-mülk, miras üstündə saç yolanlar, bir-birinin üz-gözünü cırmaqlayanlar, yumruq davasına çıxanlar, qərarı bəyənmədiyi üçün, hətta hakimə belə hücum edənlər öz hərəkətlərinə normal baxırlar?
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb