Deyirik, ay Molla əmi, vaxtın olanda, bir biz tərəflərə keçəsən, zəhmət olmasa, səninlə bir az məsləhət-məşvərətimiz olacaq. Bizə bir yol göstərəsən, görək, nə edək ki, bu müxalifətin ürəyini sevindirə, üzünü güldürə bilək. Axı nə edirik, alınmır ki, alınmır...
Ay Molla əmi, bunlar o illər hakimiyyətdə olduqları vaxt ölkə ölmüşdü, fatihəsi də çoxdan verilmişdi. Torpaqlar da erməniyə satılmışdı, üstündən də su içilmişdi. Şəhidin, qazinin sayı-hesabı vardı məgər? Xalq da qan ağlayırdı.
Deyirsən sonra nə oldu? Nə olacaq, aradan bir qərinə keçdi. Budur da, ölkə yenidən dirildi, şükürlər olsun. Xalqına sahib çıxdı, ordusunu qurdu, özü də ki, dünya ilə bir oldu. 90-larda erməninin yiyələndiyi torpaqları da geri aldı. Ay Molla əmi, sən Allah, sən qocaman adamsan, 270 ildən bəri bu ölkədə bir qarış torpağın geri alındığını görmüşdün? Yox. Bax, Qarabağ geri alındı, torpaqlarımızdakı quldur dəstələrinin axırına çıxdıq. İndi də bu dövlət Qarabağı yenidən qurur ki, bəs 30 ildə evindən, elindən, yurdundan didərgin düşmüş soydaşlarımız doğma yurduna qayıtsın da...
Molla əmi, bizim bu müxaliflərimiz var ha, bu xalq gülür, sevinir, lakin bunların üzü gülmür axı. Bax, ölkə qüdrətləndi, üzləri gülmədi, ordu yarandı, sevinmədilər, Qarabağı aldıq, yenə üzləri gülmədi. Dedilər, ölkə az qüdrətlənib, bundan artıq olmalı idi. Ordunun nəyi var, daha yaxşı olmalı idi. Ordu getdi Qarabağı aldı, ölkənin də, özünün də qüdrətini göstərdi, bu dəfə sözləri bitdi, dedilər, sağ olsun ordu. Lakin bu ordunun sərkərdəsindən heç söz açmadılar. Biz də dedik, yəqin bunların savadı yoxdur, bilmirlər onu ki, sərkərdəsiz ordu olar?..
Yaxşı, Qarabağı dirçəltməyə başladıq, yenə üzləri gülmədi. Erməni Qarabağa silah daşıdı, keçid-buraxılış məntəqəsi yaratdıq ki, bu qonşuluqdan kənar olmuşlara nəzarət edək, oraya silah aparmasınlar, bizim müxaliflər az qaldılar ağlamağa ki, erməninin yolunu niyə kəsmisiniz? Ay Molla əmi, bizi əsrlərdi tanıyırsan, yol kəsənə oxşayırıq?
Sonra Qarabağda bir yığnaq quldur əmələ gəldi. Onların da axırına çıxdıq, yenə razı qalmadılar. Erməni Qarabağdan gedir, öz xoşu, arzusu ilə, yenə sevinmədilər. Hələ arada dedilər ki, bunlar niyə gedir? Nə bilək, niyə gedirlər, məgər onlara, get, deyən olmuşdu? Belə istədilər, belə də etdilər də.
Hə, Molla əmi, sən ağsaqqal, dünya görmüş adamsan, bizə bir yol göstər, görək, bunların üzünü necə güldürək? Adamın yazığı da gəlir ey... Hamı deyir-gülür, bunlar bürüşüb durublar bir kənarda. Deyirsən, niyə axı bütün xalq bir yandadır, bunlar bir yanda? İndi sən de, biz nə edək ki, xalqın üzündəki gülüşdən bir azca da bunların üzünə sıçrasın?
Molla əmi də, sağ olsun, sonadək bizi diqqətlə dinlədi. Sonra da dedi ki, vallah, mən “Tarixi-Nadir”i bir neçə dəfə oxuyub başa çıxmışam, lakin belə müşküllə birinci dəfədir qarşılaşıram. Görünür, siz bunları incik salmısınız. Bu müxalif dediyiniz nə istəyib, verməmisiniz ki, onlar da nə edirlərsə, könülləri gülmür ki, üzlərinə çıxa, siz də görəsiniz.
Biz də nə deyəcəyik ki? Dedik ki, hakimiyyət istəmişdilər.
Molla əmi başını bulayıb dedi: -Hə, anladım, ay bala, belə deyin də, bunların üzü çətin gülər...
Mətanət Məmmədova