PDF Oxu

Sosial

  • 3 570

Metroda növbə... PROBLEM

Metroda növbə... PROBLEM

Yox, demirəm ki, biz növbə-filan görməmişik. Görmüşük. Elə bu dəqiqə də görməkdəyik. Başqa planetdən gəlməmişik ki... Görmüşük növbələr. Məsələn, 90-cı illərdə çörək növbələri görmüşük. Neft, ərzaq növbələri görmüşük. Həm də necə görmüşük... Səhərin gözü açılmamış qalxıb qışın şaxtasında belə yollanmışıq çörək mağazalarının qarşısına ki, mağaza açılan kimi çörək ala bilək, yoxsa həmin gün külfət ac qalardı...

Səhərin gözü açılmamış yollanmışıq müəyyən olunan yerə ki, neft alıb çırağımıza, sobamıza tökək, evimizi işıqlandıraq, isidək.

Səhərin gözü açılmamış talonumuzu da alıb əlimizə gedib mağazaların qabağını kəsmişik ki, qənd, şəkər tozu, vermişel, yağ və sair ərzaq alaq ki, “şirin çay”,- deyib ağlayan uşaqlarımızın səsini kəsə bilək, “yemək”,- deyib sızıldayan övladlarımızın yanında gözükölgəli qalmayaq.

Bəli, sıralar, növbələr görmüşük. Elə indi də görürük. Məsələn, gedirik marketə, istədiklərimizi götürüb, gəlib dayanırıq kassaların qarşısında, boynumuzu büküb sıramızı gözləyirik. Marketlər var ki, həqiqətən də burada alış-veriş edənlərin sayı çoxdur, buna görə də sıra, növbə çox olur. Marketlər də var ki, 4-5 kassadan yalnız 2-si və yaxud da 1-i işləyir, ona görə də kassa qarşısında boynumuzu burub dayanmalı oluruq.

Bəzən də elə əsassız səbəbdən növbə gözləməli oluruq ki... Deyim, siz də başınıza gəlməmiş olmadığından xatırlayın. Məsələn, dayanmısan kassa önündə, sıra gözləyirsən, bir də baxırsan ki, səndən 5-6 adam qabaqda qırğın-qiyamət başladı. Sən demə, market hansısa ərzağın üzərinə endirimli qiymət yapışdırıb, alıcı da götürüb gəlib, kassada məlum olub ki, yalanmış. Bu zaman qırğın başlayır, nə başlayır. Ta bu dəfə qaldın kassanın qarşısında növbədə ki növbədə. Müştərinin problemi həll olunanadək, mağaza müdiri gəlib məsələni araşdıranadək, sən dayanıb gözləyirsən.

Hələ bəzən də kassalarda pul olmur ki, sənə qalıq qaytarsınlar, kassir gedir pul dalınca. Sən də dəqiqələrlə kassa qarşısında boynunu bükməli olursan.

Növbələr görmüşük, görməmiş deyilik. Məsələn, hərdənbir “Alfon” telefonların yeni versiyası çıxır, şəhərimizdəki bütün rəsmi satış mərkəzlərində növbə haradan-hara olur. İnsanlar sıraya düzülüb bu yeni versiyaya sahib olmaq uğrunda mübarizə aparırlar. Düzdür, biz o sırada heç vaxt olmasaq da, lakin sosial mediada və yaxud da küçədən keçəndə bu mənzərəni izləyərkən 90-cı illərin çörək növbələrini gözlərimiz önünə gətirib, dərin də bir köks ötürüb keçməkdən savayı çarəmiz olmur. Belə növbələrlə qarşılaşanda bir də bircə kəlmə onu deyirik ki, bu camaat görəsən xəstədir, nədir, vallah, bunlara həkim lazımdır.

Nə isə, deyəsən mətləbdən çox uzaqlaşdım, bəlkə də uzaqlaşmadım, sıram gedib uzağa düşdü ki, söhbətə giriş edə bilmirəm.

Yəni, demək istəyirəm ki, biz çox sıralar, növbələr görmüşdük, lakin metroda növbə görməmişdik. Ay qardaşlar, ay bacılar, siz necə, görmüşdünüz? Vallah, dünən saat 17.37-də bizimlə birlikdə metronun “Sahil” stansiyasında olsaydınız, görərdiniz ki, növbə necə olur.

Deməli, stansiyanın giriş qapısının ağzı sağlı-sollu insanla dolu idi. Növbə burada həm sağ, həm də sol tərəfdəki mağazaların qarşısı boyu uzanırdı. Bəlkə yarım saata stansiyaya girmək mümkün olardı, siz deyin, azdı. Saata baxırdım, elə yarım saata kimi daxil ola bildik. Hələ biz qabaqda idik. Arxadakı insan seli isə uzandıqca uzanırdı.

Hə, burada məəttəl qalmayıb, nə edəsən? Deməyəsən ki, metroda da sıra olar? Əlbəttə deyəcəksən. Deyəcəksən ki, vallah, biz zamanla növbələr görmüşük, görürük də, lakin metroda bir gün növbəyə duracağımızı əsla təsəvvür belə edə bilməzdik.

Metroda nə səbəbdən növbə ola bilər ki?.. Çox düşündüm, lakin biz variant tapa bilmədim. Bilən varsa, bizə də desin, çox maraqlıyıq...

Mətanət Məmmədova

Digər xəbərlər