Ömür yarımçıq qalmış bir nəğmə kimidir. O nəğmədə bolluca ümid var, bir az nəşə, bir az da hüzün. Yarım qalan hisslər, arzular, əməllər. İlk insanın danışdığı, ilk duyğular ilk ünsiyyət şeirlə olub. İlkin yazılı qaynaqlar şeirlə başlayan həyata dəlildir. Neçə-neçə arzular qalaqlanır insan ürəyinə, amma hamısı gerçəkləşmir. Nicat Novruzoğlunun “Ruhuma can verən nəfəs” şeirlər kitabı da yarımçıq qalan duyğuların şeirdə davamıdır. Nicat poeziyaya gəldiyi gündən nüfuzunun qayğısıyla deyil, şeirlərinin oxucularının ürəyinə yol tapmasının qayğısıyla alışıb. Bu yolda ustadlardan öyrənib. Məmməd Arazı, Musa Yaqubu, Səməd Vurğunu klassik hesab edib.
Nizaminin, Füzulinin , Nəsiminin, Vaqifin, Sabirin şeir dünyası qarşısında baş əyib, ancaq onun üçün ən böyük məktəb həyat olub, sevinci-kədəri ilə ortaq olduğu insanlar olub. Artıq 2020-ci ildən Nicat istedadlı bir şair kimi etiraf olunur.
“Ruhuma can verən nəfəs”, “Sevgi qandan keçir, damardan keçir” deyən şair poeziyada öz fərdi dəsti-xəttini, deyim və duyum tərzini-Nicatanə tərzini yaradır. Nicat mümkün qədər üzdə olan nomenklatur mövzulardan qaçır,daha çox sadə insanların könül aləmini, əməyini, sevgisini və bu əməyin romantikasını tərənnüm edir. Son dövrlərdə yazdığı “Sözüm”, ”Bayrağım mənim”, ”Şəhid qardaşım”, “Vətəndir vətən”, “Gəlir” şeirləri ilə Nicat həyatda qaynayıb-qarışan,onun gözəlliklərindən vəcdə gələn bir şair olduğunu sübuta yetirir. 2023-cü ildə (“Möhtəşəm Azərbaycan” qəzeti) nəşr olunmuş Vətəndir Vətən şeiri bu misralarla bitirib:
And olsun şanına, şanlı bayrağın,
Əzəldən qadalı-qanlı bayrağın.
Ölsəm də qoynunda ana torpağın,
Altı da, üstü də Vətəndir, Vətən.
Bəli, şairin yaşı onun şeirlərinin yaşı ilə ölçülməməli, şairin şeiri isə ona zirvə olmalıdır, onu ucaltmalıdır. Bu mənada Nicatın hər ili ucalan illər-zirvələşən olmuşdur. Nicatın oxucusu olmaq bu mənada, bu baxımdan şərəflidir. Yəni, sən sevdiyin bu şairdən ötrü heç vaxt narahat olmayacaqsan, çünki o, səni bütün ömrün boyu sevindirəcək təzə-təzə gözəl şeirlər yazıb ortaya qoyacaqdır.
Nicatın yazdığı şeirlərdən hiss olunur ki, o ürəyinin səsinə qulaq asır, qələmə alacağı bədii həqiqəti özünə sübut etməmiş, təfərrüatına qədər gözləri qarşısında canlandırmamış onu yazmır. İrili-xırdalı, zəifli, yaxşılı “Ruhuma can verən nəfəs” adlı kitabında yer alan bu şeirləri həyəcanla, əziyyətlə, əzabla yazıb. Bəli, bu əzab çox sevimli zövq alınası əzabdır. Nicatın poeziyasını dərindən bələd olmaq üçün və onu sevmək üçün onun bütün yaradıcılığı ilə tanış olmaq lazımdır. Elə şair, yazıçı var ki, ilk əsərlərindən ta son yazılarına qədər həmişə öz sevimli yazılarına sadiq qalır, hər dəfə həmin mövzunu işləyəndə onun yeni qatlarını qaldırır, oxucunun gözləri qarşısında müəyyən bir dövrün hadisələri, eyni kəndin, obanın müxtəlif xarakterli insanları canlanır. Ədəbiyyat tarixindən buna aid onlarca misal gətirmək olar, Yaradıcılığının yetkinlik mərhələsinə qədəm qoyan şair Nicat Novruzoğludan söz düşəndə, istər-istəməz onun doğulub boya-başa çatdığı, uşaqlıq və gənclik illərinin keçirdiyi(Ağsu rayon Qırlar kəndi) Şirvan eli yada düşür: bu torpağın sazlı-sözlü mühiti, cəngavərlik ruhu, illərdən bəri qoruyub saxladığı müqəddəs adət-ənənələri onun yaradıcılığında necə də təbii və inandırıcı təsvir edilir. Buna misal olaraq “Kişilər ağlamaz sözün qanmadım”, “Elxas əmi”, “Sulut dağları”, “ Namizəd kişi”, “Unutmaz Vətən səni” və.s bu kimi şeirləri nümunə göstərmək olar.
Yaradıcılıq yolu əzablı, çətin və məşəqqətli yoldur. Kim bu yolu keçibsə, onun əzabına da qatlaşır. Çünki bu əzabda gələcək bədii uğurların rəhni gizlənir. Maraqlıdır ki, Nicat Novruz oğlunun yaradıcılıq nümunələrində keçmiş-ötən günlər bu günlə müqayisədə meyar və örnək rolunu oynayır. Əlbəttə, Nicat keçmişi qətiyyən idealizə eləmir, lakin ata-babalarımızın göz bəbəyi kimi qoruyub saxladığı, müqəddəs sandığı adətləri, xalqın mənəvi varlığını müəyyənləşdirən ənənələi (kişiliyi, qonaqpərvərliyi, namus, qeyrət kimi ən vacib keyfiyyətləri) bu gün üçün meyar sanır. Belə hesab edir ki, bu mürəkkəb və dramatik hadisələrlə başa çatan XX əsrdə çox şey unudula bilər, lakin xalqın mənəvi qüdrətini və xarakterini yaşadan amillər unudulmamalıdır. Nicat Novruzoğlu lirik şeirlərində də səmimi və inandırıcıdır. O öz sevgi işığının pərvanəsidir. O təmiz və ülvi məhəbbətin gözəl tərənnümüdür. Onun məhəbbət lirikası saf duyğular, təmiz hisslər, düzlük, doğruçuluq, vəfa və sədaqət simvoludur. Şair Nicar Novruzoğlu psixoloji məqamlardan bədii lövhə yaradır, sözün gözəllik qatlarını açır, insan duyğularının sözdən sehrini yaradır:
Bir möcüzə əsəridir Qadirin,
Qələm necə edə bilsin təsvirin,
Neçə-neçə xiridarın,şairin,
Şeiridir,qəzəlidir bu gözəl,
Azərbaycan gözəlidir bu gözəl!
Və yaxud başqa bir şeirində:
Ucaltdım sinəmdə,sevgi məbədi,
Möhkəmdir təməli, yıxılmaz qəti.
Verib simasına mələk surəti,
Zəhərli ilan tək çalanlar bizi.
Necə sevənlər var, biz tək yaralı
Taleyi bəd gəlib, bəxti qaralı
Aldanıb qürura, düşdük aralı,
Xar olsun bu günə salanlar bizi!
Məhəbbət lirikası Nicatın poeziyasında canlı, həmişəyaşardır. Onun lirik şeirlərində həqiqi sevən bir ürəyin çırpıntıları eşidilir. Kimisə vəfasızlıqda qınayır. Kimisə əsl məhəbbət mələkəsi kimi sözün qanadında göylərə qaldırır. Və arzu edir ki, gözəl, aydın üzlü, şirin sözlü, çiçək baxışlı olsun. Tənqid, əslində, yeni bir meyar yaxud qadağalar toplusu deyil. O sadəcə bəzi məsələlərdəki fikir aydınlıqlarını ifadə edir. Bəzən tənqid vasitəsi ilə kütləşmiş oxucunu da ayıltmaq olur. Bu cür dəyərli tənqid nümunələri azdır.
Lakin yaşca daha böyük olan sənətkarın öz gənc xələfinə verdiyi məsləhətlərdə tənqidin yaxşı nümunələrinə daha çox rast gəlmək mümkündür. Belə olanda isə o tənqid həmin sənətkarın öz keçmiş təcrübələrinə və gözəyarı dəyərləndirmələrinə əsaslanır. Nicatın səmimi etirafları insanın daxili aləminin mükəmməl təsviridir, məhz buna görədə o oxucularının duyğularını təzələyir, birbaşa oxucuların ruhuna köçür. Həm də sözə fəlsəfi-estetik ideal fövündən baxır: “poeziya ruhları, mənəviyyatı saflığa, təmizliyə çağıran vasitədir. Ona görə də şeirin müqəddəs vəzifəsi-insanı kamilliyə, ucalığa çağırmaq misyası, görünür, heç vaxt köhnəlməyəcək.
Gənc yaşlarından tanıdığım eloğlum Nicat Novruzoğlu ədəbiyyata,yaradıcılığa həvəsindən və məhəbbətindən alovlanaraq sənət meydanında öz sözünü deyir və deyəcək. Mən əminliklə deyə bilərəm ki, və ümid edirəm ki, dilinin sadəliyiylə müasir poeziyamızda yeni fikir, ideya və təşəbbüsə qarşı mənfi emosiyalardan uzaq olan Nicat Novruzoğlunun tutduğu yol haqq yoludur. Söz onun üçün canlı-ruhu, qanı olan bir varlıqdır. Sözsüz ki, bizi onun yaradıcılığında olan zəif nöqsanlarıda bu yazıda qeyd edə bilərdik. Amma adilliyi və aqilliyi ilə Nicatı özünə məftun edən ixtiyar pirlər kimi sözdən utanıb, həyalanmağını və dizibükülməz bir ərən kimi sözə olan məhəbbətini, vurğunluğunu nəzərə alıb ona səpdiyi bu toxum saf,ölməz sözdən cücərəcəyini arzulayaq. Ürəyimizin istəyinə, ruh dünyamıza çox-çox doğma olan, işıqlı şeirlər yazacağı əminliyiylə Nicata ədəbiyyatımıza yeni mükəmməl söz poetik yeniliklər gətirəcəyinə inanıram. Köksündən sel kimi axan, ruhumuzu oxşayan, sözlərini qələmi dil açıb kağıza deyən, hər gün azançı kimi sözün minbərinə çıxan,özünə güvənən, özünə arxalanan, səbrinə qısılan, zərifliyi bir bənövşə həyası olan, gözəl şeirlər müəllifi Nicat Novruzoğlundan sonra qalası olan söz ucalığı arzu edirəm.
Mədaxil Cavadlı
Şair-publisist