“Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. Ölkəmizin iqtisadi potensialı və hazırkı inkişaf dinamikası, eyni zamanda, müasir çağırışlar nəzərə alınmaqla hazırlanan 2024-cü ilin büdcəsi müstəqillik tariximizin ən böyük büdcəsidir. Gələn ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat məbləğində nəzərdə tutulur. Gələn il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ildə də müdafiə və milli təhlükəsizlik xərcləri büdcənin xərc istiqamətləri sırasında əsas yerlərdən birini tutur. Bu, cari ilin təsdiqlənən büdcə layihəsində 5 milyard 320 milyon manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq 2018-ci ildən başlanan sosial islahatlar uğurla davam edir: “2018-2023-cü illər ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşib. Orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2,1 dəfə, əmək haqqı fondu 2,6 dəfə artıb, ehtiyac meyarı yaşayış minimumuna çatdırılıb. Gələn il üçün dövlət büdcəsi dünyada gedən proseslərə uyğun, balanslaşdırılmış bir büdcədir. Həm gəlir, həm də xərc hissəsinin artmı nəzərdə tutulub. Sentyabrda keçirilən antiterror tədbirlərindən sonra torpaqlarımız tam olaraq işğaldan azad olundu, suverenliyimiz təmin olundu. Ərazilərin bərpası, burada məskunlaşma, yenidənqurma işlərinin həyata keçməsi və "Böyük Qayıdış" proqramının uğurla davam etdirilməsi səbəbindən 4 milyard manat vəsaitin sərf ediləcəyi nəzərdə tutulub. Proqrama görə, yaxın 2 ildə bölgəyə 140 mindən çox vətəndaşımızın köçürüləcək. Ümumilikdə isə indiyə qədər bərpa-quruculuq işlərinə, infrastruktur layihələrinə 12 milyard manat vəsait xərclənib. Sosialyönümlü, sosial-müdafiə, sosial-təminat xərclər də büdcədə çox mühüm yer tutur. Təxminən 15,8 milyard manat və yaxud da dövlət büdcəsinin 44%-ni bu xərclər təşkil edəcək. Əmək haqqlarının ödənilməsi, səhiyyə xərcləri, təhsil xərcləri, elm və mədəniyyət xərcləri, sosial müdafiə və sosial təminat xərclərinin hər birində cari illə müqayisədə artım müəyyən edilib”.
Müəllif: Səbinə Hüseynli