Hər dəfə xərçəngdən söhbət düşəndə onun sonlandırdığı həyatlar, yarımçıq qoyduğu ömürlər keçir xəyalımdan. Elə bu günlər sosial şəbəkədə fevralın 4-nün Ümumdünya Xərçənglə Mübarizə Günü olduğu ilə rastlaşanda yenə də həyatlara sarmaşıb-dolaşan, bəzən bir nəslin sonuna çıxan, bəzən bir ailəni yer üzərindən silən xərçənglər yadıma düşdü. Onlar beyinə də sarılır, ağciyərlərə, böyrəklərə, qalxanvari vəzlərə də dolaşır, bəzən dərimizə, bəzənsə qanımıza belə təmas edir. İnsanla xərçəngin münasibətində bir-birini sevən ilanlar ağlıma gəlir həmişə... Lakin bu ilanların sevgisinə etibar varmı? Bir səhvi ilə birinin digərinin ömrünü sonlandırmayacağına qaranti varmı? Bax xərçənglər də belədir. Sanki insana məhəbbətindən, istəyindən sarılır: dolanır başına, dolaşır belinə, köksünə, sinəsinə, ayaqlarına... Lakin onun bu sevdasının sonunu görən minlərlə insan var...
Məqam gözləyən xərçənglər...
Həyat çox qəribədir. Bu qəribə həyat bir tərəfdən də xərçəngə bənzəyir. Çünki bəzən doğmaları bir-birindən öz “sevgisi” ilə uzaqlaşdırırsa, bəzən də qol-qanadını açıb çox uzaqdakıları həyatın hansısa anında bir-birinə sarmaş-dolaş edə bilirsə, bu, eyni xərçəng bənzərliyi deyilmi? Bir həyat hekayəsində olduğu kimi. Həmin hekayəni mən danışım, siz dinləyin...
İllər öncə də həyatın xərçəng adlı xisləti iki uzaq şəhərlərdə yaşayan iki yaxın qohumu yenidən bir-birinin qarşısına çıxarmağa qərar verir. Naxçıvandan Gəncə şəhərinə oxumağa yollanan gənc oğlan institut tərəfindən Bərdə şəhərinə pambıq yığımına aparılır. Valideynləri “bizim orada yaxın qohumlarımız var”,- deyirlər, onları axtar, ara. Gənc oğlan da axtarıb-arayıb əmisi qızının evini tapır, onlarda qonaq olur. Elə hər şey də o tanışlıqdan başlanır.
Onu o evə alın yazısımı, talemi göndərmişdi? İllər sonradan illər öncəyə, sondan başlanğıca nəzər salanda bundan qeyrisini fikirləşmək də mümkün deyil. Gənc oğlan burada tək yaxın qohumlarını tapmır, həmçinin gələcək həyat yoldaşını da gözaltı edir. Əmisi qızının gənc, gözəl-göyçək qızına ilk baxışdan vurulur. Elə əmisi nəvəsi də bu hisslərə biganə qalmır, sən demə elə o da ilk baxışdan sevir, bağlanır. Gənclər arasında uzun bir eşq yaşanır, çünki arada uzun bir tələbəlik həyatı, həm də uzun bir məsafə var idi.
İllər ötməkdə davam edir. Gənclər bir-birilərinə daha sıx bağlanırlar. Bu bağlılıqdan valideynlər də, yaxın-uzaq qohumlar da xəbər tutur. Gün yetişir, oğlanın atası öz qardaşı qızının evinə elçi gəlir, oğlu üçün qardaşının nəvəsini istəyir. Əslində bu qohumluğun yenilənməsinə hər iki tərəf narazı idi. Səbəb? Düşünən olar ki, bəlkə qan qohumluğuna görə. Əsla. Heç bu fikri nə ağlına gətırən olur, nə də dilinə. Səbəbi qiz tərəfi qəribçilikə əlaqələndirir, oğlan tərəf uzaq məsafə ilə.
Nə isə, gənclər nişanlanır, gün yetişir, toy qurulur, şənlik olur. Həmin gün tək o iki gənc izdivaca girmir, bu iki qan qohumunun genetik daşıyıcıları olan xərçənglər də izdivaca girirlər. İllərlə bir-birindən uzaq düşən iki xərşəng saymaqla bitməyən qollarını açıb sarmaş-dolaş olur bir-birinə sanki. İllərin ayrılığını unutmağa, bir şəcərə boyu sıx birləşib nəsildən-nəsillərə ötürülməyə, yeni evlənənlərlə bir yastıqda yaşlanmağa söz verırlər.
Yeni ailə həyata kasıbçılıqla, qayğı ilə başlayır, olmazın çətinlikləri ilə üzləşir, ev tikir, yurd salır, hər bir azərbaycanlı ailəsinə məxsus olanların onların da olmasına çalısırlar. Bu yeni ailənin sıxıntısı çoxaldıqca, xərçənglərin qayğısı azalır, çünki onlar üçün münbit şərait yaranır. Axı kasıblıq xərçənglərin zənginliyi, sıxıntı onların əhval-ruhiyyəsinin yüksəlməsi, stres onların toyu-bayramı, göz yaşı onların qol-qanad açıb bir-birilərinə sarmaşıb dolaşmasıdır...
İllər bir-birini yola saldıqca ailənin ilk qız övladı doğulur, onun ardınca ikinci qız övlad, sonra isə sonbeşık-oğlan gəlir. Övladların gəlişi valideynlərə bir dünya sevinc bəxş edirsə, xərçənglərin sevinc payı iki dünyaya sığmır. Çünki yaxın qohum olan ata-ananın iç dünyasında kök atmış xərçənglər indi yeni ünvanlar axtarışına çıxmışdılar. Övladların sayı artdıqca onların da ömrü uzanır. Onlar yeni yaşayış məkanı tapırlar. Məqam gözləyirlər sarmaş-dolaş olmağa...
Qışa dönən 63-cü bahar
Beləliklə, illər yenə də bir-birini əvəz edir. Günlərin bir günü ömrünün 63-cü baharına qədəm qoymuş atanın həyatına qəfil bir payız küləyi əsir. Elə bil külək ki, illərdən bəri qurub-yaradılanları bir andaca alt-üst edir: əkilən ağacları kökündən çıxarıb yerlərə sərir, evinin daş örtüyünü aparır, həyətinin qapısını sındırır, ağacının barını vaxtsız səpələyir yerə...
Ata başında ağrılar hiss edir. Daha sonra yolda ən yaxın tanıdığı adamla qarşılaşır, lakin adını unudur, onunla salamlaşanda sadəcə “necəsən?”,-deyir. Qarşısındakı isə “bu nə soyuqluqdur?” düşünür. Aptekdə çalışan ata müştərilərə istədiyi dərmanları dərhal verə bilmir. Onların qoyulduğu yeri unudur. İllərlə gözüyumulu götürə bildiyi dərmanlar indi ondan sanki üz çevirib hərəsi bir küncdə gizlənir. Gizlənir ki, ata işini itirsin, xəstəliyi baş-başa verib evinin bir otağına çəkilsin, sonunu gözləsin.
Bu hələ harası idi. Atanı qarşıda daha nələr, nələr gözləyirdi... Yol gedərkən müvazinətini saxlaya bilməmək, gözqaralma, anlıq korlaşma və sair kimi... Və bir gün yerindən ayağa qalxa bilməmək, ayaqlarının taqətini, qollarının bir stəkanı qaldırmaq gücünü itirmək, kəkələyə-kəkələyə danışmaq kimi...
Vaxt çatmışdı. Atanı xəstəxanaya götürürlər, həkimlər ona beyin xərçəngi diaqnozu qoyur və cəmi iki ay yaşayacağını bildirirlər. Sən demə, illərmiş xərçənglərin beynində kök salması. Artıq onun bütün bədəninə sarmaşıb dolaşan xərçəngləri heç bir qüvvə oradan qopara bilməzdi.
Günü-gündən zəifləmələr, hərəkət qabiliyyətinin itməsi, gözlərin dünya işığından məhrum olması, dilin tutulması, rəngin payız xəzəlitək saralması qərib ellərdən özünə yoldaş etdiyinin və onun bu çarəsizliyi önündə çarəsizcəsinə susan üç övladının gözləri qarşısında baş verən ağır faciə olur. İki ay sonra isə ailə öz dəyərlisini itirməli olur.
Sırada ana idi...
Anaya sarmaşıb-dolaşan xərçənglər bu itkinin beşincı ilində özlərini göstərir. Sanki rəhmə gəlmişdi xərçənglər. Ailəyə dərdini unutmaq üçün bu zaman kəsiyini hədiyyə etmişdi. “Bir az özünüzə gəlin, mən az sonra yenidən qayıdacağam”,- deyib bəlkə də qapının ağzındaca gözləmişdilər. Yox, yox elə ananın süd vəzisində gizlənib, zamanın çatmasını gözləyirmişlər. Orada yavaş-yavaş kök atıb həmin beş illik zamanı doldurmağa, öz ədalətini göstərməyə, ərsiz qalmış bir qadına, atasız qalmış üç övlada aman vermək istəmişdilər.
Vaxt çatmışdı. Xərçənglərin illərdən bəri yerləşmə vaxtı çatmışdı. Artıq onlar ətrafa qol-qanad atmaq, yerlərini genişləndirmək əzmində idilər... Beləliklə, ana süd vəzinin birini və qolaltı limfa vəzlərini itirməli olur. Bundan sonrakı həyatı kimya terapiyasına bağlanır: terapiyalar, ürəkbulanma, qusmalar, bağırsaq pozuntuları, iştahasızlıq, halsızlıq və bütün bunların fonunda isə ananın iç dünyasına kəsilən qəm, kədər, övladlarından qopmaq qorxusu...
Birtəhər dözür ana. Xeyli yaxşılaşır, üzünə gülüş, gözlərinə əvvəlki nəvaziş gəlir. Öz dərdindən baş açıb balalarının dərdi-odu ilə maraqlanmağa, onlara qayğı göstərməyə, nəvələrini dizi üstünə almağa cəsarəti çatır artıq. Hamı deyir: ana sağaldı, şükür, bu əlacı olmayan dərd bizdən uzaq düşdü...
Onların gedişi kimi, dönüşü var...
Ananın əməliyyatının beşincı ilində xərçənglər süd vəzindən sümüklərə sıçrayanda hamı sanki qəflət yuxusundan oyanır. Uşaqlar “bu nə idi, başımıza yenidən gəldi?”,- deyir və ananı xəstəxanaya aparırlar. Yenə də kimya terapiyaları başlayır. Lakin bu terapiya sadəcə həkimin savadsızcasına, bəlkə də nəyinsə xətrinə tətbiq etdiyi müalicə idi. Əslində isə iş işdən keçmişdi. Artıq ananın hər an sümükləri qırılırdı. Xərcənglər bir-birinə sarmaşıb-dolaşdıqca qırılan sümüklərin səsi kənardan aydın şəkildə eşidilirdi. Ağrı-acılar ananın içinə sarmaşan xərçəngləri əsla narahat etmirdi. O sızıldadıqca, ağrıdan bayıldıqca, sanki xərçənglər öz uğurlarını toy-bayram edir, bu dəfə sahibinə daha da “sevgi” ilə sarmaşırdılar.
Beləliklə, ömrün çox qısacıq bir anı qalırdı. Sadəcə Allaha məlum anı. Ata ilə ananın xərçənglərə təslimolma dövründə, yəni sadəcə on dörd il çərçivəsində kiçik bacı ankoloji şişlərlə əlaqədar olaraq iki dəfə süd vəzindən əməliyyat keçirir, şişlər çıxarılır, böyük bacı qalxanvari vəzini, sonra uşaqlığını, bacıların tək qardaşı isə böyrəyinin birini itirir.
...Ana oksigen aparatına bağlanır. Artıq xərçənglər onun ağciyərlərinə elə sarılırlar ki, onu nəfəs almağa belə qoymurlar. Bu səbəbdən də ana oksigen aparatı ilə nəfəs almalı olur. Lakin qarşıda bu aparatın da anaya nəfəs verməyə gücünün çatmadığını görmək bir övlad üçün nə deməkdir, bilirsinizmi? Həmin üç övlad gördü o anları da. Növbə ilə, saat-saat bir-birilərini əvəzləməklə ananın başı üzərində onu yelpənəklə yellədilər. Aparat bir tərəfdən, onların yelpənəklə verdiyi nəfəs bir tərəfdən ananın bir udum nəfəsi ola bilmədi. O, dünyasını dəyişdi...
***
Xərçənglərin çox sıx sarıldığı bu ailə bir qohum evliliyinin bəlası qarşısında acizdən acizdirlər. Bəlkə də qohum olmasaydılar, övladlar həm atalarını, həm da analarını vaxtsız itirməzdi. Bəlkə də qohum olmasaydılar, övladların hər üçündə ankoloji problemlər meydana çıxmazdı...
Bu hekayə burada bitirmi?..
Bütün bunlar bir səhvin min bir günahını həyatlarının hər anında yaşayan, xərçənglərin mehir saldığı insanların acı həyat hekayəsidir və bu hekayə burada bitirmi? İnanmaq olarmı? Bəs bir çox orqanlarını xərçənglərə yem etmiş üç bacı-qardaşın yeddı övladı necə? Bu hekayənin çox acılarla dolu ikinci hissəsinin başlamayacagına kim təminat verə bilər? Kim təminat verə bilər ki, o genetik daşıyıcı xarakteri olan xərçənglər nə vaxtsa o ay parçası övladlarla sarmaş-dolaş olmayacaq? Kim?.. O acı xəbəri eşitməyin ölüm şiddətində olduğunu söyləyən həmin valideynlər övladlarını müayinəyə aparmağı həyatın onlara ən çətın tapşırığı olduğundan danışırlar. Bəlkə belə deyərlər, bəlkə elə deyərlər? Ondan sonra yaşamaq olarmı? Elə bu səbəbdən də həkimlər onlara məsləhət görür ki, özləri və övladları tez-tez müayinələrdən keçməlidir. Çünki uşaqların həm baba-nənələri xərçənlərin qurbanı olub, həm də ata-analarının orqanları...
Ümidsizlik həyatın xərçəngidir...
Bir ailədən söhbət açdıq. Lakin eyni taleyə boyun əyən yüzlərlə ailə var. Hələ hekayəsini söylədiyim ailədən də açınacaqlıları var. Lakin ümidsizlik həyatın xərçəngi deyilmi? Ümidsizliyə qapılıb övladlarımızın həyatını xərçənglərin sarmasına yol verməyək. Çünki yeni bir səhv illər oncə o qan qohumlarının etdiyi səhvdən qat-qat böyük olar. Valideynlərimizin etdiyi səhvi bizdən başqa kim düzəldə bilər?
Bəlkə elə bizim xərçənglərlə vaxtında və yetərincə mübarizəyə qalxmamağımız, özümüzə və əzizlərimizə sarmaş-dolaş olmasına biganə qalmağımız onun bütün dünyaya sarmaşmasına səbəb olub. Dünyada görün bir nə qədər insan xərçənglərin qara sevdasından əziyyət çəkir...
Valideynlərimiz, doğmalarımızı, yaxınlarımızı, əzizlərimizi vaxtsız itirmək istəmiriksə, bir-birimizin həkimi olmalıyıq. Müayinələrə vaxtında getməliyik. Ən başlıcası isə bu gün həyatımızı xərçənglərə qızıl teştdə təqdim edən süni qidalara, qidalanma zamanı meyvə və tərəvəzlərin az istehlakına, normal olmayan həyat tərzinə, yüksək bədən çəkisinə, məhdud fiziki fəallığa, tütün və alkoqola, yox, deməliyik.
Həyatımızı xərçənglə mübarizənin rəngi olan lavanta çiçəyinə boyamalıyıq. Çünki xərçənglər bu rəngi də, bu gülün ətrini də sevmir. Sağlam həyat, yüksək əhval-ruhiyyə, gülümsəyən üz və gözlər bu rəngə sığınır, özünü bu rəngdə tapır. Belə isə qoy, hər birimiz dünyaya lavanta ətri saçaq və “Mən varam və olacağam!” deyək.
Mətanət Məmmədova