Sosial

  • 6 112

Beynəlxalq İdman Günü: bədənini tərbiyə et

image

“İdmanın və musiqinin dili yoxdur” deyirlər və hər iksi dünyanı dəyişdirmək gücünə malikdir. İdman fiziki sağlamlıq paylamaqla, musiqi isə ruhi-mənəvi sağlamlıq yaratmaqla. İdmanın din, dil və irq ayrı-seçkiliyi olmadan bütün dünyada inkişaf etdirilməsi prinsipinə əsaslanaraq, BMT-nin Baş Assambleyasının 23 avqust 2013-cü il tarixli 67-ci sessiyasında aprelin 6-nın “İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü” elan edilməsi qəbul edilib.

Fiziki fəaliyyət insan sağlamlığı üçün ən vacib amildir. Xüsusilə də oturaq işdə işləyən insanlar üçün idman, hərəkət daha vacibdir. Fiziki aktivlik tənbəlləşmiş əzələləri oyadır, ürək və qan dövranı sistemini gücləndirir, bədən elastikliyini artırır və ümumi sağlamlığı və gümrahlığı yaxşılaşdırır. Fiziki fəaliyyət müxtəlif yollarla tətbiq edilə bilər, məsələn, idman etmək, rəqs, bədii gimnasitika ilə məşq etmək, gəzmək, qaçmaq, velosiped sürmək, üzgüçülük etmək, həyət-baca işləri görmək, ev işlərini etmək kimi yollarla bədənimizi gümrah saxlaya bilərik.

Fiziki aktivlik olmasa…

Gündəlik həyatımızda fiziki fəaliyyətin olmaması sağlamlıq problemlərinin təməlini qoyur. Daimi oturaq həyat sürmək, ləng hərəkətlərlə yaşamaq ürək və qan dövranı sisteminin sağlamlığına mənfi təsir göstərir, yüksək təzyiq, xolesterin səviyyəsi və piylənmə kimi faktorlar baş qaldırır. Fiziki fəaliyyətin olmadığı hallarda enerji balansı pozula və bədən çəkisi arta bilər. Piylənmə isə öz növbəsində diabet, ürək xəstəliyi, oynaq problemləri və bəzi xərçəng növləri də daxil olmaqla bir çox xəstəliklərə səbəb ola biləcək əsas risk faktorudur.

Fiziki aktiv olmayan insanlar maddələr mübadiləsinin kompleks pozulmasına - metabolik sindroma yaxalana bilər. Bu sindrom yüksək qan təzyiqi, yüksək qan şəkəri, yüksək trigliserid səviyyələri və abdominal piylənməni özündə birləşdirən kompleks xəstəliklər qrupudur. Metabolik sindrom ürək xəstəliyi, II tip diabet və digər xəstəliklər üçün də risk yaradır. Həmçinin fiziki fəaliyyətin olmaması əzələlərin zəifləməsinə və sümük sıxlığının azalmasına səbəb ola bilər. Bu, yaşlandıqca osteoporoz riskini artıra bilər və hər hansı kiçik zədə zamanı ciddi sümük sınıqları yarana bilər.

Fiziki hərəkəti az olan insanlar stress, narahatlıq, depressiya kimi psixoloji problemlər yaşayır. Çünki endorfin və serotonin kimi xoşbəxtlik hormonlarının ifrazını artıraraq əhval-ruhiyyəni yaxşılaşdıran məhz fiziki hərəkət və aktiflikdir. Yuxusuzluq, yuxuya getmədə çətinlik, yuxunun davamlılığının pozulması, yuxu müddətinin qısalması kimi problemləri də adətən fiziki fəaliyyəti olmayan insanlar yaşayır.

İdmandan qaçan dünya piylənmənin tələsinə düşür

Piylənmə müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən vacib sağlamlıq problemləri arasında liderlik edir. Köklük bəşəriyyətin probleminə çevrilib desək, daha doğru olar. Piylənmə bədənin yağ kütləsinin yağsız kütləyə nisbətdə həddindən artıq artması və nəticədə boy uzunluğuna görə bədən ağırlığının normadan artıq olmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən əziyyət çəkir. Bu insanların 650 milyonu böyüklər, 340 milyonu gənclər, 39 milyonu isə uşaqlardır. Hər 7 kişidən 1-i və hər 5 qadından biri piylənmə ilə mübarizə aparır.

Dünya Piylənmə Federasiyasının açıqladığı məlumatlara görə 2035-ci ildə piylənmə ilə mübarizə aparan insanların sayının 4 milyardı keçəcəyini gözlənilir. 2020-ci ilə nisbətən 2035-ci ilə qədər artıq çəki problemində uşaq və gənclərin nisbətinin iki dəfə artacağı, bu göstəricinin 18 yaşa qədər oğlanlar üçün 100 faiz, qızlar üçün isə 125 faiz artacağı gözlənilir. ÜST-ün hesabatlarına görə ABŞ, Çin, Braziliya, Hindistan və Rusiyada piylənmə halları dünya üzrə piylənmənin təxminən üçdə birini təşkil edir. Ürək, böyrək, qaraciyər və reproduktiv orqanlara təsir edən artıq çəki, şəkərli diabet, ürək-damar xəstəlikləri, hipertoniya, insult və müxtəlif xərçəng növlərinə səbəb olur.

“Our World in Data”nın hesabatlarına görə isə dünyada böyüklərin 39 faizi artıq çəkidən əziyyət çəkir. Rəqəmlərə görə, britaniyalıların təxminən 64 faizi, amerikalıların isə 68 faizi piylənir. Siyahıya əsasən, Sakit okeandakı Nauru adası 88,5% artıq çəki və ya piylənmə ilə siyahıya başçılıq edir. Dünyanın ən arıq ölkəsi 18,3% ilə Vyetnam olub. Dünyanın ən kök 10 ölkəsinin hamısı Sakit okeanda yerləşir, ikinci yerdə Palau (85,1%), müvafiq olaraq, 84,7 faiz, 83,5 faiz və 81,9 faizlə Kuk adaları, Marşal adaları və Tuvalu gəlir.

Siyahının davamında ilk 10-luqda Niue, Kiribati, Tonqa, Samoa və Mikroneziya ölkələri yer alıb. Sakit okean hövzəsindən kənarda Küveyt 73,4% ilə on birinci yerdədir. 195 ölkənin yer aldığı cədvəldə ABŞ 15-ci, Avstraliya 25-ci və İngiltərə 30-cu yerdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ən yüksək piylənmə nisbətinin 42,4 ilə ABŞ-da müşahidə edildiyi iddia edilir. 2000-ci ildə 30,5 faiz olan bu göstərici son illərdə sabit artım nümayiş etdirib. 2022-ci ilə qədər ABŞ-ın 17 ştatında piylənmə nisbəti 35 faizdən yuxarı olub. Bundan başqa, ölkədə 2-19 yaşlı hər 5 nəfərdən 1-i piylənmədən əziyyət çəkən kimi qeydiyyatdadır.

Bədənimizi necə qorumalı?

Azərbaycanda xüsusilə qadınlarda artıq çəki problemi yaranır. Ölkəmizdə qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur. İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən ən böyük problemdir. Piylənməyə əsas səbəb kimi hərəkətsizlik göstərilir. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir. Həkimlər bunun səbəbini avtomatlaşdırılmış ev texnikasının tətbiqində görürlər. Belə ki, idmanla məşğul olayan qadınların ev işləri ilə fiziki aktiv həyat keçirə biləcəkləri halda bu işləri texnikanın görməsi qadınların sağlamlıqlarını əlindən alır.

Müntəzəm olaraq idmanla məşğul olan insanın bədən ölçüləri ideal olur, indi qadınların çox həvəs etdiyi bədənə forma vermə əməliyyatına ehtiyac qalmır. Həmçinin hər gün idman edən insanların enerji səviyyəsi daha yüksək, çəkisi idealdır. İdmanla dostluq edən insanlar keyfiyyətli yuxu sisteminə malikdirlər, onlar stressdən uzaq olurlar. Fiziki aktiv həyat keçirən insanın özünə inamı çox olur, çünki daha yaxşı fiziki görünüşü, daha sosial çevrəsi, nailiyyətləri onun özünə inamını gücləndirir. Davamlı idmanla məşğul olan insan adətən nizam-intizamlı həyat tərzi keçirir, zərərli vərdişləri olmur.

Ən sağlam və təhlükəsiz idman növləri gəzinti, qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik məşqlərdir, bu növ idmanlar həm də ürək-damar sağlamlığını yaxşılaşdırır və bədənin yağ nisbətinin azaldır. Doğrudur, ağırlıq qaldırmaq kimi məşqlər də əzələ gücünü artırır, sümük sıxlığını yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir, lakin bu idman növünə kor-kpranə başlamaq sağlamlığa zərər verə bilər. Bunun üçün bir mütəxəssisdən kömək istəmək, nəzarətlə başlamaq daha effektiv olar. Yoqa, fitnes məşqləri kimi idman növləri bədənin elastikliyini artırır, əzələləri uzadır, qaməti yaxşılaşdırır və stressi azaldır. Komanda formasında olan idman oyunları isə həm fiziki, həm də mənəvi-sosial sağlamlığa kömək edir. Futbol, ​​basketbol, ​​tennis və ya voleybol kimi komanda oyunları ürək-damar sağlamlığını artırır, refleksləri yaxşılaşdırır, üstəlik sosial münasibətlər qurmağa təşviq edir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər