Sosial

  • 4 668

Vəkilin də xor gördüyü qadınları kim müdafiə edəcək?

image

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əkrəm Həsənov facebook səhifəsində adqoyma prosesində razılaşmaya gələ bilməyən ailə barədə öz fikirlərini paylaşıb. Hüquqşünas, bir hüquq adamına yaraşmayacaq fikirlərinə görə cəmiyyət tərəfindən haqlı iradla qarşılaşıb. Vəkilin statusundan: “Gənc bir ailə yeni doğulan uşağa ad qoymaq üstündə mübahisə edib. Belə ki, ata uşağa öz anasının Xeyransa adını vermək istəyib. Bununla razılaşmayan qadın demarş edərək evi tərk edib. Əslində, bu problem bir daha göstərir ki, ailədə heç vaxt bərabərlik ola bilməz. Bir nəfərin sözü həlledici olmalıdır. Təbii ki, ərin! Bu, o demək deyil ki, müzakirə olmamalıdır. Olmalıdır. Amma son söz ərdə olmalıdır. İndi görün, nə günə qalmışıq ki, kişi uşağının adını belə qoya bilmir. Kimdir günahkar? Günahkar kişilərdir. Çünki cılızlaşaraq ailədə iqtidarı əldən verə-verə gedirlər. Başa düşmürlər ki, qadının nə deməsi əhəmiyyətli deyil”.

Bu fikirləri bir kişinin yazması hardasa başadüşülən ola bilərdi, “cinslər arası ayrı-seçkilik, gender təzyiqi, kişi hegemonluğu” deyib ötüşdürə bilərdik. Amma bu fikri insanların, dolayısı ilə qadınların da hüquqlarını müdafiə edən bir hüquqşünasın yazması insanda haqlı olaraq təəssüf hissi doğurur. Qadınlara qarşı bu cür düşüncəsi olan bir kişinin məhkəmə salonlarında kimin haqlarını müdafiə etdiyi də mübahisəlidir. Belə çıxır ki, bu kimi vəziyyətlərdə qadınlar məhkəmədən öncə uduzur əslində.

Doğuş bir qadının həyatında verdiyi ən böyük imtahandır, biz o imtahandan dəfələrlə keçirik. Uşağı 9 ay ana bətnində biz böyüdürük, ifadə etməyə heç bir sözün kifayət etməyəcəyi, bu dünyada alternativi olmayan doğuş ağrısını çəkirik. Araşdırmalara görə, insan bədəni ancaq 45 Del (ağrı vahidi) ağrıya dözə bilir. Lakin analar doğuş zamanı 57 Del ağrı hiss edir. Bu 20 sümüyünüzün eyni anda sınması zamanı hiss edə biləcəyiniz bir ağrıya bərabərdir və analar bilə-bilə, sevərək, istəyərək çəkir bu ağrını. Kimin üçün? Övladı üçün.

O uşağın qazı var, qulaq ağrısı, diş ağrısı, yuxusuzluğu, narahatlığı var - hamısını balamızla birgə keçiririk. O bir dəfə ağrıdan qışqıranda biz min dəfə ölüb-dirilirik. Gecələri dirigözlü sabah edirik, qucağımızda uşaq evdə o yan-bu yana yol metrələyirik. Bunu bizimlə birlikdə kim edir? Ata, nənə-baba şirin yuxuda olanda biz mürgülü-mürgülü doğan günəşi salamlayırıq. Ad bizim haqqımızdır, ad ananın haqqıdır. Ata uşağa ad qoya bilməz? Əlbəttə ki, qoyar, amma ananın razılığını almaqla. Ananın xeyir-dua vermədiyi ad övladına xeyir gətirməz.

Məlumat üçün qeyd edim ki, sözügedən ailədə ata övladına öz anasının adını – Xeyransa adını qoymaq istəyib. Xeyransa adı bir dövrün ən çox qoyulan adlarından olub, mənası “ən yaxşı qadın” deməkdir, amma günümüzdə köhnəlmiş ad hesab edilir. Ad mənaca yaxşı ola bilər, amma dövrlə də uyğunlaşmalıdır. Uşaq böyüyüb məktəbə gedəcək, yoldaşları olacaq. Uşaqlar bəzən öz yaşıdlarına qarşı çox qəddar ola bilirlər, qəribə hesab etdikləri adlara qarşı humanist ola bilmirlər. Məktəbli övladı olan valideynlər bilər, adına görə məktəbdə stiqma, bullinq ilə üzləşən uşaqlar var.

Bir neçə ay öncənin söhbətidir, məktəbdən qızımı götürməyə getmişdim. Həyətdə zəngin çalınmağını gözləyirdik. Zəng vuruldu, uşaqlar hay-küylə həyətə axışdı. Hərə öz valideynini axtarır. Yaxınımdan bir səs eşitdim: “Gülçiçək, Gülçiçək, buradayam gəl”. Anası idi, qızını götürməyə gəlmişdi. Adı eşidən bütün valideynlər çevrilib baxdı, ad üzümüzdə təbəssüm yaratdı. Axı daha qoyulmur belə adlar.

Doğrusu, uşaqlara həm milli köklü, həm də müasir ad seçməyin tərəfdarıyam. Həmçinin mənası gözəl, bütün dillərdə səslənməsi estetik, virtual platformada istifadəsi rahat olmalıdır. O səbəbdən uşaqlara ad seçəndə tərkibində ə, ü, ğ, x, ö, ş kimi hərflər olan adlar olmamasına diqqət etmək lazımdır ki, virtual platformada yazıldıqda dəyişikliyə uğramasın.

Məsələn, Lalə adını virtual məkanda ya Lala, ya da Lalə olaraq yazmalı oluruq, amma Sevda adını olduğu kimi yazırıq. Bu hərfləri ona görə deyirəm ki, onlar olanda ad başqa dillərdə başqa cür tələffüz edilir. Əli adını başqa dildə tələffüz edəndə Ə hərfi A ilə əvəzlənir, amma tutaq ki Azad adı dəyişmir.

Çox görürəm, uşağına Məhəmməd adı verib onu Maqa, Mika çağıranları. Adı bəyənərək, sevərək qoymaq lazımdır uşağa, nə uşaq, nə valideyn narahat olmamalıdır o addan. Qadınlar var, çox ağrılı hamiləlik dövrü olur, əziyyətlə başa vurur, bütün risklərə rəğmən övladını dünyaya gətirir, amma öz istədiyi adı qoya bilmir övladına. Ailə böyükləri müdaxilə edir, ər icazə vermir, nəticədə hamının istədiyi olur, anadan başqa. Çoxdur belə analar, təklikdə övladını qoymaq istəyib, qoya bilmədiyi adla çağırır.

Ölkəmizin adqoyma mədəniyyətində təkrarlanan ad çoxdur, bir sinifdə 3 Mədinə, 4 Məhəmməd, 2 Hüseyn, 5 Zəhra olur. Kim olduğu anlaşılsın deyə ayama qoşulur uşaqlara – eynəkli Məhəmməd-qara Məhəmməd, balaca Zəhra-uzun Zəhra, arıq Hüseyn, kök Hüseyn. Əslində ad alternativimiz çoxdur, amma var olan adları bəyənməyən olanda da yaradıcılığı olan özü yeni ad yarada bilər, milli köklü və gözəl mənası olan. Bütün hallarda uşaqlara gözəl ad verin ki, utanmasın adından. Xeyransa adı mahiyyətcə, mənaca gözəl ola bilər, amma çağımızla səsləşmir, körpə uşağa bu adı vermək onu yaşından tez böyütmək deməkdir. Adın çəkisi ağırdır çünki.

Bir qız tanıyırdım, Balabacı qoymuşdular adını, nə məktəbdə, nə yaxın çevrəsində heç kimlə ünsiyyət qurmurdu qız, yeni tanışlıqlardan qaçırdı həmişə. Valideyninə yalvarırdı adını dəyişsinlər deyə, əhəmiyyət vermirdilər. 18 yaşı olan kimi məhkəməyə müraciət etdi, adını dəyişib Nazlı etdi. Anası öz nənəsinin adını vermişdi, dəyişməyə icazə vermirdi, dəyişəndə də "haqqım haramın olsun" demişdi övladına. Siz gənc qızın seçdiyi adın məna yükünə, anlatdığı anlama, ifadə etdiyi incə detala baxın, nazının keçmədiyi ailədə varlığını sübut etmək üçün Nazlı etdi adını.

İllər əvvəl Salyanda dərmandan zəhərlənib ölən qız vardı, adı Gülmira. Onun adı özündən əvvəl doğulmuş iki bacısına da verilib. Hər iki Gülmira uşaq ikən ölüb - biri su quyusuna düşüb ölüb, onun ölümündən sonra doğulan qıza da Gülmira adı verilib, o da yanğında ölüb. Ailə isə inadla eyni adda israrçı olub, ölən qızlardan sonra doğulan 3-cü qız övladlarına da Gülmira adını verib, o qız da dərmandan zəhərlənib öldü. Ad taledir deməli.

Tanıdığım bir ailənin oğul balasının adını Güloğlan qoyublar. Baba israrla öz adını verib uşağa, anası uşağın adını qətiyyən tələffüz etmir, “ürəyim”, “balam” kimi əzizləyici sözlərlə çağırır. Adqoyma haqqında danışanda ananın gözləri dolur, kövrəlir. Ona, öz övladına ad qoymaq haqqını tanımayıblar, bir dəfə qəhərlənərək “balamın adını Cavidan qoymaq istəyirdim, babası icazə vermədi ki, öz adımı qoyacam. Qoydu, amma mən balamın adını deyə bilmirəm, içimdən gəlmir. Məktəbdə, küçədə uşaqlar lağ edir adına” dedi.

Uşaqlar bizim deyil, biz onları yaradandan əmanət götürmüşük. Onlar üçün planlar quranda, haqlarında qərar verəndə iki dəfə düşünməliyik. Nənə, baba əzizdir, amma onların adı hökmən yeni doğulan körpəyə verilməli deyil. Gəlinə qarşı münasibətlər də tənzimləyə beilir bəzən bu təklifləri, elə qayanana-qaynata ola bilərsiniz ki, gəlin özü sevərək təklif etsin adınızı övladına qoymaq üçün. Bu zorakı olmamalıdır, olmaz. Adqoyma mərasimi əhəmiyyətlidir, yüz ölçüb, bir biçmək lazımdır. Uşaqların öz adından utanmasına səbəb olmayın. Təsəvvür edirəm, oğluma Balaqardaş, qızıma Xırdaxanım adı versəydik nə olardı ? Onlar da bir gün ad dəyişərdilər haqlı olaraq.

Məlumat üçün qeyd edək ki, Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Əgər bu mərhələdə də bir nəticə əldə edilməsə işə məhkəmə baxır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər