Sosial

  • 1 003

Dünya Kitab və Müəlliflik Hüququ Günü TƏHLİL

image

23 Aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilmiş qərara əsasən həmin gün qeyd olunur. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq, bu gün bütün dünyada qeyd olunur. Bu gün dünya şöhrətli dramaturqlar Vilyam Şekspir, Migel de Servantes və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir. Azərbaycanda isə həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında, qorunub-saxlanmasındakı rolunu göstərmək, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaqdır. Eyni zamanda, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub-saxlanmasına yönəltməkdir.
Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı Ümummilli Lider Heydər Əliyevdir. Məhz Onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaradıldı və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun qəbul olundu.

ƏQLİ MÜLKİYYƏT SİSTEMİ BEYNƏLXALQ SƏVİYYƏYƏ YÜKSƏLDİ

Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq səviyyəyə yüksəlməsinə yol açıldı. Ulu Öndər Heydər Əliyevin tövsiyələri əsasında Avropa məkanında, ilk dəfə olaraq, MHA tərəfindən "Azərbaycan folklor nümunələrinin qorunması haqqında" qanun layihəsi hazırlandı. 2002-ci ildə isə "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Qanun qüvvəyə mindi.
Müasir dövrdə "ƏMH təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" unikal qanunlardan, 100-ə qədər normativ-hüquqi sənədlərdən ibarət olan Azərbaycanın müəllif-hüquq bazası mövcuddur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində, piratçılığın səviyyəsi müxtəlif sahələrdə nəzərə çarpacaq dərəcədə aşağı düşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir dəyişikliklər edilib və onlara əlavələr olunub. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşib, 2004-cü ildə "Məlumat toplularının hüquqi qorunması haqqında" Qanun, 2012-ci ildə isə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul olunub. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən düşünülmüş siyasətinin nəticəsi olaraq, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş sıralara daxil edilib və nümunəvi sistem kimi qəbul olunub.

MİLLİ MUSİQİMİZƏ XAS NÜMUNƏLƏRİN ERMƏNİLƏR TƏRƏFİNDƏN OĞURLANMASI

Maraqlıdır, müəlliflik hüququ ilə qorunan obyektlər hansılardır? Ədəbi əsərlər - elmi nəşrlər, romanlar, poemalar, pyeslər, məlumat nəşrləri, qəzetlər və jurnallar, kompüter proqramları, məlumat topluları və multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər, musiqi və xoreoqrafiya əsərləri, təsviri sənət əsərləri, məsələn, rəsmlər, cizgilər, fotoşəkillər və heykəllər, memarlıq əsərləri, həmçinin reklam rəsmləri, coğrafi xəritələr və çertyojlar və s. ola bilər. Mənbəlrdə qeyd olunduğu kimi, müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarla yanaşı, müstəsna əmlak hüquqları vardır. Onların əsərdən istifadə etməyə, yaxud razılaşdırılmış şərtlərlə əsərdən istifadə hüququnu digər şəxslərə verməyə müstəsna müəllif hüququ vardır.
Ermənilər tərəfindən Azərbaycan milli musiqimizə məxsus numunələrin oğurlanması hallarına tez-tez rast gəlinir. Azərbaycan bəstəkarı Cahangir Cahangirovun "Zərif gülüşlüm" adlı musiqi əsərinin Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən "Qaram dardzats" adı altında ifa edilməsi mənimsənilməsi plagiatdır. Adlarını qeyd etdiyimiz "ifaçılar" tərəfindən Cahangir Cahangirovun adı göstərilməməklə onun əsərinin oxunması müəllif kimi hüquqlarının pozulduğunu göstərir. Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun "Bayatılar", "O gələndə", "Bir payız gecəsi", "Yarı səndə, yarı məndə" və "Gecələr keçir" əsərlərinin müxtəlif erməni "ifaçı"ları tərəfindən mənimsənilməsi və "Youtube" kanalında və digər internet şəbəkələrində yayılması onların bu sahədə də Azərbaycan xalqının sərvətlərini mənimsədiklərini göstərən dəlillər sırasındadır. Eləcə də Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi təqdim etmələri olsa da bunlara müvəffəq ola bilməyiblər. Həmin musiqi alətləri Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması öz təsdiqin tapıb.
Xatırladaq ki, Əlixan Səmədovun balabanda ifa etdiyi "Sən gəlməz oldun"u Civan Qasparyan balabanda təkrarlayaraq, öz adına çıxarıb. Onun oğurladığı Azərbaycan mahnıları sırasında Tofiq Quliyevin "Sənə də qalmaz", Rauf Hacıyevin "Saçlarına gül düzüm", Eldar Mansurovun "Melodiya" və "Gecə zəngləri" və s. var. Bütün bu və ya digər əsərlər ermənilər tərəfindən oğurlanıb.
Rus yazıçısı Bestujev-Marlinski və alman Haksthauzenin yazdıqları fikirləri xatırlatmaq yerinə düşərdi: "Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar", "Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə türk dilində yazırlar". Bu fikirlər artıq hər şeyi demiş olur. Vaxtilə "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib" kimi Azərbaycan dastanlarını da öz adlarına çıxmağa çalışıblar.

MƏHV OLMUŞ QİYMƏTLİ KİTAB VƏ QƏDİM ƏLYAZMALARIMIZ

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində minlərlə qiymətli kitab və qədim əlyazmalarımız məhv olmuş, tarixi və mədəni abidələrimiz dağıdılmış, işğal edilmişərazilərdə qeyri-qanuni aparılmış qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar ermənilər tərəfindən mənimsənilmişdir. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün Azərbaycan torpaqlarının həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı müxtəlif yollardan istifadə ediblər. Əqli və maddi-mədəni oğurluqlarla, tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırıblar. Erməni vandalizmi nəticəsində, Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən, 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb.
Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənlər vəhşilik missiyalarını həyata keçiriblər. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazandı. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sıradadır. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.
Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarına ziddir. Bütün qeyd olunan bu və digər abidələrimizlə yanaşı, Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələri də - Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir.
Ermənilər Azərbaycanın adət-ənənələrini, tarixi abidlərini, musiqini, musiqi alətlərini, mətbəxini və digər nümunələrini öz adlarına çıxmağa çalışıblar. Bu məqsədlə, ermənilər hər bir yola, hətta cinayətə də əl atıblar. Azərbaycan xalqının mədəni irsinin qorunması, ermənilər tərəfindən özününküləşdirilməsinə yol verilməməsi üçün ciddi addımlar atılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər