Sosial

  • 3 987

Sizə Bakıdan danışım...

image

Haqqında danışacağım şəhər bizə çox yaxındır, yaşadığımız, hər gün sübhü onunla açdığımız, Günəşi qüruba birgə yola saldığımız, müqəddəs Vətən torpağımıza təmas edən sinəsindən şırımlanan yollarla, küçələrlə, parklarla addımladığımız şəhərdir. Bizi evdən işə, işdən evə, yeni-yeni sabahlara, gələcəyə aparan, uşaqlığımızın, gəncliyimizin şahidi, yaşlılığımızın həmdəmi, xatirələrimiz, düşüncələrimiz, bir də ki qürurumuzun ünvanıdır, bu şəhər. Sizə haqqında danışacaqlarımı özü mənə danışan bu şəhər Bakıdır. Bəs o necə danışır? Bu barədə fikirlərimi sizinlə bölüşüm, siz də dinləyin. Hansı səbəbdəndir, bilmirəm, hər yerində onunla dialoq qura bilir, söhbətini dinləyirəm. O, danışır, mənə özündən danışır...

Bakı bir melodiyadır

Həm də sanki bu söhbətlərdə bir musiqi ritmi var, o, həzin bir melodiyaya çevrilib axır qulaqlarıma. Belə qənaətə gəlirəm ki, bu şəhər bir musiqi əsəridir. Sözləri də, bəstəsi də özünə aid bir musiqi əsəri. Bu əsərin adı isə “Danışan şəhər”dır. Bu melodiyanı əsrlər öncə Bakı dənizi də adlandırılan Xəzər sularında yaradıb, bəzən həzincə, bəzənsə dəlicəsinə dalğalanan sularında. Axı Xəzər Bakıya aşiqdir. Bəzən sevgisini həzin-həzin anladır, bəzənsə dəlicəsinə-küləklərini bu şəhərin üz-gözünə təmas etdirməklə böyük bir məhəbbətindən bəhs edir. Xəzərin həm də bu şəhərə qısqanclığı var. Onu başqa sevənləri gördüyü an küləkləri ilə sanki qovur şəhərdən onları. “Bakı mənim-Xəzərindir”,- deyir. Dinləyin, bu bir məhəbbət simfoniyasıdır. Bu simfoniya gözlərimiz önündə əsrlərdir, bir dənizin bir şəhərə sevdasından danışır. Bu sevginin tarixi 5 min ildən artıq bir zamana bağlıdır.

Qədim Bakı

Bakı özündən danışır, Şərqin qocaman və ən böyük şəhərlərindən biri olduğundan, qədimliyindən... XII əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə Bakı xanlığının əsas şəhərlərindən biri olduğundan danışır. Onun haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Fironu Menesanın dövrünə aid əlyazmalardan, Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalardan, arxeoloji tapıntılardan, eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə ətrafında-40 km cənub istiqamətində saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısından bəhs edir. Zığ gölü, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan yaşayış məntəqələrində III-I minilliklərə aid arxeoloji abidələrindən və bütün bunlara əsasən 5,5 mindən çox yaşı olduğundan danışır.

Bu şəhər köksündə 5-7 əsrlərə aid Sasani dəfinəsinin tapıldığından, bunun isə o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərdiyindən söhbət açır. Adının V-VI əsr mənbələrində Bağavan və Atəş-i Baquan, X əsr ərəb mənbələrində Bakuyə, Bakuh, Baku, XV əsr rus məxəzlərində Baka, Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə kimi adlandırıldığını vurğulayır.

Qara qızıl şəhəri hələ erkən orta əsrlərdə iqtisadiyyatının əsasını təşkil edən neftdən, duzdan, Bakı və Abşeron bölgəsində becərilən boyaqotundan və dillər əzbəri zəfəranından söhbət açır. Coğrafiyasından, şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsidə -“İpək Yolu” üzərində zəngin bir şəhər kimi tarixi mənbələrdə haqqında bəhs olunmasından danışır. İstehsal olunan məhsulların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracının o dövrün feodal şəhərinin inkişafının mühüm amili olduğundan bəhs edir.

Bakı sanki Günəşdən qopan alov dilimlərindən, o alov dilimlərindən danışır ki, uzaq tarixdə bu yerlərə yolu düşən səyyahlar dönə-dönə Abşeronun “alov dilimləri” haqqında heyrətlə yazırdılar. Digər bir alov-şəhər yaxınlığında olan “dəniz daşından çıxan alov” barədə məlumat verirdilər.

Dinləsəniz Bakını, o sizə X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən olduğundan, liman şəhəri kimi məşhurlaşdığından, XII əsrin birinci yarısında çəkilən qala divarlarından, Qız qalasından danışar...

Abidələr şəhəri

Abidələr bu şəhərin hüsnünü bəzəyir, dünənindən xəbər verir, qədim tarixini təsdiqləyir. Bakı köksünə sığınan abidələrindən danışır, YUNESKO-nun Ümumdünya irsi siyahısına salınmış yaşayış məhəlləsi və tarixi-memarlıq qoruğundan- İçərişəhərdən, burada-açıq havada yerləşən müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələrinin yaratdığı nadir muzeydən, qoruna-qoruna günümüzədək gəlib çatmış Şirvanşahlar sarayından, Qız qalasından, Sınıq Qala minarətindən danışır.

Qız qalasında faciəvi bir rəvayətə şahidliyini ürək ağrısı ilə vurğulayır. Xəzərin bu faciəyə göz yaşlarından yarandığından, o qızın fəthedilməz, sarsılmaz obrazından söhbət açır. Xarici turistlərin Bakıya gələrkən mütləq bu qədim abidənin tarixi ilə maraqlandıqlarını, buradan onun sevimli Xəzərini seyr etdiklərini deyir.

Tikintisi bütün XV əsr ərzində davam etdirilmiş, Azərbaycan memarlığının ən böyük abidəsi, bir çox tikililərdən ibarət bütöv bir memarlıq ansamblı olan, kompozisiya və planlaşdırılmasına görə dünyada analoqsuz Şirvanşahlar Sarayından qürurla danışır bu şəhər... Suraxanı qəsəbəsində yerləşən XVII əsrin atəşpərəstlər məbədi – Atəşgahdan, onun qaya üzərində qürurla dayanmasından, burada yerin altından çıxan qaz sayəsində min illərlə od yanmasından, bu odun istisinə yığışanlardan söhbət açır.

Köksünə yaxın bir yerə sığınan, 2007-ci ildə Qobustanın qayaüstü rəsmlərinin mədəni landşaftı YUNESKO-nun Dünya Mədəni irsi abidələri siyahısına salınan, ən qədim tarixi abidədən-özünün qayaüstü təsvirləri ilə dünyada məşhur olan Qobustandan da qürurla bəhs edir. Dövlət tarixi-etnoqrafik və bədii qoruğu olan Qobustanda Daş dövrünün və Azərbaycan xalqının tarixi keçmişinin şahidi olan Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Sıxqayada çoxlu miqdarda qayaüstü təsvirlərin, düşərgələrin, insan məskənlərinin, baş daşlarının olduğunu vurğulayır. Böyükdaş ərazisində mezolitdən tutmuş orta əsrlərə kimi bütün dövrlərin abidələrinə rast gəlindiyindən danışır. Abşeronun “İçərişəhər”i adlandırılan Qaladan-buradakı qədim məscidlər, yollar, ovdanlardan, XV əsrə aid qədim qəbirstanlıqdan, hamamlar, bürünc dövrünə məxsus məskun yerlərin qorunub saxlanmasından bəhs edir. Bu şəhər qədim tarixi ilə qürur duyur, ondan fəxrlə söhbət açır...

Qədimliklə müasirliyin harmoniyası

Bakının hər küçəsi, hər dalanı, hər xiyabanı bu şəhərin qədimliyi ilə müasirliyinin harmoniyasını özündə əks etdirir. Bu harmoniya ilə o, hüsnünün ilbəil, günbəgün naxışlanmasından, gözəlliyinə gözəllik qatmasından bəhs edir. Gözəlliklərin füsnunun rənglərini zənginləşdirməsini, artıq dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini xüsusi bir vurğu ilə danışır Bakı.

Prezident cənab İlham Əliyevin paytaxtın simasının nəinki ildən-ilə, əslində, gündən-günə dəyişməsini, klassikliyini, milli memarlıq üslubunu qoruyub saxlamaqla müasirləşməsini yüksək dəyərləndirdiyini xatırlayır bu şəhər: “Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Bunu, demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-birinin içinə girmiş binalar həm orada yaşayanlara, həm də şəhər əhalisinə nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakinləri köçürülmüş yerlərdə ictimai zonalar yaradırıq, orada binalar tikilmir”.

Dünəni ilə bu gününün müqayisəsində bəzi nüansları yada salır, sadalayır Bakı. Bir vaxtlar onu zəbt edib özününküləşdirənləri, harada nə gəldi tikənləri xatırlayır. Hələ bu tikintiləri aparmaq üçün köksündəki yaşıllıqları məhv edənləri daha yaxşı xatırlayır. Onları xatirə dəftərinə qeyd etdiyi ən pis anlar kimi yada salır. Ötən illərin mənzərəsində onlardan xilas olduğu üçün dualar edir. İndi icazə olmadan onun köksündə nə gəldi tikməkmi olar, hansısa bir ağacı məhv etməkmi olar?.. Artıq bunlar bu müasir şəhərin təkrarolunmaz keçmişidir.

Bakı parlayan bir ulduzdur

Gündüzləri bir, gecələri min tamaşa olan bu şəhəri gəzin. Qədimliklə müasirliyin çiyin-çiyinə mənzərəsində bu şəhər gecələr ulduztək parlayan bir şəhərdir. 162 metr hündürlükdə üçrəngli bayrağımızı dalğalandıran Dövlət Bayrağı Meydanından-qürur ünvanımızdan gəzintisinə çıxaq bu şəhərin. Dalğası, rəngləri Xəzərin sularına rəng qatan bayrağımızı seyr etdikcə onun kimi Qarabağda və Şərqi Zəngəzurda dalğalanan, gözəlliyini o torpaqlarda əks etdirən bayrağımızın bizlərə bəxş etdiyi Zəfərlə qürur duyuruq.

Bu şəhərə bələdçi lazım deyil, çıxın qoynuna, o, özündən danışsın, siz qulaq asın. Üzərində bayrağımız əks olunan Alov Qüllələrinin gözəlliyinə tamaşa edin. Bu gözəlliyi seyr etmək ruhunuzu da gözəlləşdirir, deyir Bakı.

Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilən Beynəlxalq Muğam Mərkəzinə üz tutarkən buradan həmişəyaşar muğamlarımızın və ölməz sənətkarlarımızın səsləri duyulur, elə bu andaca Bakı muğamlar şəhərinə çevrilir. Qədim musiqini həzin-həzin axıdır ruhlara, o ruhları xalq musiqisi ilə bəzəyir.

Buradan müasir Bakının rəmzlərindən biri hesab olunan, müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malik olan Heydər Əliyev Mərkəzinə üz tutaq. Azərbaycan xalqının Ümummilli Lideri, xilaskarının adını daşıyan bu mərkəz azərbaycançılıq məfkurəsindən, Heydər Əliyev irsindən, bu irsin dəyərindən söhbət açır. Şəhər sakinlərinin, gənclərimizin, qonaqlarımızın əvəzolunmaz ünvanı olan mərkəz həm də Bakının müasir görkəminə vurulan naxışdır.

Bakı müasir görkəmində bağrına yeni bir şəhəri- “Ağ şəhəri” alan şəhərdir. Min bir rənginə bəyazı da qatan şəhər içindəki bu şəhər həm də gözəlliyinə gözəllik qatandır.

Bu şəhərdə son illərin ərməğanı olan Milli Gimnastika Arenası, Milli Olimpiya Stadionu, Su İdman Mərkəzi idmanın ayrı-ayrı sahələrinin inkişafına meydan açmaqla yanaşı, həm də bu şəhərin gözəl memarlıq bəxşişləridir.

Bakı muzeylər şəhəridir. Bu şəhərin tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın saxlanc yerləri olan muzeylərinə, kitabxanalarına üz tutaq, əsrlərin yaddaşı hopmuş tarix, mədəniyyət səhifələri açılacaq önümüzdə, dəyərli ədəbiyyatçılar və ədəbiyyat nümunələri ruhumuzu oxşayacaqdır.

Bu şəhər köksündəki onlarla məktəblərdə, universitetlərində, kolleclərində yetişdirdiyi sabahın qurucularından, hətta xarici ölkələrdən bu elm ocaqlarında təhsil almağa gələn gənclərdən də hər zaman bəhs edir. Onların asudə vaxtlarını, istirahətlərini qoynundakı zəngin fondlu kitabxanaları, kinoteatr, kafe, park, xiyabanları, istirahət mərkəzləri ilə təşkil etməklə yenə də özündən söhbət açır.

Bir sözlə, bu şəhər sakinlərinin məftunu olduğu kimi, onu görənlərin, qoynuna sığınanların da xoş təəssüratlarının şəhəridir. İstirahət, gəzmək üçün hər il seçim edilən, mətbəxi zəngin, sevilən şəhərdir. Hər yerdə rast gəlinməyən, min illərlə yaşı olan, keçmişinə sadiq, bugünkü müstəqil, Zəfərli ölkəsində var olan, yaşayan, gündən-günə gözəlləşən, bir də ki bütün bunları özü danışan şəhərdir…

Mətanət Məmmədova

Digər xəbərlər