Heç ağlıma gəlməzdi ki, düz 33 il əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində birlikdə təhsil aldığım əziz tələbə yoldaşın Möhsün Aslanın atası haqqında yazmaq günlərin bir günü nəsibim olacaq. O ata ki, universitetdə müəllimimiz olmasa da, lakin həyatda nəinki bizim, bütün jurnalistlərin müəllimidir. Gözəl, mənalı, şirin qələmi, bu qələmdən süzülən oxunaqlı yazıları və 80 yaşına çatmasına baxmayaraq hələ də sözü kəsərli, hər kəsin sevimlisi olmağı bacaran Qədir Aslan. O, ölkə səviyyəli jurnalist-publisist, yazıçı, ziyalı, bizim hər birimizin, xüsusilə də oğlu Möhsün kimi gəncliyini 90-ci illərdə itirən, ömrün bu gözəl çağını yaşamaq qisməti olmayanların mənəvi Atasıdır...
Azərbaycan Yazıçılar Birliyi tərəfindən yazıçı-publisist, əməkdar jurnalist Qədir Aslanın 80 illik yubileyi münasibətilə dərc olunmuş “Qədir Aslan-80” xatirat kitabının təqdimatına Möhsün tərəfindən dəvət aldığım üçün bu gözəl tədbirdə iştirak etdim. Və oradan Qədir müəllim haqqında maraqlı xatirələri dinləməklə daha məlumatlı olaraq qayıtdım. Təəssüratlarım isə bunlar oldu...
Qərbi Azərbaycan o saçların bəyazlığında, o üzün, əllərin qırışındadır...
Qədir müəllim 80 yaşı haqlayır bu il. 80 yaşın yaraşığını, müdrikliyini həyatdan gözəl şəkildə alıb, hüsnünə həkk edib. Məgər hər 80 yaşlı insan belə görünür? Xeyr, əsla. Gərək elə yaşayasan ki, o ağ saçları, o qırışların gözəlliyini daşıya biləsən. Bu ağ saçlar bir xalqın yolunda bəyazlaşanda, bu qırışlar öz izini xalqın dərdindən, ələmindən alanda, Qədim müəllimin saçları qədər, üzündəki, illərlə qələm tutan əlindəki qırışlar qədər dəyərli olur.
Hələ Qədir müəllimin keçdiyi həyat yoluna nəzər salarkən bu qırışların “tarixçəsi” də gəlir gözlər önünə. Bu ağ saçlarda, üzündəki qırışlarda, gözlərin avazımış işığında bir yurd həsrətinin də görmək olur. Bəlkə də yurd həsrəti olmasaydı, bu gün Qədir müəllimə heç 80 yaşı da verə bilməzdik.
Qədir müəllim də bütün Qərbi azərbaycanlılar, doğulub boya-başa çatdığı Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (sonralar Nərimanlı) kəndinin camaatı kimi qonşuluqdan kənar qonşumuzun Qarabağa iştahasının qurbanı olub. 1988-ci ildə nankor ermənilərin silahı burnunda ata-baba yurdunu tərk etmək məcburiyyətində qalanlardan olub. O vaxt Qədir Aslan 44 yaşında, jurnalist ömrünün ən gözəl çağında, həyatın acısını da, şirinini də, yurddan uzaq düşməyin ölümdən betər olduğunu da bütün mənası ilə dərk etdiyi bir yaşda idi.
Oğuz türklərinin beşiyi olan Göyçə mahalından, Dədə Ələsgər yurdundan didərgin düşmək asan deyildi. Bütün məcburi köçkünlərimiz kimi taleyin qaçqınlığına baş əymək, bu dərdi ürəkdə gəzdirmək asan deyildi. Həm də poeziya, şeiriyyətlə, publisistik düşüncələrlə dolu bir qəlbin bu ağrı-acıya baxışı da ayrı idi, dözümü də...
Lakin həyat davam etməli idi. Bu acı həqiqətlər insanını ürəyindən vursa da, onu həyatdan küsdürsə də, bu qədərə Qədir müəllim necə baş əyəydi? Axı o və onun kimilərin qələmi yazmalı, xalqın başına açılan müsibətləri həm tarixin səhifələrinə həkk etməli, həm də çıxış yolu olmalı idi. Bu səbəbdən də elə o müdhiş tarixdən sonra uzun illər Qədir müəllimin qələmi Qərbi Azərbaycan nisgili ilə yazdı. O, həyatına Bakıda davam etsə də, qəlbində bir yurd sevgisi, o yurda qayıtmaq sevdası, arzusu ilə onlarla gözəl yazılar, əsərlər yaratdı.
Bütün dostlardan fərqli dost: 80-nin 55-i
80 yaşlı Qədir Aslanın tədbirdə də gördüyüm kimi, çox sayda dostları var. O, bu dostları mənəvi dəyərləri, sədaqəti, vəfası, ziyalılığı, ən əsası ilə insanlığı ilə qazanıb. Lakin onun 55 ilik bir dostu var ki, o, Qədir müəllimin kədərində də, sevincində də, ən həssas anlarında da daim yanında olub. Həm təsəllisi, həm sirdaşı, həm güvəndiyi yer olub. Qədir müəllim o dosta ürəyini açıb, o isə dayanıb-durmadan bir təsəlli yeri, ovutma mənbəyi olub. O dost Qədir müəllimin 55 il ən sədaqətli, bir an yanından ayrılmayan dostu-qələmidir. O qələm ki, Qədir müəllimin ürəyindən keçənləri, düşüncələrini yazıb, ürəyini boşaldıb, həm də yazdıqları ilə zaman-zaman onu xalqın sevimlisinə, əsl jurnalistə, yazıları əl-əl gəzən qələm sahibinə çevirib. Sanki bu dost Qədir müəllimi özününküləşdirib, odur ki, 80-nin 55-i olaraq əsl dosta, yol yoldaşına çevrilə bilib.
Qədir müəllimin qaçqınlıqdan əvvəlki jurnalistlik fəaliyyəti barədə keçmiş təhsil naziri Misir Mərdanov yazır: “Xatırlayıram, 70-ci illərin əvvəllərində Basarkeçər rayonunda çıxan “Bolluq uğrunda” və “Sovet Ermənistanı” qəzetlərində Qədir Aslanov adlı bir gəncin çox maraqlı məqalələri, xüsusən də felyeton janrında yazdığı yazılar dillər əzbərinə çevrilmişdi.
Onun bu mətbu orqanlarda çıxan “Hamam əhvalatı”, “Sədrlə anbardarın söhbəti”, “Aşot bazar açıb” felyetonları dərc ediləndə hamı o haqda danışardı. Onun satirik yazıları çıxanda rayon partiya komitəsinin plenumunda müzakirə olunardı və Qədir Aslanın qələminə tuş gələnlər haqda ciddi ölçü götürülərdi. O dövr jurnalist peşəsinə sahib olmaq çox çətin idi. Bu ideoloji sahə olduğu üçün, ermənilər xüsusən bu sahədə Azərbaycanlı kadrların yetişməsinə imkan vermirdilər”.
Sonra... Sonra erməni işğalı, Göyçədən ayrı düşmək, yurd həsrəti, qaçqınlıq, min bir zülmün şahidi olmaq... Qədəri həyatını mübarizəyə çevirən Qədir Aslan Azərbaycanın bütövlüyü uğrunda şəhid olan övladlarımız haqqında ilk kitab yazanlardandır. “Göyçə şəhidləri”, “Goranboy qartalları”, “Borçalının qəhrəman oğlu”, “XX əsrin Koroğlusu”, “Səbailin şahin oğulları” və sair…
Və özünün də dediyi kimi, Göyçədən gələndə bir sandıq qəzetlə gəldiyi kimi, Bakıdakı fəaliyyəti ilə də bir sandıq qəzet yığıb. İndi qocaman jurnalistin ən böyük arzusu bu iki sandıqla Göyçəyə qayıtmaqdır.
Növbəti yubileydə Göyçədə görüşək!
Yazıçılar Birliyinin təşkilatçılığı ilə işıq üzü görən Qədir Aslanın 80 illik yubileyinə həsr edilən “Qədir Aslan-80” xatirat kitabının mayın 29-da keçirilən təqdimat mərasimi Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid kitabın ərsəyə gəlməsində əməyi olanların hər birinə təşəkkürünü bildirdi və Qədir Aslana Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim etdi.
Yubiley münasibətilə Azərbaycan Yazıçılar Birliyi Katibliyinin məktubu oxundu, Qədir Aslana fəxri üzvlük vəsiqəsi verildi.
Nəfis şəkildə tərtib edilmiş kitaba Qədir Aslanın uşaqlıq illərindən bu günədək olan fotoları, həmçinin ailə və iş fotoları, aldığı təltiflər, onu sevən ziyalıların məqalələri, ürək sözləri və jurnalistin əsər və məqalələrindən parçalar daxil edilib.
Görkəmli jurnalistin haqqında öz ürək sözlərini söyləyənlərin hər biri kitabın 80 illik ömrə, 55 illik fəaliyyətə dəyərli töhfə olduğunu bildirdi və yaradıcı heyətə minnətdarlıq etdilər.
Və çıxışların hər birində eyni olan bir arzu da var idi: Qədir Aslanın 85 illik yubileyinin Göyçədə keçirməsi...
Biz də Qədir müəllimi ürəkdən təbrik edir, bu arzulara qoşulur və onun 85 illik yubileyində Göyçədə görüşmək diləyilə, deyirik.
Mətanət Məmmədova
əməkdar jurnalist