PDF Oxu

Sosial

  • 4 345

Jurnalistlər sertifikasiya imtahanından keçməlidir

Jurnalistlər sertifikasiya imtahanından keçməlidir

Cəmiyyətin maariflənməsində təhsil sisteminin bir başqa, mətbuatın isə bir başqa rolu var. Deyərdim ki, mətbuatın rolu əvəzolunmazdır. Şagird ümumtəhsil müəssisəsində 11 illik təhsil bazasında öyrəndiyi qədər öyrənib məktəbi tərk edir. Onun sonrakı həyatında maariflənməsi əsasən mətbuatın üzərinə düşür. O mətbuat ki, maariflənmə işi ilə yanaşı, həm də dilin qorunmasına xidmət etməli, ana dilinin qanunauyğunluğuna xələl gətirməməlidir. Çünki o, həm də sözləri göz yaddaşına çevirmək funksiyasına sahibdir: səhv və düzgün olaraq.

Hazırda ölkəmizdə təhsil və səhiyyə işçiləri arasında sertifikasiya imtahanları aparılır. Ona görə ki, insanların sağlamlığı və təhsili savadlı mütəxəssislərin əlində olsun. Bu yaxınlarda ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanı zamanı Azərbaycan dilində sözləri düzgün yaza bilməyən, sadə qrammatik qanunlardan xəbərsiz müəllimlərin olduğunu gördük. Və mətbuatda və sosial mediada müzakirələr başladı ki, bəs, bu savadda olan müəllimlər bizim övladımıza necə təhsil verə bilər. Onlar hökmən vəzifəsindən uzaqlaşdırılmalıdır.

Bəli, savadı olmayan müəllimin yetirməsi necə savadlı ola bilər ki? “Tövsiyə” sözünü “tövsiyyə” kimi bilən müəllim təbii ki, bunu şagirdə də elə öyrədəcək. Şagird də müəllimi hər kəsdən savadlı zənn etdiyi üçün bu, onun beyninə həkk olunacaq. Beləliklə, neçə-neçə şagird Azərbaycan dilinə neçə-neçə zərbə vurmuş olacaq. Sait və samiti, cümlənin mübtəda və xəbərini ayırd edə bilməmək kimi...

Deməli, 11 illik məktəb həyatından sonra insan öz dili ilə təmasda ən çox mətbuat vasitəsilə olur. Belə isə həm ənənəvi, həm də sosial media Azərbaycan dilinin qorunmasına cavabdehdir. Lakin gəlin, görək, müasir media Azərbaycan dilini nə dərəcədə qoruyur? Türk və rus dillərində olan sözlərdən istənilən qədər istifadəsi iləmi? Nöqtə, vergülün, digər durğu işarələrinin harada gəldi işlədilməsi, bəzən isə istifadəsinə lüzum görülməməsi iləmi? Dəfələrlə oxuyub anlaya bilmədiyimiz cümlələrləmi? Sərlövhəsi ayrı, mətni tam ayrı məzmunda olan yazılarlamı? Və saymaqla bitməyən səhvlərlə, həm də bağışlanmaz səhvlərlə bol olan mediamızlamı?..

Beləliklə, jurnalistlər arasında da sertifikasiya imtahanlarının keçirilməsi vacibdir. Jurnalistlərin Azərbaycan dilini hansı səviyyədə bilməsi yoxlanmalıdır. Çünki, necə deyərlər, indi yerindən duran jurnalist olub, özünü media nümayəndəsi zənn edir. Ən azından yazılı bir imtahan keçirilməli, jurnalistin düzgün yazı qaydasına riayət edib-etməməsi ortaya çıxarılmalıdır. Bundan sonra onun mediada qalıb-qalmaması məsələsinə aid qurumlar tərəfindən qərar verilməlidir. Belə olmasa, mətbuatımızın və ana dilimizin sabahından söhbət gedə bilməz. Çünki hazırda Azərbaycan mediasında əlibaltalı jurnalistlər var ki, dili kökündən baltalaya-baltalaya gedirlər.

Sertifikasiya imtahanları bir neçə il öncə təhsil və səhiyyə sistemində tətbiq olunanda hamı bunun nəyə lazım olduğundan danışırdı. Yəni, qənaət belə idi ki, əlində ali təhsil haqqında diplom olan insanı yenidən imtahandan keçirmək nə dərəcə düzgündür. Lakin görünür ki, yanılırmışıq. Hər iki sistemdə sertifikasiya imtahanlarının keçirilməsi çox doğru qərar imiş. Birincisi, ona görə ki, imtahandan müvəffəqiyyətlə keçənlərin əmək haqları artır, ikincisi isə müvafiq balı toplaya bilməyənlər tutduğu vəzifədən kənarlaşdırılır ki, bu da vətəndaşın xeyrinədir.

Mətbuat sahəsində də belə olmalıdır. Yazı yazmağı bacarmayan, dilimizin sadə qrammatik qanunlarını bilməyən jurnalistlər gedib başqa bir sahədə özünə iş tapmalıdır. Hər kəsin jurnalist olması lazım deyil ki. Onsuz da jurnalistika başqa sahələrdən fərqli olaraq “qucağını” hər kəsə açır. Yəni, jurnalist müəllim, həkim, mühəndis və sair ola bilmədiyi təqdirdə, onlar jurnalist ola bilirlər. Lakin bu, o demək deyil ki, özünə iş tapa bilməyən və yaxud öz sahəsində işləməyə bilik və bacarığı olmayan şəxs jurnalistikaya üz tutub onu zaman-zaman hörmətdən salsın.

Nə qədər gec deyil, mediamız “jurnalistlərdən” təmizlənməlidir. Bu da yalnız sertifikasiya imtahanı ilə mümkündür.

Mətanət Məmmədova

Digər xəbərlər