PDF Oxu

Sosial

  • 3 503

Hamama girəndə, Votsapa yaz!

Hamama girəndə, Votsapa yaz!

Deyir, Bakı şəhərində su yoxdur, bu səbəbdən də fasilələrlə verilir. Elə yerlər də var ki, heç ümumiyyətlə, günlərlə verilmir. Hələ bu səbəbdən son vaxtlar camaatın hamamda köpüklü qaldığı da dəlil kimi göstərilir. Bunu da aid mütəxəssislər belə izah edir ki, bu şəhərdə hamı sudan eyni vaxtda istifadə edir. Hamı bir anda su kranlarını açır, su da axır, ona görə də çatmır.

Deyirəm, insanlar durub nəyi özlərinə dərd edirlər ey. İndiki müasir dövrdə hansı dərdə çarə yoxdur ki, sən durub hələ suyun az olmasını özünə dərd edəsən...

Əvvəlki dövr deyil ki, durub su üçün müsəlləyə çıxasan. Yəni çıxanda nə olar? Qədim adətləri yaşatmağın nəyi pisdir ki?.. Lakin müsəllə üçün dağ-daş olmalıdır. Metrlərlə hündür yer olmalıdır ki, səsin Allaha çata bilsin. Bu səbəbdən də bakılılar müsəlləyə çıxa bilməzlər. Çünki Bakıda dağ yoxdur, səsləri də Allaha çata bilməz.

Bəs nə etməli ki, bu su məsələsini həll etməli? Burada adamın bir az da gülməyi gəlir. Deyirsən ki, gör camaat durub nəyi düşünür. Bu ki, çarəsi olmayan məsələ deyil.

Millətin hamısı sosial şəbəkələrdə deyil? Hərənin Votsapda ən azından bir neçə qrupu var: valideynlər qrupu, sinif yoldaşları qrupu, tələbə yoldaşları qrupu, rəfiqələr qrupu, dostlar qrupu, iş yoldaşları qrupu, oğlanlar qrupu, qızlar qrupu, yaxın qohumlar qrupu, uzaq qohumlar qrupu, “onlar” qrupu, “bunlar” qrupu və sair və ilaxır.

Qoy olsun bu qruplardan biri də su qrupu da. Nədir ki? Qrup rəhbəri hamını qeyd edəcək, vəssalam. Oldu yüz ilin qrupu. İşdən gəldin, əlini yumaq istəyəndə qrupa bir kəlmə yaz ki, suyu açdım. Çaydanı doldurmaq istəyəndə qrupa yaz ki, suyu açdım. Bir stəkan su içmək istəyəndə, ölüm deyil ki, qrupa yaz ki, suyu açdım.

Məsələn, analar uşağın bezini dəyişir, baxır ki, vay, uşaq işləri korlayıb, bunu yumaq lazımdır. Qrupa bir kəlmə yazsın ki, suyu açıram. O biri analar da uşaqları bulaşıq bezin içərisində bir qədər gözlətsinlər də, nə olacaq ki. Ölümə çarə yoxdur, vallah, hər şeyə çarə var...

Əsas məsələ, ay yuyunmaq istəyən, hamama girmək istəyirsən, bir kəlmə qrupa yaz, get, çim də. Nə olacaq ki? Qoy qrupdakılar da 20-30 dəqiqə sonra hamama girsin. Belə olanda, nə sən köpüklü qalarsan, nə də digər şəhər sakinləri.

İndiki deyirlər ki, suyu hamınız eyni zamanda açırsınız, çatmır, ta elə bilirəm ki, buna bu qrup məsələsindən gözəl çarə ola bilməz. Hamama girdin, suyu açdın, Votsapa gir, qrupa yaz.

Onsuz da günümüz onlayn olmaqdır, gün boyu oradayıq. Bunun üçün aid qurumları narahat etməyə, ay, su niyə yoxdur, niyə az gəlir, nə üçün axşamdan-axşama verilir, nə üçün saatla verilir, nə üçün heç gəlmir deməyə, yayın bu isti günlərində onları narahat etməyə dəyərmi?

Hamama girdin, suyu açdın, Votsapa gir, qrupa yaz, vəssalam.

Mətanət Məmmədova

Digər xəbərlər