PDF Oxu

Sosial

  • 3 902

Ölüm-qalım məsələsi -FELYETON

Ölüm-qalım məsələsi -FELYETON

İllərdir, dünyada bir məsələ var, ölüm, ya qalım məsələsidir. Rəhmətlik Molla Nəsrəddin demişkən, bu məsələ təzə deyil, köhnədir, ancaq o dünya ilə əlaqəsi çox olduğu üçün dedik yenidən gündəmə gətirək, görək də, bəlkə bir nəticəsi olar.

Molla Nəsrəddin dövründə teleqraf, filan vardı, dərd yarı idi. Camaat giley-güzarını, söz-sovunu, təbrikini, təşəkkürünü o teleqrafnan edirdi. Sən də onu alıb oxuyurdun, fikrini bildirirdin. Yəni ən azından hadisələrdən xəbərdar olurdun.

İndi bizdə belədir ki, telefon, televizor, internet, sosial şəbəkələr var, nə qədər istəsən, fərqli-fərqli, “maraqlı-maraqlı”. İnsanlar da o sosial şəbəkələrin içərisində günlərlə, telefonlarda başıaşağı saatlarladır. Yazırsan ki, problem budur, ay camaat, təhlükə budur, ay oxudu ay camaat. Axı gəl görək, camaatın nəyinə lazımdır, durub biz qəzet əhlinin yazılarını oxuya. Onlar yazı formasını dəbdən düşmüş hesab edirlər. Bir də ki, gəlin əyri oturub, düz danışaq da. Deməyə də utanıb yerə keçirəm, videolar var ki, onları qoyub sənin, mənim yazılarını oxuyacaqlar? Videolar var ki, onu izləyib ancaq gülür insanlar, könülləri açılır. Kimdir mənim, sənin yazılarına vaxt ayıran, oxuyan?

İndi belədir də, müasir dövrdür, müasir də tələbləri var. Açın “İnstagram”ından tutmuş “Fecebook”una, “Tiktok”una qədər, görün o videoların altında nə qədər şərhlər var. Bir də paylaşdığınız bir yazı göstərin ki, bir neçə ziyalı oxucudan başqa kimsə oxuya, sənə yaza ki, Allah köməyin olsun, sən ki, elə bizim dərd-sərimizdən yazmısan. Belədir də, durub camaata ağıl öyrətməyəcəyik ki. Onlar özləri bilir ki, o videolara baxmaq lazımdır, bizim yazdıqlarımızı isə oxumaq lazım deyil.

Belə deyirəm, qəzetçilər narahat olar ey birdən. Narahat olmayın, onlar televizora, filana da baxmırlar ki, bizim yazdıqlarımızı oradakı jurnalistlərdən eşidələr barı. Söhbət qəzetdən, jurnaldan, televiziyadan getmir, söhbət insanların seçimindən gedir.

Ola bilər ki, çox böyük təsadüflər nəticəsində bu yazını kimsə oxuyar, ona görə də mətləbə keçim ki, sonra bəhanə etməsinlər ki, sən də çox danışırsan ey. Yazıram, sən Allah oxuyun. Xahiş edirəm oxuyun. Bu, sıradan bir məsələ deyil, ölüm-qalım məsələsidir.

Yaxşı, deyək ki, ay camaat, gözlərinizdən vaz keçmisiniz, onları qurban vermisiniz telefona, internetə. Özünüz bir yana, ta azyaşlı uşaqlarınız da eynəklə gəzir. Hələ yaxın gələcəkdə nələr baş verəcək, bunu da görəcəksiniz. Gəlin bir az da nə yediyinizdən danışaq. Nə yeyirsiniz?

Deyəcəksiniz ki, sənə nə var. Heç verilməli sualdır, nə yeyirsiniz? Nə yeyəcəyik ki, dükan-bazar doludur ərzaqla, tərəvəzlə, bir-birindən gözəl, cəlbedici. Gedib alıb gətiririk, doldururuq soyuducuya, yeyirik. Suala bax, nə yeyirsiniz. Yox bir, gəlin bu işimizə də qarışın. Kitab oxumursunuz, qəzet oxumursunuz, Azərbaycan filmlərini izləmirsiniz, uşağınız belə geyindi, küçədə ucadan danışdı, məktəbdə özünü apara bilmədi, özünüz çox seriala baxırsınız, övladınızın tərbiyəsi ilə məşğul olmursunuz, dediniz, deyə bildikcə, indi də keçmisiniz nə yeməyimizə? Gördüyünüz kimi yeyirik ki, ayaq üstündəyik də. Yeməsəydik, çox yəqin ki, o dünyada olardıq. Ta hər işə də qarışmayın ki? Bəsdir də, başımıza ağa kəsiləcəksiniz? Onu etməyin, bunu etməyin, belə olmayın, niyə belə olmalıdır? Bezdirirsiniz ey adamı. İndi də nə yeyirsiniz. Nə yemirik ki, şükür Allaha.

İndi ki, bu qədər maraqlısınız, buyurun, görün nə yeyirik. Necə deyərlər, gir bazara, quş südü tap. Bazarlar doludur ətlə, balıqla, toyuqla, yumurta ilə. Kənd toyuğu ayrı, broyleri ayrı, budu, qanadı, içalatı, yumurtası ayrı. Bazar dolur, boşalır, istehsal var da, həm də sürətli. Yoxsa bu qədər tələbatı çatdırmaq olar? Kartof, soğan, sarımsaq, badımcan, bibər, pomidor, xiyar, göyərti, nə bilim, hər cür tərəvəz var. Bazar- market doludur qışda yayda yetişən, yazda payızda yetişən meyvə-giləmeyvələrlə, ilboyu piştaxtalardan əskik olmayan tərəvəzlərlə. Göz istəyir ki, gözəlliyinə baxsın. Heç yayda elə tərəvəzlər olmur. Adamın üzünə gülür. Qış boyu heç turşu tutmağa ehtiyac yoxdur, təzə pomidor, xiyar, rəngbərəng bibərlər, göyərti istənilən qədərdir. Qatıq, süd, pendir, şor, kərə yağı nə qədər istəyirsən. Maşallah, görün nə qədər süd istehsal olunur ki, süd məhsulları ayaq tutub yeriyir.

Marketlər doludur ərzaqla. Nə istəsən, ala bilməzsən? Yerlisi də var, xaricdən gələni də. Biz də qədrimizi bilirik, xaricdən gələni alırıq. Niyə? Çünki insanı yaxşı qidalanmaq yaşadır. Niyə də ki, almayaq, bir dəfə gəlirik dünyaya. Nə üçün süfrəmizə istədiyimiz məhsulu qoymayaq? Bunun düyüsü, mərciməyi, noxudu var, kərə, günəbaxan, qarğıdalı yağları var. Hansının rəngi gözəldir, görünüşü böyükdür, xaricdən gəlib, ondan alırıq. Yağlar da ki, həm təmiz, keyfiyyətli, həm də qiymətləri münasib. Məsələn, kərə yağı var ki, qiyməti 5 manata, günəbaxan, qarğıdalı yağları var 6-8 manata. Belə götürəndə 1 kiloqram kərə, 1 litr günəbaxan, qarğıdalı yağları üçün heç xammalı bu qiymətə almaq olmaz. Çox razıyıq qiymətlərdən də, keyfiyyətdən də. Şükür Allaha, süfrəmiz də ki, doludur.

Vallah cavabımı necə aldımsa, nitqim qurudu. Düşünürəm ki, düz deyirsiniz, həqiqəti deyirsiniz. Haqlısınız. Əlbəttə, insan yeməsə, ölər.

Ancaq mən yuxarıda söylədiyim kimi, ölüm-qalım məsələsindən danışacaqdım. Adı GMO idi. İndi ki, siz hər məsələni özünüz çox yaxşı bilirsiniz, bazar-marketlərdən, məhsulların keyfiyyətindən çox razısınız, çox vaxt sözümüzdən də inciyirsiniz, o söhbəti heç açmıram. Bircə yazı qaydaları xətrinə bu ixtisar sözün mənasını yazmaq istəyirəm: Genetik modifikasiya olunmuş məhsullar. Vəssalam.

Mətanət Məmmədova

Digər xəbərlər