Dağların sinəsinə uzanan yolun lap qurtaracağında yerləşən dağlar qoynunda, dilbər guşədə bir kənd var: Bist kəndi. Azərbaycanın incisi adlandırılan Ordubad rayonunun Bist kəndi demək olar ki, Ordubadın ucqar kəndlərindəndir. Bu kəndə gedib çatmaq üçün Naxçıvan şəhərindən iki satlıq yol qət etməli olursan. Kəndə çatanda isə cənnətin bu guşəsi üçün nəinki iki saat, günlərlə də yol gəlmək olar düşüncəsinə dalır insan. Mənim isə bu kəndə yol almaqda məqsədim dəyərli pedaqoq, el ziyalısı, insanların dostu, Ulu Öndərin çox sevdiyi şair Sadıq Xanəliyevlə həmsöhbət olmaq idi. Sadıq müəllimi 2000-ci ildən tanıyıram. Gözəl şeirlər müəllifi, əsil pedaqoq kimi hər zaman ondan nümunə götürüb, ziyasının nurundan bəhrələnmişik.
Sadıq Şahsuvar oğlu Xanəliyev 1936-cı il martın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndində anadan olub. Sadıq müəllim, 55 il müəllimlik etmiş, əməkdar müəllim, publisist, yazıçı, SSRİ maarif əlaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı, 8 kitab müəllifi, zəngin mənəviyyat sahibidir. Hal-hazırda Bist kəndində yaşayır.
Sadə, səmimi, mübaliğələrdən uzaq olan, ziyasının nurundan hər kəsin çırağını işıqlandırmağa çalışan şairin evinin həyətində xüsusi bir otaq var. Sadıq müəllimdən o otağa baxmağı xahiş etdim. Divardan asdığı açarı götürərək, otağa baxmağa razılıq verdi. Biz həmin otağa doğru getdik. Astaca qapını açıb, “buyurun”,- dedi. Dostluğa, yoldaşlığa xüsusi dəyər verən Sadıq müəllim bu otağı “Dostluq müzeyi- Xatirə kitabxanası” adlandırıb. İçəri daxil oldum. Sanki bir muzeyə, zəngin bir kitabxanaya düşmüşdüm. Divarın dörd bir tərəfi, kitablar, xatirə süvenirlər, jurnallar və bir-birindən maraqlı əşyalarla dolu idi. Masanın üzərində 50-60 səhifədən ibarət albom vardı. Onu əlimə aldım və vərəqləməyə başladım. Vərəqlədikcə, Azərbaycan ziyalılarının və dünya şöhrətli xarici yazıçıların Sadıq Xanəliyev haqqında söylədikləri fikirləri, xatirələri oxudum. Dostluğa, yoldaşlığa xüsusi dəyər verən Sadıq müəllim haqqında gözəl fikirlər yazılmışdı.
Albomu vərəqlədikdə ilk diqqətimi çəlb edən Ümummilli Lider, hər zaman xalqının ziyalısını diqqət mərkəzində saxlayan dahi şəxsiyyət Heydər Əliyevin sözləri oldu.
“ Hörmətli Sadıq Xanəliyev!
Sizin mənə həsr etdiyiniz “Silinməz” şeriniz çox xoşuma gəldi.
Sizə hörmət və təşəkkürlə: Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti”
Bu sətirləri oxudum və daha bir maraqlı foto diqqətimi cəlb etdi. Ümummilli Lider Heydər Əliyevin Sadıq müəllimə bağışladığı imzalı fotosu. Fotonu əlimə alıb maraq dolu baxışlarla Sadıq müəllimə döndüm. Baxışlarımdan suallarımı anladı və Ümummilli Liderlə necə görüşdüklərini, səmimi söhbətlərini danışmağa başladı. Sadıq müəllim deyir: “İsti bir yay günündə Heydər Əliyevlə onun Naxçıvandakı evində görüşmüşdük. O, mənim şeirlərimi tez-tez oxuyurdu. Ona həsr etdiyim “Silinməz” şeirini çox bəyənmişdi. Uzun söhbət etdik. Qızı Sevil xanım da yanımızda idi. Sevilə dedi ki, heç kim Sadıq müəllim kimi mənə şer yaza bilməz. Həmin gün şəklinin üzərində “21.08.90” yazıb, imzasını çəkib mənə verdi. ” Səmimi söhbətimiz olmuşdu. Deyirdi ki, bir ay gəlib sizdə qalacağam. Ordubadın təbiətinin vurğunu idi.” “Silinməz”şeirindən:
Sıxır əllərini köhnə tanışlar...
İtir ürəklərdən hicran karvanı.
Çatır vüsalına həsrət baxışlar,
Dəyişməz heç nəyə, inan bu anı!
Vətəndə hər yerdə sevirlər səni,
Sadiq ürəklərdən bu eşq tükənməz!
Mən tərif yazmıram, qınama məni,
Vətən tarixindən adın silinməz!
Sadıq müəllim deyir ki, “Silinməz”, “Nə yaxşı ki, sən varsan Azərbaycanda!”, “Əkdiyin güllər solmaz!” adlı şeirlərimi Heydər Əliyevə həsr etmişəm. Ən çox sevdiyi “Silinməz” şeirim idi. Onun vəfatı məni çox kədərləndirmişdi. “Əkdiyin güllər solmaz!” şeirini Heydər Əliyevin vəfatı xəbərini eşidəndəndən sonra yazdım.
Sadıq müəllim danışdıqca, sanki o günlərə qayıtmışdı. Aram-aram fikirlərini ifadə edir, Ulu Öndərin səmimiyyətindən ağızdolusu danışırdı.
Sadıq müəllim deyir ki, dostluq mənəvi sərvətdir. Şeirlərinin birində yazır;
Ən böyük varlıqdır dostluq dünyada,
Göylər də baş əyir bu ülvi ada.
Ukraynanın Klişkova kəndinin fəxri üzvü seçilmiş, SSRİ-Fransa cəmiyyətinin “Normandiya-Neman” medalı ilə təltif edilmiş Sadıq Xanəliyev görkəmli şəxsiyyətlərin ürək sözlərini bu xatirə albomuna toplamış və onları dəyərli bir xəzinə kimi qorumuşdur.
Akademik Yusif Məmmədəliyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Rəsul Həmzətov, Mirvari Dilbazi, Mixail Stelmax və başqaları Xanəliyevin pedaqoji fəaliyyəti və ədəbi mühitlə əlaqəsini yüksək qiymətləndirmişlər.
Dostluq kimi böyük sərvətin sahibi olan şairin dostlarının ona yazdığı məktublar, göndərdiyi portretlər, qəzet sütunlarından nümunələr, teleqramlar və xatirə yazılar Sadıq müəllim haqqında çox söz deyir. Həmin albomdan bir neçə sətri təqdim edirəm:
“Sadıq bəy, salam!
Sizə Neft Daşlarında çəkdirdiyim şəkli göndərirəm.Sizə minnətdaram. Sizə can sağlığı və xoşbəxtlik arzulayıram.
Sizin Ziya Bünyadov
***
Hörmətli Sadıq müəllim!
Məktubunu və jurnalı aldım. Həqiqətən sən çox böyük işlərlə məşğulsan! Kaş müəllimlərimizin müəyyən bir qismi səndən və gördüyün işlərdən nümunə götürələr.
Sənə, əziz dost, dərin hörmətlə
Bəxtiyar Vahabzadə
***
Hörmətli Sadıq müəllim!
Uzaq dağ kəndində yaşayan bir oğlumuza necə olar ki, məktub yazmayım?! Azərbaycan ziyalılarının ürəyi işığı, hərarəti o günəşdən, zəkası qüvvəti o torpaqdan alıb. Bu məktublar Vətən torpağının ətrini, xalqımızın isti nəfəsini evimizə gətirir. İşinizdə müvəffəqiyyətlər arzu edirəm.
Mirvari Dilbazi
Xalq şairi
***
Hörmətli Sadıq Şahsuvaroğlu! Şeirlərinizi oxudum. Bu şeirlər sizin vətəninizin gözəlliklərini tərənnüm edir.
Maksim Tank
Belarusiya, Xalq şairi, akademik
Sadıq müəllim haqqında yüzlərlə belə fikir, məktub var. Belə insanlarla həmsöhbət olduqca, mənəvi kamilliyin, zənginliyin nə qədər ölməz əsərlər yaratdığının şahidi olur insan. Vətəninə, torpağına bağlı, gələcəyə mənəvi xəzinə mirası qoyan Sadıq müəllim bu gün və gələcək nəsillər üçün gözəl nümunədir. Şair, pedaqoq, mənəvi dəyərlərin təbliğatçısı, dostluq çələngi hörmüş bir şəxsiyyət hər zaman nurundan şölə saçır.
Yazıçı Həmid Arzulu Sadıq Xanəliyevə ithaf etdiyi şeirində yazır:
Gəzdin sərhədləri ümid qanadlı,
Müqəddəs duyğular oyatmaq üçün.
Xalqların qəlbində məhəbbət adlı,
Bir dostluq körpüsü yaratmaq üçün.
Ulduz Əliyeva
jurnalist