Qonşuluq münasibətləri xalqımızın tarixən yaşatdığı dəyərlərdən biri olub. Bu dəyərlər zaman-zaman ənənə şəklini alıb və nəsildən-nəslə ötürülərək yaşadılıb. Bütün dövrlərdə gənc nəslə qonşuluğun saxlanması, qonşu yolunun gözlənməsi, qonşuya hörmət edilməsi kimi dəyərlər təbliğ olunub. Odur ki, azərbaycanlı ailələri bu dəyərlər fonunda ta qədimdən qonşuluq münasibətini formalaşdırıb. Övladlarımız da bizdən görüb-götürərək qonşuluğun nə demək olduğunu dərk edərək bu münasibətləri həmişə yüksək səviyyədə qoruyub saxlayıb.
Belə bir deyim var ki, ana-balanın da sözü olur. Söz yox ki, zaman-zaman qonşular arasında söz-söhbət, inciklik, hətta küsülülük də olub. Lakin bu münasibətlər də qonşunun hansı xarakterdə, tərbiyədə olmasına görə dəyişib. Baxıb söz-söhbətə: elə söz olub ki, hər iki tərəf onu çeynəyib çürütməyib. Sabah yenə üz-üzə gələcəyik, ayıbdır,- deyib, məsələni bitiriblər. Lakin elə xarakterdə insanlar olub ki, yaranan söz-söhbət bir qədər uzun müzakirələrə səbəb olub. Belə olan halda da ağsaqqal-ağbirçək nəsihəti dinlənilib, hər şey yoluna qoyulub. Çünki başqa cür ola da bilməzdi. Qonşular arasında sayğı vardı. Bu sayğını itirməyi heç kim arzulamırdı və nəyin bahasına olursa-olsun, bunu qorumağa can atırdı.
Zaman keçdi, dövran dəyişdi. Qonşuluq münasibətləri də bu dəyişiklikdən yan ötə bilmədi. 15-20 il əvvələ qədər olan qonşuluq münasibətlərini zamanla gələn “müasirlik” elə bir vəziyyətə saldı ki, o illərə nəzər saldıqda yalnız heyf və təəssüf deməli olduq. Lakin çalışdığımız qədər bu münasibətlərin yaşadılmasına, qorunmasına və davam etdirilməsinə çalışmalıyıq. Çünki onlar, həqiqətən də, yaşadılmağa layiq münasibətlər idi.
Ötən illərin qonşuluğu
Biz gözümüzü dünyaya açandan qonşularımızın olduğunu görmüşük. Onlarla, necə deyərlər, bir evli olmuşuq. Hər bir işin birlikdə həllinə çalışmışıq. Qonşu evində nə isə olmayanda qonşuya diləyə gedib və sanki öz evindən götürübmüş kimi, həmin istədiyini götürüb gətirib, işi yarımçıq qalmayıb. Eləcə də digər qonşu, eynilə...
Qonşuluq, eyni zamanda, kollektiv əməyin yaşadılması forması olub. Qonşu kişilər yığışıb birlikdə arx çıxarmağa, su çəkməyə gedərdilər. Toy, yas mərasimlərinə də birlikdə yollanardılar. Səhərdə, axşamda işləri olmayanda yığışıb birinin həyətində nərd oynayar, çay içərdilər.
Qonşu qadınlar bir-birinə təndirdə çörək bişirməkdə iməci olardılar. Birlikdə xalça-palaz toxuyar, qışa azuqə hazırlayardılar.
Söhbətin bu yerində “ Tək əldən səs çıxmaz” deyimini xatırlayıram. Həqiqətən də biz gözümüzü açıb bu deyimin canlı şahidi ola-ola böyümüşük. Qonşuların birlikdə əməyini, toy-yas mərasimlərində, Novruz bayramında birlikdə iştirakını, bir-birinə can yandırmasını görərək, həqiqətən də, “tək əldən səs çıxmaz” məsəlinin nə qədər düzgün və yerində söyləndiyini təsdiq etmişik.
Qonşuların bir həyətə yığışıb tut çırpmasını, samovar salıb çay süfrəsi ətrafında bir ailənin üzvü kimi deyə-gülə çay içməsini kim görməyib? Qurban bayramında bütün qonşuların yığışaraq qurbanlıq aldığını, kəsib, paylara böldüyünü, Novruz bayramı öncəsi ilaxır çərşənbədə yandırmaq üçün tikanın, çör-çöpün birlikdə toplanmasını, tonqal ətrafında deyib-gülməyi, rəqs etməyi, birlikdə tonqalın üzərindən atlayıb “ağırlığım-uğurluğum odlara” deməsini kim görməyib, eşitməyib?
Bir xəstə olanda qonşuların yığışıb ona baş çəkməyə, əsgərliyi bitirib gələn qonşu uşağının görüşünə getməsini, nişanda, toyda qohum gəlib çıxanadək qonşuların bütün işlərdə ev sahibinə kömək göstərməsini necə, görməyən olubmu?
Analarımız qonşu qadınlarla qonşuluqdan əlavə rəfiqə idi. Axşamçağı bulaq başı onların görüş yeri olub. Biri-biri ilə dərdləşib, həm yaxşı, həm də pis olanları bölüşüblər. Yaşca böyüklər kiçik olanlara yol göstərib, səbirli olmağı məsləhət bilib. Bilmədiyi işi öyrədib. Yeri gələndə evinə gedib ev işlərində kömək edib ki, əliuşaqlıdır, çatdıra bilmir.
Qonşu qadınlar evdə bişirdikləri yeməkdən, şirniyyatdan həmişə yaxın qonşulara pay tutublar. Ona görə ki, axı bir evdə bişənin ətri həyətə yayılır, oradan da qonşunun evinə. Bu məqamlara fikir verən qadınlarımız belə incə dəyərlərin də təməlini qoyub, övladlarına da bütün bunlara riayət etməyi məsləhət görüblər.
Bir sözlə, qonşu kişilər bir-birinə ata-qardaş, qadınlar isə ana-bacı olublar. Bu yaxın münasibətlər isə təbii ki, hörmət hissini də aşılayacaqdı. Dəfələrlə olurdu ki, uşaqların bir-biri ilə sözü düz gəlmirdi, dalaşırdılar. Qonşu kişi və qadınlar onları elə başa salırdı ki, bir azdan sonra onlar heç nə olmayıbmış kimi bir yerdə oynamağa başlayırdı.
Bütün bu münasibətlər qonşuların biri-biri ilə qohum olmasına da şərait yaradırdı. Onlar elçi gedir, qız alır, qız verir, qohum olurdu. Beləliklə, dünənki qonşular yeni qohumlara çevrilirdi. Uzaqdan da bu qonşuların birinin qızını almaq istəyənlər yenə də qonşuları soraqlayıb tapır, ondan həmin adamın xasiyyətini, yaxşısını-pisini xəbər alırdı. Bax, qonşuluq belə dəyərlər üzərində inkişaf edirdi.
Belə bir deyim də var ki, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Bax, bu deyim mehriban qonşuluq münasibətlərindən yaranan bir deyimdir. Bunun kimi neçə-neçə deyimlər də formlaşmışdır qonşuluqla bağlı. Hər biri də real qonşuluq münasibətlərinə söykənən deyimlərdir.
Lakin çox təəssüf ki, artıq qonşuluq günümüzdə əvvəlki illərdə olduğu qədər deyil.
Bugünkü qonşuluq
Bu gün qonşuluq münasibətləri şəhərlərdə sona çatmaqdadır. Bir qədər kənd və qəsəbələrdə isə əvvəlki kimi olmasa da, qalmaqdadır. İndi hər kəs həyətinə uca hasar çəkir və yaxud da evinə girib qapını arxadan bağlayır. Hansı ki, əvvəlki illərdə qonşular arasında heç bir hasar yox idi. Hasarı kol-kos və çəpər “hasarlar” əvəz edirdi. Qapılar isə heç bağlanmırdı. Qonşu gəlib qapını döymədən evə girərdi. Bu gündən dünənə baxanda hər iki dövrün şahidi olaraq adamın ürəyini dərin bir təəssüf hissi bürüyür. “O qonşular, bu qonşular, o münasibətlər, bu münasibətlər”,- deyə gözümüz sanki ötən illərdəki qonşuluq münasibətlərini axtarır. Lakin təəssüf ki, görmür və heyfsilənirsən.
Dediyim kimi, bu gün qonşuları bir-birindən uca hasarlar ayırır. Bu hasarlar indi lap ucqar kəndlərimizdən tutmuş böyük şəhərlərədək geniş yayılıb. Hasarların içərisində evlər, evlərin içərisində bəlkə də bir-birini heç vaxt görməyən, küçədə qarşılaşanda tanımayıb salamlaşmayan qonşular... Bir-birinin xeyrindən-şərindən xəbərsiz qonşular...
Əvvəllər şəhər və qəsəbələrdəki ictimai yaşayış binalarında da gözəl qonşuluq münasibətləri var idi. Bu gün isə həmin binaların bir mərtəbəsində kimlə qonşusan, heç bu barədə məlumatı olmur insanın. Çox təəssüf ki, biz özümüz belə olan təqdirdə, övladlarımız da qonşulardan, qonşuluq münasibətindən xəbərsiz şəkildə böyüməyə başlayır. Buna görə də əvvəlki nəsillə bugünkü nəsil arasında yerlə gör qədər fərq yaranır.
Müasir dövrdə qonşuları bir-birindən texnologiyalar ayırdı. Elə ki, həyatımıza kompyuter, smartfon telefonlar daxil oldu, çanaq antenlər vasitəsilə dünya ölkələrinin televiziya proqramlarını seyr etməyə başladıq, bax, bu an onlar qonşuluq münasibətlərini əvəz etdi. Seriallar bizi evlərə dustaq etdi. Sosial şəbəkələr qonşularımızdən xəbərsiz etdi bizi. Ya televizor qarşısında, ya da başıaşağı telefonda gün başlayandan bitənədək ilişib qaldıq. Bizimlə bərabər dəyərlərimiz də həmin serial, telefon və sosial şəbəkələrdə ilişib qaldı. Dünəndə qaldı, bu günə heç nəyi daşıya bilmədik. Bir də baxdıq ki, nəinki həyət evləri, ictimai yaşayış binalarında da qonşularımızla aramızda hündür bir hasar çəkilib. O hasarlar dünənki qonşuluq münasibətlərini divarın arxa hissəsində saxlayıb, bu tərəfə keçməsini əngəlləyib.
Bax, qonşuluq münasibətlərini belə itiririk, əlimizdən veririk.
Unudarıqsa, qonşuluq da unutduqlarımızdan olacaq
Çox təəssüf ki, biz neçə-neçə dəyərimizi internetin qurbanı etmişik. Hələ qonşuluq münasibətləri bir kənara, hər gün liftdə, blokda, həyətdə qarşılaşan qonşular bir-birinə salam verməyi lüzum bilmir. Sayğı və hörmətin elə salamdan başladığını əsas götürərək demək olar ki, bu gün qonşuluq münasibətləri da salamlaşmanın ardınca arxivə yola salınır.
Təəssüfedici hal isə odur ki, övladlarımız da bütün bu münasibətlər fonunda böyüyür: salamlaşma, qonşuluq olmayan mühitdə.
Dünəndən bizə nə qalmışdı, bizdən sabaha nə qalacaq? Bax, elə düşündürücü sual da budur. Maraqlıdır, bizə qalan dəyərləri biz dəyərdən salırıq. Ona görə ki, onu gələcəyə ötürə bilmirik. Bunun üçün əlbəttə, günahkarıq. Artıq gec olsa da, özümüzə qayıtmalıyıq. Belə olarsa, dəyərlərimizə də qayıtmış olarıq. Onların dəyərini dərk edərik. Düşünərik ki, heç bir müasir texnologiya əvvəlki münasibətlərin səmimiliyini, istiliyini bizə verə bilməz. Və biz o vaxt ali insan olarıq ki, dünəni yaşada-yaşada bugünkü müasirliyə evimizin qapısını açaq. Bu, mümkün olan məsələdir.
Mətanət Məmmədova