PDF Oxu

Sosial

  • 1 399

Əlvida 2024, xoş gəlirsən, 2025

image

2024-cü ilin son günlərindəyik. Bir il də ömür kitabımızın bir vərəqini, beləcə, çevirdi, bir il də ötdü həyatımızdan, deyirik. Bəli, ötür, ötəcəkdir də, zaman adlı köhlən atı kim saxlaya bilər ki? O çapır, gün keçir ay olur, aylarsa illəri əvəzləyir. Fəsillər dəyişir... Bahar yay, payızsa qış olur. Necə də bənzəyir insan ömrünə. Bahar gənclik, yay orta yaş, payız qocalıq, qış da ahıllıq. Ötür zaman, insan elə ki bahardan yaya boylandı, oradan da payıza bir nəzər saldı, payızın füsunkar yarpaqtökümünü izlədi, deməli, bir il də yollanır öz arxivinə. Çünki yarpaq tökümü təbiətin yaşlanması, ahıl çağının çatması, bəyaz saçlarına sığal çəkərək “bir ili də başa vurdum”, deməsidir. Şair demişkən:

Ağacdan yarpaqlar endikcə bir-bir,

İl də arxasından atır yükünü.

Təqvimin kötüyü üstündə əsir,

Tək qalan son varaq – ilin son günü.

İlin tamamında ötən günlərə nəzər salan insan sanki onun qiymətini verir. “Bu il mənim üçün uğurlumu, uğursuzmu oldu”,– deyə ya onu ittiham edir, ya da əzizləyir, kaşki heç bitməzdi, – deyir. Nədənsə, ilin son günlərində həmişə ötən illərlə bağlı xatırladığımız anlar olur. Bu xatirələr sanki ömür vərəqlərinə hopubmuş kimi zamanı çatanda yenilənir, o günləri xatırladır bir daha – qayğısız uşaqlıq illərini, qışda qarın yağmasını səbrsizliklə gözlədiyimiz günləri... Axşamdan qar yağdığını görərkən səhərədək sevincdən yata bilmədiyimiz günlər xatırlanır. Səhəri gün xizəkləri götürüb sürüşməyə getməyimiz, qartopu oynamağımız, bir-birimizi yerə yıxıb qarla islatmağımız, yorulmağın nə olduğunu bilmədiyimiz günlər keçir gözlər önündən. Məktəblərdə keçirilən yeni il şənlikləri, bu şənliklərə bir ay əvvəldən hazırlaşmağımız, şeirlər əzbərləməyimiz, səhnəciklər hazırlamağımız kimi şirin xatirələr ola bilərmi? Məktəbdə böyük, təbii şam ağacının bəzədilməsi, onun ətrafa yayılan özünəməxsus ətri elə bil o illərin qoxusunu hər an burnumuza gətirir. Artıq o illərdən sonra sanki nə şam ağacları o ətri verir, nə yeni il şənlikləri o qədər gözəl, şirin olur. Həmin illərdən sonra qarın da ovaxtkı qədər yağdığını görə bilmədik. O vaxt-bu vaxt xizəklər bayıra çıxarılmadı ta, nə qar topu oynanıldı, nə islandıq, nə də üşüməyin nə olduğunu bir daha hiss etmədik. Onlar sadəcə xatirələrə hopdular, xatirələr adlı evlərə yerləşdilər və qapıları açılandan-açılana sadəcə xatırlananlar oldular.

İlin bu günləri ölkəmizin iqtisadi böhranla üzləşdiyi gənclik illərimizi də gözlər önünə gətirir. Sovet ittifaqının buxovundan güc-bəla ilə azad olub, müstəqilliyimizi yenicə bərpa etdiyimiz həmin illər sosial-iqtisadi vəziyyətin könülaçan olmaması, ərzaq qıtlığı səbəbindən insanların sıxıntı içərisində yaşaması, ürəkləri istəyən kimi süfrələr aça bilməməsi, soyuq, bəzən qaranlıq evlərimiz heç vaxt unuda bilmədiyimiz günlərdir. Çünki yaxşı dərk edirdik ki, əsarət zəncirlərini öz əllərimiz ilə didib-dağıdıb, parça-parça edib ayaqlar altına atmışıq, müstəqil yaşamaq əzmi ilə mübarizəyə qalxmışıq. Tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində müstəqillik asan əldə olunmayıb. Bu yolda qanlar da axıdılıb, övlad, ər, sevgili həsrəti də yaşanıb, aclıq, səfalət də hökm sürüb. Lakin səbir, dözüm, iradə xoş günlərin, bəxtəvər illərin müjdəsi olub.

Gəncliyimizə tuş gələn müharibə, Qarabağımızın işğal olunması, 20 Yanvar, Xocalı kimi faciələr yaşamağımız illəri bir-birinin arxasınca kədər və qüssə ilə tarixin arxivinə atırdı. Hər ötən ildən bizə qalan qəlb ağrısı idi. Sanki ilin bütün fəsilləri qış idi. Soyuq, günəşsiz həyat başımızın üstünü kəsmişdi. Həmin illər nə illərin başa çatdığının, nə də yeni ilin həyatımıza daxil olduğunun fərqində belə deyildik.

Bax, beləcə, o illərə hamı birlikdə – eyni qayğılarla yekun vururdu, hər ötən il hamı üçün eyni təəssüratlarla yadda qalırdı. Yeni ilə könülsüz salam verib, əlini sıxırdıq – bəlkə, bu yeni il hər şey düzələr – deyə. Deməli, ümidlər sarsılmırdı. Qışın şaxtası, soyuğu bu ümidləri qamçılayıb yoxa çıxara, puç edə bilmirdi.

İllər ötür, bir-birinin yerini alır. Biz isə torpaqlarımızın azad olunacağı günü gözləyir, həmin tarixdən bayramların, şənliklərin ömrümüzə qədəm qoyacağına icazə verəcəkmiş kimi o günlərin yaşanmasını gözləyirdik. İllərsə o zamanı gətirib çıxaracaqdı. Hər yola saldığımız köhnə ildə başımıza gələn müsibətləri xatırlayır, gələn yeni ildən tək istəyimiz torpaqlarımızın azad olunması olurdu. Çünki biz onlarsız tam deyildik. Qarabağ işğal altında olduğu halda, düşmənin əlində, ayaqları altında olduğu vaxt nə bayram, nə yeni il, nə şadyanalıq?..

Könlümüz açılmırdı, günahkar hesab edirdik özümüzü. Sanki xəstə övladımıza şəfa verə bilmirdik, onu müalicə etdirə, həkimə apara bilmirdik. Övladımız isə gözlərimiz önündə günü-gündən saralıb-solurdu. Bax, Qarabağ qara bəxti ilə gözlərimiz önündə bir övladımıza edə bilmədiklərimiz qədər çarəsiz dayanırdı. Bizsə ona baxır, gözümüzün yaşını ələyir, gücümüzün sadəcə buna çatmasına yanıb-yaxılırdıq.

Həqiqətən illər ömür kitabının vərəqləridir. Bu vərəqlərə nə talelər, nə qismətlər yazılır... Minlərlə soydaşımız ötən bir qərinəyədək zamanın ömür kitabının səhifələrinə yalnız göz yaşlarını hopdura bildi, hicranı, həsrəti yazdılar. Qərib qəbirlərini, həsrətində olduqları yurdlarının hicranını yazdırdılar. Onlar yurd həsrəti ilə qovrulub yanıb-yaxıldıqlarını o səhifələrə həkk etdilər. “Qoy qalsın bu səhifələrdə, qalsın ki, qonşu dediklərimizin başımıza gətirdikləri oyunları gələcək nəsillər də bu səhifələrdən oxusunlar, öyrənsinlər. Çünki keçmişini bilməyən gələcəyinin də qədrini bilə bilməz”, - söylədilər.

İllərsə ötdükcə, bizləri torpaqlarımıza yaxınlaşdırırdı. Gənclik çağlarımızda ölkəmizdə şahidi olduğumuz iqtisadi böhran arxada qalırdı. Ölkəmiz gündən-günə inkişaf edir, müstəqil bir yolda müstəqil addımlarla irəliyə hərəkət edirdi. Bu inkişaf isə ordumuzun güclənməsi, ordumuzun güclənməsi isə torpaqlarımızın geri qaytarılacağı günü yaxınlaşdırırdı.

Dövlətimizin başçısının 2020-ci ilədək bütün bayramlarda xalqımıza müraciətlərini xatırlayırıq. Bu müraciətlər tək bayram münasibətilə xalqa təbrik deyildi, həm də onlara verilən böyük bir ümid idi. Ağrılı yaralarımızın sağalacağı günü səbirlə gözləməyə çağırış idi. Bu müraciətlər xalqın Liderinin onun arzularını bir gün reallaşdıracağına verdiyi söz idi.

2020-ci il... Zəfər, qələbə ilimiz, torpaqlarımızın işğaldan azad olunan ili. Minlərlə övladımızın şəhid, yüzlərlə övladımızın qazi olması hesabına qazandığımız qürur ilimiz. Sən demə 2019 bizim Qarabağsız qarşılanan son ilimiz imiş. 2019-cu il dövlətimizin başçısının 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində işğal altında olan torpaqlarımızdan sonuncu dəfə bəhs etməsi ili idi. Qarşıdakı 2020-ci il Zəfəri ilə ömrümüzə-günümüzə günəşli günlər gətirdi. 2020 bizə şərəfimizi, ləyaqətimizi qaytardı. Hər dəfə Qarabağdan söhbət düşəndə aşağı dikdiyimiz başımızı yuxarı qaldırmağı bəxş etdi.

Ali Baş Komandan cənab İlham Əliyevin 17 il ərzində apardığı böyük siyasət nəticəsində 2020-ci ilin tarixinə Zəfər sözünü yaza bildik. Ulu Öndərimiz Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı vəsiyyətini reallaşdıra bildik. Xalqımız başını dik tutdu. Birliyimiz, həmrəyliyimiz, böyük sərkərdəmizin arxasında möhkəm dayanmağımızla qələbəni qazana bildik. Biz Qarabağımızı xilas etdik. Onu anası Azərbaycana qovuşdura bildik. Qarabağın baş tacı, döyünən ürəyi Şuşanı azad etdik. Şuşa qəhrəman, igid övladlarımızın əlləri, dağa-daşa sürtünən sinələri, böyük əzmləri ilə geri alındı. Böyük bir hərbi əməliyyatla Şuşa tarixin səhifələrinə Azərbaycan ordusunun möhtəşəmliyini yazdı.

Qarabağda, budur, dörd ildir, başlanan quruculuq, bərpa işləri sanki hər gün həyatımıza bayram, şadyanalıq kimi xoş anlar qatır. Düşünəndə ki, soydaşlarımız öz ata-baba yurdlarına, ev-eşiklərinə qayıdır, bu, bizim üçün hər günü bayram edir.

Artıq 2020-ci il də daxil olmaqla beşinci yeni ildir ki, onu könlüaçıq qarşılayırıq. Çünki qəlbimizdən dağ boyda bir düyün açılıb, atılıb. Bizim hicranımız üzərində vüsal qələbə çalıb. Bizim torpaqlarımızın işğalı üzərində azadlıq qələbə çalıb. Soydaşlarımızın məcburi köçkünlüyü üzərində yurda qayıdış qələbə çalıb.

İndi qış fəslidir. Lakin Qarabağ artıq beş ildir ki, bir fəsil yaşayır-bahar fəslini. Sanki baharın gözəlliyindən doymur, onun yerini başqa fəsillərin almasını istəmir. Çünki 30 il idi ki, baharı qovmuşdu, “get, azadlığım gələndə gələrsən”,- demişdi. Gülünü-çiçəyini sinəsindən yolub atmışdı. “Gedin, azadlığım gələndə siz də gəlib köksümü bəzəyərsiniz”,- demişdi. Allı-güllü yaylığını çıxarıb başına qara bir şal salmışdı. Günəşi qovmuşdu, dumana bürünmüşdü, “mən günəşi bir də azad olunanda qarşılayacam”,- demişdi.

Budur, qışdır. Lakin Qarabağda yazdır, bahardır. Minlərlə şəhid və qazimiz bu yurd yerimizə baharı gətirib. Qarabağ allı-güllü donunu geyinib, başından qara şalını açıb, qırmızı bağlayıb. Bu yerlərə artıq günəş doğur və o günəş heç qüruba enmir. Enməyəcək də. Çünki bu günəş əbədiyyən doğub.

İlin son günü... Son 30 ili düşünürsən... Biz nə illər yola salmışıq, nə illər qarşılamışıq... Biz hansı tarixlərlə, hadisələrlə bir 365-i başa vurub, digər 365-i qarşılamışıq. Acısı şirinindən qat-qat çox illəri... Şükürlər olsun ki, artıq o illər tarixin arxivinə yollandı. Artıq qəlbimiz açıq, başımız dikdir.

Bütün bu gözəlliklərin fonunda düşünürsən ki, nə yaxşı ki ötən illər yaşanıb, müstəqil olmuşuq. Nə yaxşı ki ötən illər yaşanıb, qədirbilən olmuşuq. Gəl, 2025, gəl, vərəqlə ömür kitabımızı. Gəl, əl-ələ verək, həmrəy olaq, yeni bir tarix yazmağa başlayaq. Şair demişkən:

Qəlbimizin odundan

Alovlansın hər ocaq.

Biz nə zaman bir olsaq,

O gün bayram olacaq…

Əlvida 2024, xoş gəldin 2025! Qədəmlərin uğurlu olsun. Gəl, yeni il, gəl, aç ömür kitabımızın 2025-ci səhifəsini, yaz ora şairin bu misralarını:

Ötür illər, fəsillər,

Günlər dönüb aylanır.

Ömrümüzə bu axşam

Bir gələcək boylanır…

Mətanət Məmmədova

Digər xəbərlər