Mətbuata ayaq açdığım gündən böyük təcrübəyə və biliyə malik olan həmkarlarım barədə söz söyləmək, fikir bildirmək, ya da ki onlar haqqında yazmaq mənə həddən artıq məsuliyyətli görünüb. Bu sahədə qələmini sübut etmiş, yazıları ilə böyük oxucu sevgisi qazanmış həmkarlarımın uzunillik fəaliyyətləri haqqında dolğun, məzmunlu, hərtərəfli danışa və yaza bilmərəm deyə, hər zaman ehtiyat etmişəm. Bir sözlə, mətbuatda öz imzasını, sözünü təsdiq edən ziyalılardan və onların yaradıcılıq yolundan yazmaq üçün nə zaman əlimə qələm alsam, sözün ağırlığını, sanbalını duymuşam. Uzun illər “Şərq qapısı” qəzetində bir yerdə çalışdığım, yazılarının ilk oxucusu olduğum qələm yoldaşımız, Naxçıvan mətbuatında redaktə məktəbinin tanınmış nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədoğlu da belə qələm sahiblərindən biridir. Ömrünün bir hissəsini pedaqoji fəaliyyətə, sonra isə mətbuata, sözə, qələmə həsr edən Muxtar müəllim 20 ildən artıqdır ki, mətbuatımızda yorulmadan səmərəli fəaliyyət göstərir. Bu illər ərzində o, pedaqoji fəaliyyətdən ayrılsa da, öyrətmək, yetişdirmək missiyasından heç zaman əl çəkməyib. Bu gün muxtar respublikamızda və ölkə səviyyəsində imzası tanınan bir çox qələm sahiblərinin, jurnalistlərin böyük bir hissəsi Muxtar müəllimin “şinelindən”, daha dəqiq desək, onun redaktə məktəbindən çıxıb. Və çox sevindirici haldır ki, qocaman qələm yoldaşım Muxtar müəllimin peşəkar məsləhətlərindən mən də bəhrələnmişəm, “Şərq qapısı” qəzetində çalışdığım illərdə, demək olar ki, hər gün, hər an tövsiyələrinə əlimdən gəldiyi qədər əməl etməyə çalışmışam. Onun mütaliə haqqında verdiyi tapşırıqlar bu gün də yol yoldaşımdır.
Ötən ilin dekabrında Muxtar müəllimin 65 illik yubileyi ərəfəsində “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Hədər yaşanmayan illər” adlı maraqlı və məzmunlu sənədli film çəkilib. Həmin ərəfədə əməkdar jurnalistin “Daha bir payız da gəldi ömrümə” adlı kitabı da işıq üzü görüb. Ancaq təəssüf ki, təhsilimlə əlaqədar Naxçıvanda olmadığım üçün bu əlamətdar hadisələrin heç birində iştirak edə bilmədim. Muxtar müəllimin 65 illik yubileyinin qeyd olunmasını da, kitabının işıq üzü görməsini də sosial şəbəkələrdən, həmkarlarımın paylaşımlarından öyrəndim. Sözün düzü, çox təəssüf etdim. Çünki bu əlmaətdar hadisələrdə orada olmaq, ən əsası Muxtar müəllimin 65 illik yubiley tədbirində iştirak etmək, ona ürək sözlərini çatdırmaq, doğmaları, yaxınları, həmkarları qədər mənimdə arzum idi. İştirak edə bilməsəm də, öz-özümdə belə bir qərara gəldim ki, Naxçıvana qayıdan kimi Muxtar müəllimdən yeni kitabını ovtoqrafla alım və həmin yaradcılıq işinə rezenziya yazım. İmtahanlarımı uğurla başa vurub qayıtdıqdan sonra Muxtar Məmmədovla görüşüb söhbət edərək avtoqraflı kitabını aldım və bu kitaba resenziya yazacağımı da müəllifə bildirdim.
“Daha bir payız da gəldi ömrümə” Muxtar müəllimin sayca altıncı kitabıdır. “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam”, “Azadlığı istəmədik zərrə-zərrə”, “İllər, sizdə nəyim qaldı”, “O yaşayır, yaşayacaq ürəklərdə” kitabları Muxtar müəllimin illərlə qəzet səhifələrində işıq üzü görən məqalələrindən, oçerklərindən, o cümlədən müsahibə və resenziyalarından ibarətdir. Adlarını qeyd etdiyimiz kitabların sırasına daxil olan “Daha bir payız da gəldi ömrümə” kitabı da Əməkdar jurnalistin ötən dövrlərdə qələmə aldığı yaradıcılıq işlərinin toplusudur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunan kitab, ümumilikdə, 5 bölmədən ibarətdir. “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın “Ön söz və ya bu, başqa bir payızdır” təbriki ilə oxucuların görüşünə gələn kitabın “Ucalıq fenomeni” adlı ilk fəsli, bütövlükdə, Ümummilli Lider Heydər Əliyev haqqında qələmə alınmış məqalələrdən, esselərdən və maraqlı müsahibələrdən ibarətdir. Müəllif kitabın bu fəslində görkəmli dövlət xadiminin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, Onun ölkəmizə rəhbərliyi dövründə bütün sahələrdəki inkişafdan, tərəqqidən, o cümlədən dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövründən geniş söhbət açıb. Müəllif bu fəsildə 2023-cü ildə ölkə başçısının müvafiq Sərəncamı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasının dahi şəxsiyyətinin geniş və hərtərəfli fəaliyyətinə göstərilən dövlət qayğısı kimi qiymətləndirib və “Müstəqil Azərbaycanın siyasi zəfərlər epopeyası” adlı muxtar respublika ziyalıları ilə olan söhbətində bundan geniş bəhs edib. Muxtar müəllim “Tariximizin Heydər Əliyev dövrü azadlıq amalı və tərəqqi uğrunda mübarizədir” adlı essesində görkəmli dövlət xadimi haqqında yazır: “O şəxsiyyətlər tarixdə Peyğəmbər kimi böyük bir ad daşımaq hüququ qazanırlar ki, onların həyat və fəaliyyəti böyük və ülvi amallar üzərində qurulur. İnsanın insan kimi yaşaması uğrunda mübarizə aparmaq, onun hüquqlarının təminatçısı vəzifəsini yerinə yetirmək, haqqın və ədalətin zəfər çalmasına nail olmaq, belə şərəfli, taleyüklü vəzifələrin həyata keçirilməsində rastlaşdığı hər hansı bir çətinlikdə manedən qorxub geri çəkilməmək, onları dəf etmək şəxsiyyətin bütövlük ölçüsüdür”.
“Ucalıq fenomeni” adlı fəsildə yer alan digər məqalələrin hər biri xilaskar lider haqqında qələmə alınmış maraqlı materiallardan ibarətdir. Və hər bir yazıdan oxucuya aydın olur ki, Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycan xalqının taleyini, ölkənin gələcək məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müstəqil müasir Azərbaycanın bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır...
Kitabın “Gələcəyə ünvanlanmış ideyalar yaşayır” adlı ikinci fəslində Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin apardığı dövlətçilik xəttindən, böyük amallara hesablanmış Azərbaycançılıq ideologiyasının bugünkü inkişafından geniş bəhs olunur. Bununla yanaşı, müəllif bu fəsildə ərazi bütövlüyümüzün təminatına çevrilən Xankəndi zəfərindən və onun tarixi mahiyyətindən geniş bəhs edir. Müəllif “Ərazi bütövlüyümüzün Xankəndi zirvəsi” adlı məqaləsində yazır: “Dünyanın güc dövlətlərinin 30 ildən də artıq müddətdə müşahidə və daha çox qərəzli şəkildə müdaxilə etdikləri Qarabağ probleminin həllində cənab İlham Əliyev göstərdi ki, ağıl gücdən ötədir. Və elə gücü məhz ağıl idarə edir. Yeri gəlmişkən politoloq Brenda Şafferin sözlərini xatırlamağa ehtiyac duyuram. Çünki onun gəldiyi qənaət bu günün reallığıdır: “Xalqınıza sadiqliyiniz, yüksək təhsil və bilik səviyyəniz, idarəçilik qabiliyyətiniz kifayət qədər bəllidir. Və mən əminəm ki, siz Azərbaycanı daha böyük tərəqqiyə və təhlükəsizliyə doğru aparacaqsıznız”.
Bir-birindən maraqlı, oxunaqlı yazılardan ibarət olan “Daha bir payız da gəldi ömrümə”nin növbəti fəsli “Kitablar” adlanır. Bu fəsil Əməkdar jurnalistin müxtəlif dövrlərdə işıq üzü görən kitablar haqqında yazdığı resenziyalardan və təhlillərdən ibarətdir. Kitabın bu fəslini mütaliə edərkən heç təəccüblənmədim. Çünki Muxtar müəllim kimi mütaliəni sevən, hər sözdə-söhbətdə kitab oxumağın faydalarına toxunan bir jurnalistin bu mövzuya müraciəti təəccüblü deyildir. Mütaliəni sevdiyi qədər kitablar haqqında fikir söyləməyi də sevən həmkarım adıçəkilən fəsildə “Ədəbiyyatımızda bu günün aparıcı mövzusu: siyasi lirika”, “Muxtariyyətin 100 illik yubileyinə yeni töhfə”, “Yüz ilimin sədası” işıq üzü gördü”, “Əliyevşünaslıq elmi zənginləşdirilir: “100 ilin imzası”, “Mollanəsrəddinşünaslığa qiymətli töhfə” adlı yazıların hər birində sərlövhədə adları çəkilən kitablar barədə geniş məlumat verir. Əməkdar jurnalistin haqqında yazdığı kitabların sanballı ədəbi-bədii nəşrlər olduğunu və sözügedən fəsildə bəhs etdiyi kitablar haqqında yazdığı fikirləri təhlil süzgəcindən keçirsək, belə bir nəticə çıxara bilərik: özünə geniş oxucu kütləsi qazanmaq istəyən hər bir qələm adamı nəşr etdirdiyi kitabda gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini əks etdirməli, o cümlədən dövrün güzgüsünü, zamanın salnaməsini yaratmalı, qələmə aldığı hər bir yazı işini tədqiq etmək və bunları müəyyən dünyagörüşün işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə öz yaradıcılıqlarında əks etdirməlidir.
Kitabın “Oçerklər” və “Düşüncələr” fəsillərində işıq üzü görən yazılar da öz dəyəri ilə diqqət çəkir. Çünki bu məqalələrin bir qismində insan həyatı, insan ömrü əks olunduğu halda, digər bir qismində, daha dəqiq desək, “Düşüncələr” fəslində isə Muxtar müəllimin bədii fikirləri, daxili dünyası, onun illərin peşəkar jurnalisti kimi hadisələrə dəqiq və həssas yanaşması ilk baxışdan hiss olunur. Xüsusən də müəllifin muxtar respublikamızın təbiət möcüzəsi olan Göygöl haqqında qələmə aldığı “Göllərin gözəli, başıdır Göygöl” sərlövhəli məqaləsi, hesab edirəm ki, bu yazını oxuyan bütün oxuculara böyük zövq verəcək. Çünki müəllifin bu yazısındakı publisistik düşüncələri, maraqlı şeirləri ilə adıçəkilən təbiət abidəsini görməyən hər kəsdə Göygöl haqqında fikir formalaşdıra bilir. Bu da qələm sahibindən yüksək publisistik məharət və jurnalist peşəkarlığı tələb edir. Yuxarıda adını çəkdiyim hər iki fəslə aid olan digər məqalələrdə “Niyə işıq gələn tərəfə getmək istəmirik”, “Bir bahar gününün düşüncələri”, “Vətən sevgisi ən böyük dövlətdir”, “Şərəfli bir ömürdür müəllim ömrü” və digər yazılar Muxtar müəllimin zəngin bədii düşüncələrindən, publisistik qələm təcrübələrindən ibarətdir.
Ömrünün 65-ci payızını yaşayan əziz həmkarımız, dəyərli söz adamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalist, qəzetimizin ağsaçlı, xeyirxah, yardımsevər, daxili aləmi zənginliklərlə dolu qələm adamı Muxtar müəllimi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzu edirəm. Qələmin iti, sözün daim kəsərli olsun, Muxtar müəllim!
Məcid Rəşadətoğlu
jurnalist