Elə ki, böyük çillə yerini kiçik çilləyə, kiçik çillə isə Boz aya verdi, ta qışın “hökmranlığı” sona yetir, havadan bahar ətri gəlir, xalqımız üçün müqəddəslik rəmzi, inanc və adət-ənənələr toplusu olan Novruza dörd çərşənbədən ibarət yolçuluq başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə Novruz bayramına hazırlıq da elə su ilə başlanır və Boz ayın ilk çərşənbəsi su çərşənbəsi adlanır. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Belə ki, hələ günəş doğmamış hamı su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar. Xalqın inamına görə Su çərşənbəsi günü su üstündən atlananlar, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilər. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və sair bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Həmin sudan həyət-bacaya, əkin, təsərrüfat heyvanlarının saxlandığı yerlərə çiləyərlər ki, ruzi bol olsun.
Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Bəzi yuxuların suya danışılması ilə insanı izləyən qorxuların dəf olunmasına inam, “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Su kiçiyindir, yol böyüyün”, “Su gəldiyi arxa bir də gələr”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar” və digər bu kimi nümunələr suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğunu sübut edir.
Həyat üçün xüsusi əhəmiyyəti olan sudan qiymətli heç nə ola bilməz. Su tək gün ərzində ehtiyac duyulduqca stəkan-stəkan içilərək susuzluq ehtiyacını ödəyən nemət deyil. Nəfəs aldığımız havada, qəbul etdiyimiz qidaların hər birinin tərkibində, bizi əhatə edən ətraf aləmin hər kiçik zərrəsində müxtəlif faizdə su vardır. Lakin, çox təəssüf ki, bu əvəzsiz nemət dünyanın hər yerinə heç də eyni dərəcədə paylanmayıb. Yer kürəsinin 2/3-si sudan ibarət olsa da, hazırda elə dünyada böyük problemlərdən biri də su qıtlığıdır. Qlobal istiləşmə XXI əsrin insanını su sarıdan “imtahana çəkir”, çətin sınaqlarla üz-üzə qoyur. Dünya ölkələrinin əksəriyyətində bir ovuc su həsrəti ilə yaşayanlar var. Onlar su əldə etmək üçün evlərindən minlərlə kilometr uzaqlaşmalı olur, iki-üç gün istifadə edəcəkləri su üçün bir həftə vaxt sərf edirlər.
Su məkansızdır. O, yerdən çıxır, göydən axır, torpaqdan qaynayır... Su həm də dünya mifoloji düşüncəsində yaradıcı başlanğıc, bəzi təsəvvürlərdə su, torpağı “doğmağa” məcbur edən canlıdır. Su insan və təbiətə can verir. Su həyatımıza baharı gətirir, ağacları çiçəkləndirir, onlara bar bəxş edir. Yayı verir insanlara, sevdiyimiz yaşıl rəng suyun əsəridir. Payızı hədiyyə edir bizə, romantikalar, rənglər fəslini. Sarının bütün tonlarını ətraf aləmə ərmağan edən yarpaqlar yayın yaşılının son anıdır. O anın yaradıcısı isə yenə də sudur. Su ömrümüzə qışı gətirir. Ağappaq rəngdə qışın qarına, yazınsa barına çevrilir. Füsünkarlığı ilə mənəvi gözəlliklər bəxş edir həyatımıza. Yağış olub yağır su, tarlalara, zəmilərə həyat verir. Su çay olub axır, göl olub durur, gözəlliyi ilə göz oxşayır. Su sevdiyimiz dənizlər, okeanlardır.
Su suvarma suyu olub insanların alın tərinə qarışır, onların zəhmət nəğməsinə çevrilir. Uca dağların sinəsindən daş saflığı, təmizliyi, günəşdən paklıq alıb evlərimizədək “gəlir”, hər damlası ilə qiymətsiz bir nemət kimi gözlərə işıq verir. Belə isə susuz həyat olmasın. Su çərşənbəniz mübarək! Su ömrünüzə axarından, saflığından, təmizliyindən, aydınlığından, həyatınıza dəyərindən pay versin!..
Mətanət Məmmədova