- Əli, hara qaçırsan, bu gün su şikayətçiləri ilə çəkiliş edəcəyik.
-Sən Allah, qardaş, xəstəxana çıxışı var, 1-2 saat ötüşdür də məni.
-Anlamadım.
-Görüşəndə deyərəm, tələsirəm.
***
-Ay qız, Gülbahar, görünmürsən, haralardasan?
-Harada olacağam, evdə-eşikdə.
-Gəl, bir otur, görək, nə var- nə yox.
-Sonra, sonra, tələsirəm.
-Hara tələsirsən?
-Mağazaya dəyib, xəstəxanaya gedəcəyəm.
-Ay qız, xəstəxanada nə işin var.
-Bu gün xəstəxana çıxışı var.
***
-Salam, ay qardaş.
-Salam, xoş gəldiniz.
-Qardaş, sən Allah, məni qabağa sal da, yaman tələsirəm.
-Necə olsun buket?
-Olsun da, siz məndən yaxşı bilərsiniz, xəstəxana çıxışıdı.
***
-Salam, ay qardaş.
-Salam.
-İki saatlıq maşın kirayəsi neçəyədir?
-150 manatdır, amma ta sən qardaşsan da, 120 olsun.
-Davay, onda, saat 10-da bu ünvanda. Amma oğlandı da, çalış ona görə olsun.
-Oldu.
***
Beləliklə, hadisə vaqe olur, xəstəxananın doğum şöbəsinin qapısı ağzında. Burada dəstə-dəstə adamlar var. Hamı öz xəstəsini gözləyir. Lakin gərək növbəni gözləyəsən də.
Bir azdan Gülbahar qucağında nəvəsi ilə çıxır. Uşağı o qədər büküblər ki, qətiyyən görünmür. Gülbaharın ardınca əlində gül buketləri, şarlar, xonçalar, tort, şirniyyatlar olan qadın-kişilər gəlir.
Əli də bir hay-həşir salıb ki, gəl, görəsən: kənara çəkilin, çəkiliş gedir, kadrı pozursunuz. Əli bir gedir o başa, bir bu başa, göstərişlər verir, çəkir, kameranı o tərəfə çevirir, bu tərəfə çevirir.
Bir azdan uşağın anası yanında qohum-əqrəba ilə çıxır. Ana da keysəriyyə ilə uşağı dünyaya gətirdiyindən yerimək qabiliyyətindən hələlik məhrumdur. Lakin bir təhər, sürünə-sürünə gəlir ki, qarşıda çəkiliş var. Əli bu kadrı o qədər dəqiqliklə çəkir ki...
Elə bu an xəstəxanaya yeni bir xəstə gətirilir. Maşında sancıdan doğranır. Lakin uşağın atası Balaxan sürücüdən xahiş edir ki, bir az gözləyin, çəkiliş gedir, kadrları poza bilərsiniz.
Eyni anda başqa bir qadın da xəstəxanaya xəstəsinə yemək gətirir, başqa bir ana bir az sonrakı xəstəxana çıxışı üçün böyük bir çata ilə gəlir, o tərəfdən bir dəstə adam əlində buketlər, şarlar gəlirlər ki, xəstələrini çıxarsınlar.
Beləliklə ətrafda Balaxanın işinin bitməsini gözləyən onlarla adam var. Lakin Balaxan doymaq bilmir, “Ə, Əli onu da çək, bunu da çək, Əli, qardaş, o qaldı, bu qaldı”,- deyir. Bunu eşidən xəstə sahibləri Balaxana hücum edirlər ki, bəsdir də ta, zəhləmizi tökdün. Balaxan da qarnını qabağa verə-verə, “deyəsən, gözünüz götürmür axı. Bacarırsınız, siz də çəkdirin”,-deyir.
Elə bu zaman ara qarışır, mənsəb itir. Dalaşanları ayırmaq üçün xəstəxana mühafizəsi gəlir. Bunları bir-birindən ayırır.
Nə isə, Əli işini başa vurmaq istəyəndə Balaxan deyir ki, Əli, hara yığışdırırsan, bizi evə qədər çəkməlisən hələ.
Əli:
-Çəkim də, nə deyirəm. Amma evə qədər bir az məbləğ artacaq. Balaxan ətrafa baxır, bayaqdan bəri buradakı yekəxanalığı qarşısında: ə, artsın da, nə olacaq. Çək, getsin.
Elə bunu deyib maşına oturmaq istəyir ki, birdən başı necə qapıya çırpılırsa, Balaxanın gözləri qalxır təpəsinə. Ağrıdan gözündən yaş ələnir, ağzının acısını da buradakıların üstünə tökür: ay sizin gözünüz çıxsın. Ay sızın gözünüzə qayçı batsın. Ə, bacarırsınız, siz də çəkdirin də. Nə təhər atdınız məni beş dəqiqənin içində.
***
Ətrafdakı nəzərlərdən isə yalnız mərhəmət oxunurdu. Hamı Balaxana Allahdan ağıl arzulayırdı...
Mətanət Məmmədova