“Yaxın zamanlarda ABŞ prezidenti Donald Tramp ilə Rusiya Fedarasiyasının prezidenti Vladimir Putinin görüşünü gözləmirəm. Çünki bu görüş üçün hazırlıqlar hələ o səviyyəyə çatmayıb. Ona görə də gözləmək lazımdır. Lakin Donald Tramp Rusiya və Ukrayna müharibəsinin yükünü Amerikanın çiynindən kənara atmaq istəyir.
Həmçinin Donald Trampın digər istəyi isə bu məsələdə Avropanın üzərinə bütün hərbi, maliyyə dəstəyini atmaqdan ibarətdir. Amerikanın Rusiya ilə münasibətlərində normallaşma siyasəti ondan ibarətdir ki, Rusiyanı Çindən qoparıb, daha çox Amerikanın siyasətinə dəstək verməsinə yönəltmək istəyir. Artıq bu məsələlər reallaşacaqmı, Rusiya Amerika siyasətinə yönələcəkmi və bu kimi digər suallara hələ cavab vermək mümkün deyil. Donald Tramp üçün isə Rusiya-Ukrayna müharibəsini dayandırıb, nəticədə Ukrayna ərazisinin 600 min km² yox, 500 min km² olması belə kifayət edir. Yəni bu Donald Trampın kefini qətiyyən pozmur”. Bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, planlar arasında Ukrayna müqavimət gücünü özündə saxlamaq, Rusiya isə ABŞ ilə münasibətləri normallaşdıraraq təzyiqlərdən və sanksiyalardan özünü qutarmaq istəyindədir: “Artıq bunları bacaracaqmı-bacarmayacaqmı demək əvvəlcədən çətindir. Ancaq hər bir halda istəkləri bundan ibarətdir.Trampın bu məsələlərlə məşğul olması ümumiyyətlə ermənilərin yaddan çıxarılmasına gətirib çıxarıb. Yəni bizim məsələlərimizə müdaxilə edən yoxdur. Biz siyasətimizi istədiyimiz şəkildə həyata keçirmək iqtidarındayıq. Təbii ki, öz məsələlərimizlə məşğul olmağa, müttəfiqlərimizlə əlaqələrimizi möhkəmləndirməyə çalışırıq. Bu məsələlərlə bağlı qarışan heç kim yoxdur. Trampın bu gün Amerikada olmağı birinci növbədə Azərbaycandan ermənipərəst qüvvələrin demək olar ki diqqətini ayrı bir istiqamətə yönəldir. Bizim Trampdan elə də böyük istəklərimiz yoxdur. Təhlükəli məsələ sadəcə İranla bağlı ola bilər. Qalan digər məsələlərdə isə özləri bilər”.
Müəllif: Xeyrənsə Piriyeva