PDF Oxu

Sosial

  • 2 493

Qlobal "epidemiya": bu xəstəlikdən ölümlər sürətlə artır! - FAKTLAR

image

Son tədqiqatlar Alzeymerdən və demansdan ölümlərin təxmin edilən nisbətləri çox üstələdiyini ortaya qoyub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bu sindromdan əziyyət çəkənlərin sayı 50 milyondan çoxdur. Lakin, Alzheimer's Disease International-ın 2021-ci il hesabatında deyilir ki, dünya üzrə demensiyalı insanların 75 faizinə diaqnoz qoyulmayıb.

2030-cu ildə bu sayın 75 milyona, 2050-ci ildə isə 140 milyona çatacağı təxmin edilir. Hər il 10 milyon nəfərdə bu xəstəliklər aşkar edilir.

Böyük Britaniya Milli Statistika İdarəsi tərəfindən açıqlanan yeni məlumatlar demansın ictimai sağlamlığa dağıdıcı təsirini bir daha ortaya qoyub. Təkcə İngiltərədə ötən il təxminən 70.000 insan bu sağalmaz xəstəlikdən həyatını itirib ki, bu da hər 6 ölümdən 1-ni təşkil edir.

Bu vəziyyət göstərir ki, demensiya ölümlərinin artması yalnız "əhalinin qocalması" ilə izah edilə bilməz və bu da xəstəliyin gözləniləndən daha aqressiv bir hala keçdiyini göstərir.

Demensiya hallarının təxminən 60-70%-i Alzeymer xəstəliyindən qaynaqlanır.

Bu xəstəliklərin inkişaf etmiş ölkələrdə çox yüksək olduğu məlumdur. Belə ölkələrdə ölüm nisbəti 15 faizə çatır. Digər ölkələrdə isə bu 3 dəfə aşağıdır- 5 faiz civarında. Məsələn, Türkiyə Statistika İnstitutunun məlumatlarına görə, Türkiyədə 65 və daha yuxarı yaşda olan şəxslərdə Alzeymer xəstəliyinin yayılması təxminən 5,5% təşkil edir. Bu o deməkdir ki, əhalinin yaşlı hissəsində hər 100 insandan təxminən 5-6-sı Alzeymer xəstəliyinə tutulub.

Alzeymer də daxil olmaqla, demensiya hər il milyonlarla insanın ölümünə səbəb olan ciddi bir sağlamlıq problemidir və demensiya səbəbindən ölüm nisbətləri dünyada artmaqdadır.

Son 10 ilin məlumatlarını araşdırdıqda, demensiyanın 2015-ci ildən bəri (pandemiya dövrü istisna olmaqla) Birləşmiş Krallıqda bir nömrəli qatil olan ürək xəstəliyini geridə qoyduğu görünür.

Azərbaycanda alzeymer ve demensiya ilə bağlı dəqiq statistika olmasa da, ümumilikdə demensiyanın yayılması 65 yaş və daha yuxarı yaşlarda 2,2-8,4% təşkil etdiyi hesab edilir.

Dünyada demensiya səbəbli ölümlər müstəsna artım göstərməyə davam edir. Ömür uzunluğunun artması və əhalinin qocalması səbəbindən həm demensiya hallarının, həm də demensiya ilə əlaqəli ölüm nisbətlərinin artacağı gözlənilir.

İnkişaf etmiş ölkələrdə doğumun azalması və gənclərin əhali strukturunda çəksinin azalması nəticəsində əhalinin qocalması səbəbindən artım daha çox nəzərə çarpa bilər. Buna görə də, alimlər hesab edirlər ki, erkən diaqnoz, risklərin azaldılması və qayğı planlaşdırması həm fərdi, həm də ictimai sağlamlıq üçün çox vacibdir.

Demans xəstəliyi, beyin funksiyalarında tədricən azalma ilə müşayiət olunan neyrodegenerativ bir pozuntudur. Bu vəziyyət əsasən yaddaş, düşünmə, davranış və gündəlik fəaliyyət qabiliyyətinin pozulması ilə xarakterizə olunur.

Demans bir xəstəlik adı deyil, əslində bir sıra simptomların birləşməsidir və bir çox fərqli vəziyyətlərin nəticəsi ola bilər. Əsas səbəblərdən biri Alzeymer xəstəliyidir, lakin demensiya eyni zamanda digər formalarla da meydana çıxa bilər. Xəstəlik adətən yaşlılarda müşahidə olunsa da, bəzi hallarda erkən yaşlarda da rast gəlinə bilər. Demans, zaman keçdikcə ağırlaşan bir xəstəlikdir və müalicə olunmadıqda şəxsin tam asılı vəziyyətə düşməsinə səbəb ola bilir.

Demensiya, beyindəki sinir hüceyrələrinin zədələnməsi və funksiyasını itirməsi nəticəsində yaranan kognitiv funksiyaların zəifləməsidir. Əgər gündəlik həyatda tez-tez unutqanlıq, qərar qəbul etməkdə çətinlik, danışıqda lənglik və ya ətraf mühitə uyğunlaşmada problemlər yaranırsa, bu demensiyanın ilk əlamətləri ola bilər.

Demensiyanın inkişafına təsir edən əsas amillər:

-Yaş artımı (65 yaşdan sonra risk artır)

-Genetik meyllilik

-Beyin zədələri və insult

-Depressiya və psixoloji travmalar

-Yuxusuzluq və pis həyat tərzi

-Alkoqol istifadəsi və bəzi dərmanların təsiri.

Demensiya zamanla daha ağırlaşaraq xəstənin özünü və ətrafını tanımamasına, davranış pozğunluqlarına və hətta hallusinasiya və psixoz epizodlarına səbəb olur.

Demensiya simptomları xəstəliyin mərhələsinə və səbəbinə görə dəyişə bilər, lakin ən çox rast gəlinən əlamətlər bunlardır:

Erkən mərhələdə:

- Gündəlik hadisələri və adları unutmaq

- Əşyaları tez-tez itirmək

- Müəyyən sözləri tapmaqda çətinlik

- İfadə və danışıqda zəiflik

- Fokuslanmaqda çətinlik

- Çaşqınlıq halları.

Orta mərhələdə:

- İctimai qeyri-aktivlik və əhval-ruhiyyədə dəyişiklik

- Vaxt və məkan oriyentasiyasını itirmək

- Ehtiyatsız davranışlar

- Təmizlik və qidalanma vərdişlərində geriləmə

- Ailəni və yaxın çevrəni tanımama.

İnkişaf etmiş mərhələdə:

- Tam yaddaş itkisi və ünsiyyət qabiliyyətinin zəifləməsi

- Fiziki bacarıqların itirilməsi (yeriməkdə çətinlik, sidik saxlaya bilməmək)

- Qidalanmadan imtina, çeynəmə problemləri

- Daimi qulluq və nəzarətə ehtiyac.

Bəzən yaddaşın itməsi xəstəliyi kimi tanınan bu vəziyyətin ilkin mərhələdə müəyyən olunması müalicə və baxım planlaması baxımından olduqca əhəmiyyətlidir. Sadalanan bu simptomlardan bir neçəsi sizi narahat edirsə, o halda dərhal həkimə müraciət edilməlidir. Tam müalicə etmək mümkün olmasa da, erkən diaqnoz qoyulduğu halda xəstəliyin inkişafını xeyli ləngitmək mümkündür.

Alimlər xəbərdarlıq edir ki, hipertoniya, şəkərli diabet, piylənmə, siqaret və spirt istehlakı, depressiya Alzeymer riskini artırır. Tədqiqatlar göstərir ki, insanlar müntəzəm məşq etməklə, siqaret və spirtdən uzaq durmaqla, çəkilərinə nəzarət etməklə, sağlam qidalanmaqla, qan təzyiqi, xolesterin və qan şəkəri səviyyələrini normada saxlamaqla demans riskini azalda bilər.

Elçin Bayramlı

Digər xəbərlər