Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı, "Furqan" şirkətinin sponsorluğu, Lənkəran-Astara Regional Təhsil və Lənkəran-Astara Regional Mədəniyyət İdarələrinin tərəfdaşlığı ilə qarşıdan gələn "8 Mart-Beynəlxalq Qadınlar Günü" münasibətilə "Yaradıcı zərif əllər" adlı festival baş tutub.
850 nəfərin qatıldığı festivalda qonaqlar əvvəlcə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş infoturda iştirak edərək müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra qızlardan ibarət komandalar arasında basketbol idman növü üzrə final oyununu izləyib, müxtəlif təşkilatlar tərəfindən təşkil olunmuş xanımların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb və ulu öndər Heydər Əliyevin, eləcə də respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edib şəhidlik zirvəsinə ucalan Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən qonaqlar iştirakçıları salamlayaraq “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə təbriklərini çatdırıb və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən sevgi dolu ürəklə söz açıblar.
Daha sonra festival çərçivəsində təşkil olunmuş sərgidə əl işlərinə görə fərqlənən gənc xanımlara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri və "Furqan" şirkətinin hədiyyələri təqdim olunub.
Festivalın bədii hissəsi də böyük maraqla qarşılanıb. Tanınmış incəsənət ustalarının ifasında bir-birinin ardınca səslənən könül açan musiqi nömrələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Yeni bir araşdırma körpələrin istirahətində spesifik modelləri müəyyən edib...
Bütün digər elektrikli nəqliyyat vasitələrinin qiyməti düşməkdədir...