Bu fikir cənub qapımız Astarada keçirilən Ağsaqqallar Şurasının hesabat-seçki konfransında dilə gətirildi.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, Respublika Ağsaqqallar Şurası sədrinin müavini Abel Məhərrəmovun, aparatın məsul işçisi Rafiq Rzayevin , Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Həbib Cəfərovun, Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımovun, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi nümayəndəliklərdə fəaliyyət göstərən Ağsaqqallar Şurasının sədrləri və fəal üzvlərin iştirakları ilə baş tutan konfransda əvvəlcə müstəqil Azərbaycanın yaradıcısı, Türk xalqlarının dahi oğlu, dünya səviyyəli görkəmli siyasətçi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, önünə gül dəstələri qoyuldu. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi ehtiramla anıldı.
Rayon ağsaqqallarını konfrans münasibəti ilə təbrik edərək bu görüşdən məmnunluğunu bildirən, fəaliyyəti dövründə ağsaqqalların dəyərli məsləhətlərinə həmişə xüsusi önəm verdiyini söyləyən İcra başçısı Qəzənfər Ağayev dedi:- Rayonun yaşayış məntəqələrində mütəmadi olaraq keçirilən səyyar qəbullarda ağsaqqalların verdiyi təkliflərə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşılır. Cənab Prezidentin rəhbərliyi altında qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının rayonda uğurla icrasında cəmiyyətin digər təbəqələri kimi, ağsaqqalların da rolu böyükdür.
Natiq onu da bildirdi ki, 2017-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Dövlət Proqramları təsdiq edildi. Həmin ildən başlayaraq rayona xarici ölkələrdən yeni məhsuldar sitrus tingləri gətirilərək intensiv sitrus bağlarının salınmasının əsası qoyuldu, nəticədə sitrus meyvə bağlarının sahəsi iki dəfədən çox artırılaraq 2 min hektardan 4500 hektara çatdırıldı. 25 may 2026-cı il tarixdə isə dövlət başçısının sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olundu. İnanıram ki, bu proqramın da rayonumuzda uğurla icra edilməsi üçün ağsaqqallarımız dəyərli məsləhətlərini verəcək və qarşıya qoyulan vəzifələrin həllində fəallıq göstərəcəklər.
İcra başçısı çıxışı zamanı, həmçinin Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren Azərbaycanın qazandığı nailiyyətləri haqqında iştirakçılara məlumat verdi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən qlobal layihələr barədə söhbət açdı: “Hazırkı dövrdə qazanılan uğurlarda yaşlı nəslin nümayəndələri ön sırada durur, gənclərin dövlətçilik, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi fikir verirlər. Bu işdə onlara davamlı fəaliyyət göstərməyi arzulayıram. Həmişə olduğu kimi, bundan sonra da əl-ələ verərək ölkəmizin inkişafı, eyni zamanda rayonumuzun daha da abadlaşması üçün birgə səmərəli fəaliyyət göstərəcək, bütün məqsədlərə layiqincə nail olacaq.”
Respublika Ağsaqqallar Şurası sədrinin müavini, akademik Abel Məhərrəmov çıxışında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışdı, Azərbaycan dinamik inkişaf etdirərək müasir, hüquqi, demokratik, dünyəvi bir dövlətə olduğunu dedi , həmçinin ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə suveren dövlətimizin inkişafı, tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların roluna toxundu.
Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun konfransda hesabat məruzəsi oldu, eləcə Ağsaqqallar Şurasının təftiş komissiyasının sədri Seyran Babayev təftiş komissiyasının hesabatını təqdim etdi. Konfransda rayon Ağsaqqallar Şurası İdarə Heyətinin yeni tərkibi, Ağsaqqallar Şurasının və təftiş komissiyasının sədrləri səsvermə yolu ilə seçildi.
Astara şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Heybət Hüseynov, Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Maşxan kənd Ağsaqqallar Şurasının sədri Qadir Məmmədov və başqaların çıxışları da konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü