Seyran Ohanyan yenə sərsəmlədi
Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycanı bu dəfə də öz sərsəm "hədə-qorxu" taktikası ilə hədələməyə cəhd göstərib. Ohanyan belə bir bəyanatla çıxış edib ki, əgər Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayarsa, biz KTMT-nin köməyindən yararlanacağıq və Ermənistan Dağlıq Qarabağ əhalisinin fiziki təhlükəsizliyinin təmin etməyə çalışacaq.
Bu bəyanatdan sonra KTMT-nin baş katibi Nikolay Bordyuja da Rusiya-Azərbaycan maraqlarına zidd olan belə bir fikir səsləndirib ki, "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət Azərbaycanın militarist ritorikası sayəsində son dərəcə gərginləşib". Azərbaycan dünyada yeganə dövlətdir ki, bütün beynəlxalq hüququn norma və prinsiplərinə layiqincə əməl edir, torpaqlarının 20 faizi işğal altında olmasına baxmayaraq, hər zaman sülh, barışıq yolu ilə torpaqlarını azad etmək istəyir. Məgər əhalisinin 1 milyondan artığının məcburi qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycanın sülh istəməsi militarist ritorika sayılır?
Millət vəkili Aydın Mirzəzadə qəzetimizə verdiyi açıqlamasında Serj Sarkisyanın, Seyran Ohanyanın və Nikolay Bordyujanın məntiqsiz, lazımsız ifadələrinin heç bir önəm kəsb etmədiyini bildirdi: "Əgər Ermənistan prezidenti S.Sarkisyan beynəlxalq hüququn norma və prinsiplərini bilmirsə, heç şübhəsiz ki, bu ölkənin müdafiə naziri də bu prinsiplərdən tamamilə xəbərsiz deyil. Təbii ki, Sarkisyanın səsləndirdiyi hər bir sərsəm bəyanatlardan sonra Ermənistanın müdafiə naziri S.Ohanyan da bu cür fikirlər, bəyanatlar yürütməyə məcburdur".
S.Ohanyanın səsləndirdiyi ifadələri tamamilə cəfəngiyyat adlandıran A.Mirzəzadə beynəlxalq aləmin Azərbaycan dövlətinin sərhədlərini tanıdığını və işğalçı Ermənistanın Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu zəbt etdiyini bildirdi.
Millət vəkili Azərbaycanın Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, KTMT-nin bu münaqişəyə qarışmağa qətiyyən heç bir hüquqi əsası olmadığını söylədi. Çünki baş verəcək bütün proseslər Azərbaycan ərazisi olan Dağlıq Qarabağda gedəcəkdir.
Millət vəkili S.Ohanyanın bəyanatını Azərbaycanı guya qorxutmaq istəyi və erməni cəmiyyətində Ermənistanın işğalçılıq siyasətinin dəstəklədiyi barədə bir mif yaratmağa çalışması ilə izah etdi: "Günahsız qanlar axıdan, işğalçı Ermənistan bu günə qədər çox belə cəfəng, yersiz, cəmiyyəti "şok"a salacaq ifadələrlə çıxış edib. Ermənistanın apardığı uğursuz siyasət və söylədiyi fikirlərin heç bir reallığa söykənmir".
KTMT-nin baş katibi Nikolay Bordyujanın bəyanatına toxunan millət vəkili bunu baş katibin, sadəcə olaraq, öz səlahiyyətindən tamamilə kənara çıxması kimi dəyərləndirdi: "KTMT-nin baş katibinin vəzifəsi həmin təşkilata üzv olan ölkələrin birgə hərbi əməkdaşlıq, dostluq məsələsini müzakirə etməkdir. Digər işlərə qarışmağa isə, onun ixtiyarı yoxdur. Çünki bu, N.Bordyujanın səlahiyyətləri xaricində olan məsələlərdir. N.Bordyuja əgər doğrudan da, regionda sülhün olmasında maraqlıdırsa, ilk növbədə, məlum təşkilata üzv olan Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmasını tələb etməlidir.
Ermənistan prezidentinin müharibə ilə bağlı bəyanatına münasibət bildirən millət vəkili vurğuladı ki, S.Sarkisyanın Azərbaycan dövlətinin real hərbi gücündən, qüdrətindən xəbəri var. Təsadüf nəticəsində siyasət aləminə üz tutmuş bir erməni "prezident"inin hər dəfə bu cür gülünc, sərsəm bəyanatları onun Azərbaycan dövlətinin hərbi qüdrətinə, uğurlu iqtisadiyyatına olan narahatçılığından qaynaqlanır.
Ermənistanın həm prezidentinin, həm də müdafiə nazirinin səsləndirdiyi bütün məntiqsiz fikirlərə Azərbaycan dövləti öz layiqli cavabını verib və verəcək də. N.Bordyujanın fikirləri isə, dövlətimiz üçün o qədər də böyük bir əhəmiyyət kəsb etmir. N.Bordyuja dövlətimizin ünvanına qərəzli fikirlər səsləndirməkdənsə, torpaqlarımızın 20 faizinin zəbt etmiş, 1 milyondan artıq əhalisini məcburi qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur etmiş Ermənistanı sülhə, konstruktiv mövqe sərgiləməyə məcbur etməlidir.