Xızının tarixi və coğrafi mövqeyi
1990 -cı ildən rayon statusu alan 1,85 min kvadratkilometr ərazisi olan Xızının 15 min nəfərə yaxın əhalisi var. İki qəsəbədən - Xızı qəsəbəsi, Altıağac qəsəbəsi, 10 kənddən - Fındığan, Tıxlı, Qarabulaq, Baxışlı, Giləzi, Sitalçay, Şurabad, Yeni Yaşma, Ağdərə, Qasımkənd və Xələnc kəndlərindən ibarət olan Xızının coğrafi mövqeyi də zəngindir. Rayon icra hakimiyyətinlən "Səs"ə verilən məlumata görə, rayonun ərazisi şərqdən Xəzər dənizi, cənubdan Abşeron ilə həmsərhəddir. Rayonda inzibati ərazi bölgüsünə görə 29 yaşayış məntəqəsi mövcuddur. Xızı rayonu ilə Bakı arasında olan məsafə 104 km-dir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.
Tarixi abidələr məkanı
Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri - ecazkar formalı "Beşbarmaq" qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın "Beşbarmaq" adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında "Xıdırzində" ("Ölməz Xıdır") ziyarətgahı yerləşir. Azərbaycanın ən səfalı guşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək, Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər "ağac" sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.
Rayonda Dövlət Proqramı uğurla həyata keçirilir
Sözsüz ki, Xızıda aqrar sahənin inkişafını şərtləndirən əsas amillərdən biri də, son illər rayonda sağlam işgüzar mühitin formalaşmasıdır. Bu mənada, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlərin ardıcıllıqla və uğurla həyata keçirilir. Bu baxımdan, "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"na əsasən ötən il rayonun sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrində yüksək nəticələrə nail olunub.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Xızı və ətraf rayonlarda fəaliyyət göstərən 12 sahibkarlıq subyektinə 165 min manat güzəştli kredit verilibdir. Həmçinin, Xızı rayonundakı illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan "Şurabad Broyler" ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan "Şurabad Quşçuluq" MMC-də aparılan tikinti işlərinə də vəsait ayrılıb.
Giləzi-Altıağac turizm marşrutu inkişaf yollarında
Son illər respublikamızda turizm sahəsində dövlət siyasəti uğurla həyata keçirilir. Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. Bu baxımdan Giləzidən Altıağaca yolu Bakı, Sumqayıt kimi iri sənaye şəhərlərinə ən yaxın və hər cür infrastrukturu: nadir geoloji obyektləri, rahat yolu, yol boyunca mehmanxanaları və gediş-gəliş üçün nəqliyyatı olan, yerli və xarici turistlər üçün bir turizm marşrutu kimi seçilmişdir. Giləzi-Altıağac marşrutu Bakı-Siyəzən yolunun 42-ci kilometrliyindən, Giləzidən dağlara tərəf olan yolayırıcından başlayır. Yolayrıcından Xızı şəhərinə tərəf irəlilədikcə Tuğçayın sağ yamacında təbiətin yaratdığı möcüzələrdən birinə rast gəlmək mümkündür ki, bu da ağımtıl-boz rəngli bentonit tipli gillər ilə qırmızımtıl rəngli adi gillərin növbələşməsindən əmələ gəlmiş bir sənət "əsəridir". Ərazinin bəzi sahələrində tektonik hərəkətlərin təsirindən laylar sürüşmələrə məruz qalmaqla ilkin forma və yatım elementlərini dəyişmiş və müxtəlif amplitudalı fleksuraya bənzər formalar əmələ gətirmişdir. Yol boyunca diqqəti cəlb edən obyektlərdən biri də relyefi, suyu, havası, sosial-iqtisadi durumunun yeniləşməsi, inkişafı nəzərə çarpan Xızı şəhəridir. Turistlərin yolüstü dincəlmək, ədəbiyyatımızın M.Müşfiq, C.Cabbarlı kimi klassiklərini yad etməklə Xızı dağlarının seyrinə dalmaq imkanı vardır.
Rayonda sosial obyektlər və infrastrukturun müvəffəqiyyətli nəticələri
Respublikamız ikinci dəfə müstəqillik əldə etdikdən sonrakı mərhələlər, keçid dövrü Xızı rayonunun sosial-iqtisadi həyatına da özünəməxsus təsir göstərmişdir. Rayon əhalisinə bu dövrdə ən böyük hədiyyə yaxın vaxtlarda Xızı müalicə və diaqnostika mərkəzinin istifadəyə verilməsidir. Bu yaxınlarda yeni tibb mərkəzlərinin açılışı gözlənilir ki, onlardan biri də bu il ərzində Xızı müalicə və diaqnostika mərkəzinin istifadəyə verilməsidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq belə diaqnostik mərkəzlərin açılmasında məqsəd insanlara yüksək səviyyədə xidmət göstərməkdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq "Xızı" Elektrik Şəbəkəsinin rayon əhalisinə yüksək səviyyədə xidməti də müsbət nəticədir. Belə ki, bu şəbəkə hər ayı daha yüksək göstəricilərlə başa vurur. Ötən ay 7,1 milyon kilovatsaat enerji istehlak edən müəssisənin ərazisində ödənişi 82 faiz olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 59 faiz, istehlak isə 6,9 milyon kilovatsaat olub.
Göstərilən uğurlar, onu deməyə əsas verir ki, qarşıdakı müddət ərzində də Xızı rayonunda 2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər ediləcəkdir.