PDF Oxu

Sosial

  • 10

Azərbaycanın parlaq qələbəsi beynəlxalq aləmdə

Azərbaycanın parlaq qələbəsi beynəlxalq aləmdə
Ötən həftə Azərbaycan beynəlxalq arenada özünün möhtəşəm qələbələrindən birinə imza atdı. Ölkəmizi  "Eurovision" mahnı yarışmasında təmsil edən Nigar Camal və Eldar Qasımov ən yüksək göstərici əldə edərək, Avropada 1-ci oldular. Dünya mətbuatında və televiziyalarında son günlərdə ən çox müzakirə olunan məsələ də budur- Azərbaycanın Avropa 1-cisi olması.
Qərb mətbuatında dərc edilən məqalələrin böyük əksəriyyəti Azərbaycan musiqiçilərinin qələbəsinin layiqli olduğunu birmənalı olaraq qeyd edirlər. Qeyd olunur ki, qədim mədəniyyət və musiqi məkanı olan Odlar Yurdu son illərdə həm milli, həm də xarici musiqi janrlarında böyük uğurlar əldə edir.
Ukraynanın ən populyar mətbu orqanlarından biri olan "Seqodnya" qəzetinin ilk səhifəsində Eldar və Nigarın iri həcmdə şəkli dərc olunan sayında "Eurovision- 2011" müsabiqəsi haqqında yazı çap edilib. SİA-nın xəbərinə görə, Ukrayna jurnalistləri Azərbaycan təmsilçilərinin qələbəsinin gözlənilən olduğunu qeyd ediblər. Hətta Eldar və Nigarın ifa etdikləri mahnının mətninin bir hissəsinin rus dilində tərcüməsini də oxuculara təqdim ediblər.
Bununla yanaşı, qəzet Azərbaycanın qələbə qazanması ilə bağlı Rusiyada yaşayan musiqi tənqidçisi Artur Qasparyanın şərhini də dərc edib. O, Azərbaycanın 4 ildə "Eurovision" müsabiqəsinə külli miqdarda pul vəsaiti ayırdığını göstərib və hətta ötən il bu yarışmaya 10 milyon dollar xərcləndiyini söyləyib.
Yeri gəlmişkən qeyd etmək yerinə düşərdi ki, həmişə özlərinin diaspor fəaliyyətindən ağız dolusu danışan ermənilər Azərbaycanın bu parlaq qələbəsindən sonra bir müddət susmağa məcbur olacaqlar. Əslində, Ermənistanın birinci turdan yarışmadan kənarda qalmağı şişirdilmiş erməni diasporunun "aktiv" fəaliyyətindən xəbər verir. Azərbaycanın qələbəsi isə dünya azərbaycanlılarının həmrəyliyini bir daha nümayiş etdirdi.
Rusiya və erməni mətbuatı erməni müğənnisi Emminin "Eurovision" müsabiqəsinin heç yarımfinal mərhələsindən çıxa bilməməsini, Azərbaycan təmsilçilərinin isə yüksək performans göstərdiklərini yazır. 
Erməni ekspertlərinin fikrincə, ermənilərin finala çıxmamasının səbəbini Emminin pis oxumasında deyil, Ermənistanın Avropada sevilməməsində və digər səbəblərdə axtarmaq lazımdır. Müsabiqədən bir gün öncə isə Rusiyada yaşayan erməni mənşəli musiqi şərhçisi Artur Qasparyan Ermənistanın finala düşə bilməməsini faciə kimi qələmə verib.
Erməni mediasında qeyd edilir ki, Emmanın finala çıxa bilməməsi Ermənistanın ümumi inkişafı və seçilən xarici siyasət kursu ilə bağlıdır. Belə ki, Avropa artıq ağlaşma, yalvarış və daima qondarma soyqırımı tanınması və başqasının torpağını özünküləşdirmək siyasətindən bezib. Avropa Ermənistan prezidenti Serj Sarkisyanın və onun əlaltılarının qitə boyu gəzib kredit, ianə, humanitar yardımlar almaq yalvarışlarından, sonra isə aldıqlarını öz şəxsi məqsədləri üçün sərf etməsindən zinhara gəlib.
Əvəzində isə Avropa Azərbaycanla iqtisadiyyat, elm, mədəniyyət, idman, sosial-humanitar və sahələrdə əməkdaşlıq etmək istəyir. Nəhayət, Avropa çox gözəl başa düşür ki, Azərbaycanın 20 faiz torpağını işğal etməklə Ermənistan rəhbərliyi öz xalqını necə fəlakətə sürükləyib. Ermənistanın bir dövlət kimi dünya xəritəsindən silinməsi prosesi gedir.
İşğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması - zaman məsələsidir. Hər kəs başa düşür ki, münaqişə əbədi sürə bilməz və işğal əbədi deyil. Əhalisinin böyük əksəriyyətinin yoxsulluq içində yaşadığı qonşu Ermənistan xalqı bunu çox gözəl görür və başa düşür. Hər il o, daha çox anlaşmağa başlayır ki, Qarabağ münaqişəsi olmasaydı, inkişaf tamam başqa cür olardı.
Azərbaycan təmsilçilərinin böyük zəfəri ölkədə möhtəşəm təntənələrlə qeyd edilib. "Eurovision-2011" Mahnı Müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbul edib.
Dövlətimizin başçısı nümayəndələri təbrik edərək deyib: "Mən sizi ürəkdən təbrik edirəm. Siz "Eurovision" Mahnı Müsabiqəsində ölkəmizi çox ləyaqətlə təmsil etmisiniz, böyük qələbə qazanmısınız. Bu qələbə ölkəmizin qələbəsidir, sizin qələbənizdir. Bu qələbə ilə siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Yəqin bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq. Siz doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz".
Azərbaycan Prezidenti qeyd edib ki, bu müsabiqə dünyanın ən mötəbər mahnı müsabiqəsidir: "Dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə, sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır. Siz də artıq tarixdə varsınız. "Eurovision" tarixində Azərbaycan öz sözünü demişdir".
Sonra Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Eurovision-2011" Mahnı Müsabiqəsinin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi. Biz başqa sahələrdə qələbələrə öyrəşmişik. Bu sahədə isə birinci qələbədir. Bu, Azərbaycanda mədəniyyətə göstərilən qayğının, xalqımızın zəngin musiqi ənənələrinin qələbəsidir"- birinci xanım qeyd edib.
Onu da qeyd edək ki, "Eurovision"da iştirakımızın təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım olub. Azərbaycan "Eurovision" müsabiqəsində 4-cü dəfədir ki, iştirak edirdi. Əvvəlki illərdə də yaxşı nəticələr göstərilib. Ancaq builki birincilik mədəniyyət sahəsində böyük uğurumuzdur. 
Almaniyanın Düsseldorf şəhərində keçirilən "Evrovision-2011" müsabiqəsində Azərbaycan təmsilçiləri - Eldar Qasımov və Nigar Camalın qələbə qazanması, birinci pilləyə qalxaraq üçrəngli bayrağımızı ən yüksək zirvəyə ucaltmaları təkcə Azərbaycan xalqının yox, bütün türkdilli xalqların qələbəsi deməkdir. Çünki bütün türk dünyası bu möhtəşəm qələbəni bayram kimi qeyd edirlər.
Bu qələbə Azərbaycanda mədəniyyət sahəsinə, gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsi və əyani nəticəsidir. Şübhə yoxdur ki, ölkəmiz gələn illərdə belə qələbələrə daha çox şahid olacaq, həm də təkcə mədəniyyət sahəsində yox, bütün sahələrdə.

Digər xəbərlər