PDF Oxu

Sosial

  • 14

Berlində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunacaq

Berlində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunacaq

2011-ci il mayın 10-da Berlin şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və "Atatürkçü Düşüncə Dərnəyi Berlin- Brandenburq"un birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Türk Evində keçiriləcək. Tədbirdə görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan-türk əlaqələrinin yeni səviyyədə davam və inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyətdən, gördüyü işlərdən bəhs olunacaq. Tədbirdə Azərbaycan və türk diasporlarının nümayəndələri ilə yanaşı, çoxlu sayda alman ictimaiyyətinin nümayəndəsi də dəvətlidir. Tədbir Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilir.

Berlində Şuşanın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir keçiriləcək

Bazar günü, mayın 8-də Almaniya paytaxtındakı "Berlin-Bakı" qalereyasında "Şuşa: səssiz-səmirsiz şəhər" adlı tədbir keçiriləcək. Bu tədbir Azərbaycan tarixinin və mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 19-cu ildönümünə həsr edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qalereyanın icraçı direktoru doktor Ebrahim Əhrari və Almaniya Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Pattser-İsmayılova tədbirin qonaqlarını salamlayacaqdır. Potsdam Universitetinin professoru Vilfrid Fuxrman "Şuşa- mədəni irsi məhv etməyə çalışanlar" mövzusunda mühazirə ilə çıxış edəcək.
"Şuşanın dağları başı dumanlı" adlı musiqili kompozisiya səslənəcək.

Şimali Amerika Azərbaycanlı Gənclərin konfransı keçirilib

Toronto Universitetində (Kanada) Şimali Amerika Azərbaycanlı Gənclərin AYNA şəbəkəsinin birinci konfransı keçirilib. Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası və Azərbaycan-Amerika Şurası tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, Albert və Vaterloo universitetlərində təhsil alan azərbaycanlı tələbələr və Kanadanın Azərbaycan İcmasının nümayəndələri iştirak etmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə çıxış edən UofT-AzSA-nın prezidenti və AYNA şəbəkəsinin administratorlarından biri İskəndər Qədirzadə tədbirin məqsədləri barədə məlumat verib. Tədbir iştirakçıları 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransın birinci panelində Kanada Türk Federasiyasının nümayəndəsi İlke Hincer və Toronto Universiteti yanında Mərakeş Assosiasiyasının prezidenti Əbdülqadir Filaki çıxış edərək, Kanadanın Türkiyə və Mərakeş diasporlarının təcrübəsi və prioritetləri barədə məlumat verərək, Azərbaycan icması ilə əməkdaşlığı möhkəmlətməyin zəruri olmasını qeyd ediblər.
Konfransda əsas məruzə ilə Kanadanın tanınmış jurnalisti, "Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan, Azərbaycan" kitabının müəllifi Skott Teylor çıxış edib. O, Ermənistan-Azərbaycan münaqişəsi regionuna səfərləri barədə məlumat verib, öz kitabı əsasında hazırlanmış sənədli filmi nümayiş etdirib. S.Teylor Türkiyəyə və Azərbaycana münasibətdə, eləcə də, regional münaqişələrin qurbanlarına münasibətdə ikili standartlar siyasətini tənqid edib. Tədbirdə Skott Teylorun başqa əsərləri, o cümlədən, onun İraq türkmənlərinin həyatından bəhs edən kitabı da təqdim edilib.
Tədbirdə qeyd olunub ki, AYNA şəbəkəsi ABŞ və Kanada universitetlərində silsilə tədbirləri davam etdirməyi planlaşdırır.

Digər xəbərlər